ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 4-də nazir Elmar Məmmədyarov Polşanın xarici işlər nazirinin müavini Anjey Kremer ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında uğurla inkişaf edən münasibətlərin daha da intensivləşdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyi vurğulanmışdır. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusən qeyri-neft sektorunda əməkdaşlığın perspektivləri nəzərdən keçirilmiş, hökumətlərarası iqtisadi komissiyanın işinin daha da sürətləndirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.
Bundan əlavə, Azərbaycan ilə Polşa arasında mədəniyyət və təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün gənc mədəniyyət xadimlərinin, diplomatların təcrübə mübadiləsinin davam etdirilməsi, həmçinin iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlığın həyata keçirilməsinin məqsədəmüvafiqliyi vurğulanmışdır.
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünün irəli sürülməsində Polşanın xüsusi rolu olduğunu qeyd edən nazir E.Məmmədyarov bu proqram çərçivəsində əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağına inandığını bildirmişdir.
E.Məmmədyarov, həmçinin Azərbaycanın qarşılıqlı investisiyaların artırılmasında, iş adamları üçün əlverişli biznes mühitinin yaradılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır.
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini və bu səbəbdən də bu ölkənin bir sıra irimiqyaslı regional layihələrdən kənarda qaldığını qeyd edən nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdır.
Görüşdə beynəlxalq əhəmiyyətli, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.