PDF Oxu

Əsas

  • 5

"Vremya novosti": "Azərbaycan özünün maraqları əsasında enerji strategiyası hazırlayıb"

"Vremya novosti": "Azərbaycan özünün maraqları əsasında enerji strategiyası hazırlayıb"
Prezident İlham Əliyevin də iştirak etdiyi "Nabucco" qaz kəmərinə həsr olunmuş Budapeşt sammitinin nəticələri ilə bağlı xarici kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə Azərbaycanla bağlı bəzi nüanslar öz əksini tapmaqdadır. Qeyd edək ki, zirvə görüşündə Azərbaycanın dövlət başçısı səviyyəsində təmsil olunmasını xarici ekspertlər rəsmi Bakının bu layihəyə verdiyi yüksək dəyər kimi qiymətləndirirlər.

Bolqarıstanın "Nyu-Tres" qəzetində yazırlar ki, "Təbii qaz ehtiyacları baxımından 25 faiz həcmində Rusiya qazından asılı olan Avropa Birliyi ölkələri, bu asılılığı aradan qaldırmaq üçün "Nabucco" layihəsinin reallaşmasını tezləşdirmək üzərində düşünürlər. Qəzet xatırladır ki, Avropa ölkələrinin Rusiyadan qaz asılılığını aradan qaldırmaq üçün "Nabucco" layihəsi 2006-cı ilin iyununda Vyanada imzalanıb. Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyanın da iştirak etdiyi layihə tezliklə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Avstriyaya qədər uzadılmasını nəzərdə tutur. Avropa Birliyinin İnvestisiya Bankı layihənin 20-30 faizini maliyyələşdirməyə hazır olduğunu bəyan edib. Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporosiyası da layihənin maliyyələşdirilməsində iştirak etməyə razılıq verib.

Fransanın "Liberasion" qəzeti isə "Qazprom"un "Nabucco" layihəsini sıradan çıxarmaq istədiyini yazır. Sadəcə olaraq, Rusiyanın təşəbbüskarı olduğu layihədə əsas paylayıcı ölkə Macarıstan, "Nabucco" layihəsində isə Avstriya olacaq. Qəzetdə, həmçinin, qeyd edirlir ki, "Nabucco" reallaşmasında Azərbaycan qazı ilkin dövr üçün yetərlidir. Qeyd edək ki, ABŞ-ın SNBS telekanalına müsahibəsində də Prezident İlham Əliyev ölkəmizin "Nabucco" layihəsinin əsas tərəfdaşlarından biri olduğunu vurğulamışdır: "Bizim nəhəng enerji ehtiyatlarımız var. Qaz ehtiyatlarımız bizə ən azı yüz il kifayət edəcək. Artıq müasir nəqliyyat infrastrukturumuz var, təchizat marşrutlarımızı şaxələndirmişik. Şaxələndirmə təkcə istehlakçılar üçün yox, eyni zamanda, təchizatçılar üçün də əhəmiyyətlidir. Düzdür, indiki böhran zamanı istehlakçıların problemi diqqət mərkəzində olub, lakin təchizatçı ölkə kimi Azərbaycana da etibarlı və təhlükəsiz nəql marşrutları gərəkdir. Müxtəlif istiqamətlərdə boru kəmərləri inşa etməklə biz bu məqsədə nail oluruq. Bu gün söhbət Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün lazım olan əlavə həcmlərdən gedir. Bunun üçün Azərbaycanın imkanları var. Biz Türkiyə-Yunanıstan-İtaliya, "Nabucco", Transadriatik boru kəmərləri kimi layihələrin müzakirələrində iştirak edirik. Ölkəmizdə bu vaxta kimi görülmüş işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Həyata keçirdiyimiz layihələrin heç biri böhran zamanı sual altına alınmadı".

Həmçinin, "Nabucco" layihəsinin perspektivinə toxunan dövlət başçısı Azərbaycanın yeni layihələrdə iştirak etməkdə maraqlı olduğunu, mövcud kəmərlərin nəqletmə qabiliyyətinin ölkənin enerji ehtiyatlarının ixrac potensialına tam cavab vermədiyini bildirib: "Biz bu gün hasil etdiyimiz qazdan, ola bilsin ki, iki dəfə artıq hasil edək. Bu il Azərbaycanda qaz hasilatı 20 mlrd kub m-dən artıq olacaq. İxracımız, hələlik, regional bazarla məhdudlaşır. Beləliklə, "Nabucco" və ya bu kimi layihələr şaxələndirmə və uzunmüddətli etibarlı təchizat mexanizmlərinə malik olmaq üçün imkan yaradır".

Bir sıra ekspertlər isə hesab edirlər ki, Qərblə Rusiya arasında enerji savaşının yeni mərhələsi, deyəsən, ikincinin qələbəsi ilə başa çatacaq. Çünki Rusiya bir-birinin ardınca gözlənilməz təşəbbüslərlə çıxış edərək ABŞ və AB-nin irəli sürdüyü "Nabucco" qaz kəməri layihəsinin perspektivlərini ciddi şübhə altına alıb. Bundan əvvəl Avropanın qaz bazarlarında inhisarçı mövqeyi olan "Qazprom" şirkəti layihəni əngəlləmək üçün, "Nabucco" nun əsas qaz təminatçılarından biri kimi nəzərdən keçirilən Azərbaycana gözlənilməz təklif verərək, ölkənin bütün ixrac qazını bazar qiymətlərinə almağa hazır olduğunu bildirib. Bundan əlavə, "Qazprom" türkmən qazı üzərində də nəzarəti saxlamağa çalışır və bu yöndə intensiv diplomatiya yürüdür. Rusiyanın enerji çevrələrində sensasiya kimi qarşılanan ən son addımı isə "Nabucco"nun operatoru olan Avstriyanın dövlət neft-qaz şirkəti OMV-ni layihədən qoparması olub.

Bu və digər mülahizələrlə çıxış edən "Vremya novosti" qəzetinin yazdığına görə, OMV şirkəti Rusiyanın Avropaya mavi yanacaq nəql etmək üçün əsas marşrutlarından biri olacaq "Cənubi axın" layihəsinə qoşulmağın bir addımlığındadır. Özü də adi statusda yox, təqribən 10-12 mlrd dol-a başa gələcək layihənin operatoru qismində. Qəzet də daha sonra yazılır: "Azərbaycan özünün maraqları əsasında enerji strategiyası hazırlayıb və onun əsasında hərəkət edir. Bu, enerji ehtiyatlarının alternativ marşrutlarla Qərb bazarlarına çıxarılmasıdır. İndiki halda "Nabucco" da iştirak Azərbaycan üçün yaxşı tranzit imkanları deməkdir, digər tərəfdən, rəsmi Bakı layihəyə dəstək verməklə ABŞ və Avropanın siyasi dəstəyini təmin edir, onların nəzərində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas oyunçulardan birinə çevrilir. Hansı ki, son günlərədək Azərbaycan alternativ marşrutların həyata keçirilməsi istiqamətində fəal səy göstərir".

Digər xəbərlər