Ətraf mühiti çirkləndirməyə görə 55950 manat cərimə tətbiq olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi xidməti ərazidə Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su mühitinin, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində fəaliyyət göstərir. İl ərzində şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb və bir sıra qanun pozuntuları aşkar edilib.
Nazirliyin məlumatına əsasən, aparılan araşdırmalar nəticəsində Sumqayıt inzibati rayonunun "Yaşıl dərə" massivində, eləcə də, 2-ci və 6-cı mikrorayonlarda yaşköküstə ağacların kəsilməsi faktları aşkar edilib, faktlarla bağlı 10 nəfər cavabdeh şəxsə 720,99 man məbləğində iddia və 5582 man məbləğində cərimə tətbiq edilib. "Yaşıl dərə" massivində torpaq sahəsinin zəbti və çoxsaylı ağac kəsilməsi faktı üzrə tərtib edilmiş sənədlər tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Floranın mühafizəsi sahəsində 22 akt və 10 protokol tərtib edilib, cavabdeh şəxslərə 911 man 47 qəp məbləğində iddia, 10 cavabdeh şəxsə isə 7397 man 50 qəp məbləğində cərimə tətbiq edilib.
Sumqayıt, Abşeron və Xızı rayonları ərazisində qanunsuz qum və çınqıl daşınması faktları üzrə il ərzində 12 akt və 4 protokol tərtib olunub, 6 nəfər 5580 man məbləğində inzibati qaydada cərimələnib, 3560,50 man məbləğində 14 iddia qaldırılıb, icra üçün 8 məcburi göstəriş verilib, 3 iş isə məhkəmə orqanlarına göndərilib. Nazirlər Kabinetinin 3.13.92-ci il tarixli 122 saylı qərarına müvafiq olaraq atmosferin çirkləndirdiklərinə görə ayrı-ayrı müəssisələrə 55950 man 25 qəp iddia və 38105 man 62 qəp ödəmə tətbiq olunub.
Atmosferin çirklənməsinə görə 78 məcburi göstəriş verilib, 10 vəzifəli şəxs 49225 man məbləğində cərimələnib, 2 iş isə tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə göndərilib.
2008-ci il ərzində məişət-çirkab axıntı suları üzərində mütəmadi müşahidə və analitik nəzarət həyata keçirilib, aparılan araşdırma, monitorinq və reydlər nəticəsində su hövzələrindən 1048 nümunə götürülərək təhlil edilib. Bu sahə üzrə 10 akt və protokol tərtib olunub, 3 cavabdeh şəxs 20350 man məbləğində inzibati qaydada cərimələnib. Su hövzəsinin çirklənməsi müqabilində ayrı-ayrı müəssisələrə 180789 man 30 qəp məbləğində iddia və 18789 man 60 qəp məbləğində ödəmə tətbiq edilib, icra üçün 7 məcburi göstəriş verilib.