Azərbaycanın iqtisadiyyatı möhkəm təməllərə söykənir
Artıq cəmiyyətin böyük maraqla izlədiyi "Səs" qəzetinin müxtəlif mövzuları əhatə edən və mütəmadi olaraq ölkəmizin aparıcı mütəxəssisləri, millət vəkilləri, ekspertlərinin iştirakı ilə keçirdiyi dəyirmi masanın budəfəki mövzusu dünyada baş verən maliyyə böhranı və onun Azərbaycana təsiri ilə bağlı oldu. Dəyirmi masada "Səs" qəzetinin baş redaktoru və Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, millət vəkili Vahid Əhmədov, iqtisadçı Əli Əlirzayev, millət vəkili Hadı Rəcəbli, iqtisadçı-ekspert Vüsal Qasımlı, millət vəkili Xanhüseyn Kazımlı, iqtisadçı ekspert Cümşüd Nuriyev, İqtisad Universitetinin bank işi kafedrasının müəllimi, iqtisad elmləri doktoru Elnur Sadıqov, YAP Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynov, QHT İdarə Heyətinin üzvü, Kür-Xəzər İctimai Birliyinin sədri Akif Kərimov, iqtisadçı-ekspert Vüqar Bayramov iştirak edirdilər.
Bəhruz Quliyev:
- "Səs" qəzeti mütəmadi olaraq dəyirmi masalar keçirir, hətta prezident seçkiləri ərəfəsində "Regionların inkişafı, uğurlar və perspektivlər" mövzusunda dəyirmi masalar keçirtdi. Əminəm ki, keçirdiyimiz dəyirmi masalar cəmiyyətimizdə çox gözəl qarşılanır. Ən aktual mövzuları müzakirə mövzusuna çıxara bilirik. Bugünkü dəyirmi masamız beynəlxalq maliyyə böhranının Azərbaycana təsiri və bu sahədə görülən işləri əhatə edir. Ümumiyyətlə, ictimaiyyət üçün çox maraqlıdır ki, hazırda beynəlxalq aləmdə böhranla bağlı vəziyyət necədir? Konkret olaraq maliyyə böhranını Azərbaycan necə qarşılayır və anti-inflyasiya anti-böhran tədbirləri necə gedir? İstərdik ki, məhz bu prinsiplər burada iştirak edən ekspertlər tərəfindən bir daha nəzərdən keçirilsin.
Hadı Rəcəbli:
- İlk növbədə, "Səs" qəzetinin bu təşəbbüsünü alqışlayıram. Vaxtaşırı belə tədbirlərin keçirilməsi çox önəmlidir. Bu qəzet sözün tam mənasında, partiyamızın apardığı strateji xəttə xidmət edir. Onun da Sədri Prezidentimiz cənab İlham Əliyevdir. Bu baxımdan, kollektivi bir daha alqışlayıram. Partiya ilə bir yerdə olan, fəaliyyət göstərən qəzet güclü qəzetdir.
Dəyirmi masada ölkəmizin güclü iqtisadçıları iştirak edirlər. Bütün iqtisadi böhranların son nəticəsi öz əksini əhaliyə münasibətdə tapır. Yəni, sosial-siyasət bütövlükdə elə hesab edək ki, fabrikdə iş qurum məsələsidir, səbəb nəticədir və nəticə olaraq bütün bu məsələlər xalqın güzəranında özünü büruzə verir. Bu baxımdan, böhranlar bir neçə səbəbdən qorxuludur. Birinci səbəb odur ki, istehsalın məhdudlaşması və iş yerlərinin azad olması, eyni zamanda, insanların işsiz qalması. Böhranın ən fəlakətli, ən dəhşətli görüntüsü budur. Bunun ilk simptomları artıq dünyanın bir neçə ölkəsində özünü göstərib. Rusiyada bəzi təsirlər görünməkdədir. Çinin özündə böyük iş yerlərinin boşalması məsələsi ciddi problem kimi ortaya çıxıb.
Bu gün ən önəmli, ən ciddi vəzifələrdən biri odur ki, bütün yolları arayıb ölkə başçısının son beş ildə apardığı çox ciddi, cəsarətli siyasəti nəticəsində yeni iş yerlərinin yaranması və tendensiyanın bu beşillikdə davam etməsi çağırışını qorxu altına qoymaqdan çəkinmək. Bütün iqtisadi fəaliyyət, maliyyə rıçaqları buna yönəlməlidir ki, Azərbaycanda iş yerləri boşalmasın. Hesab edirəm ki, böhran ölkəmiz üçün, bu baxımdan, narahatlıq doğurur. Bütövlükdə, dünyada gedən proseslər Azərbaycandan yan keçə bilməz. Çünki ölkəmiz dünyaya inteqrasiya edib. Amma buna baxmayaraq, Azərbaycan o ciddi kataklizmlərdən bir az uzaqdır. Yəni, Azərbaycanda fəlakətli sindromlar bu gün hələ ilkin baxışdan görünmür. Lakin sonradan ola bilər ki, bunun fəsadları Azərbaycandan da yan keçməsin. Bu gün dünyada bir sıra proqnozlar səslənib, bu, ola bilər ki, Azərbaycanı da hansısa bir səviyyədə ötsün. Bu böhranın son nəticəsi əhalinin güzəranında sosial-siyasətin mahiyyətində özünü göstərə bilər. Bu da çox qorxulu tendensiyadır. Bunun qarşısını almaq lazımdır.
Bəhruz Quliyev:
- Dünya bu böhrandan əziyyət çəkir, amma Azərbaycan buna necə hazırlaşır və dövlət tərəfindən hansı tədbirlər görülür?
Vahid Əhmədov:
- Ümumiyyətlə, belə qlobal maliyyə böhranı 40-50 ildən bir baş verir. 1938-ci illərdə belə bir böhran olmuşdur ki, o da II Dünya müharibəsinə gətirib çıxarmışdı. Bu böhranın nə qədər çəkməsi sual altındadır. Bir şey aydındır ki, 2009-cu ilin axırına qədər bu böhran davam edəcək və daha da dərinləşəcək. Azərbaycan dövləti olaraq, əlbəttə, bu böhranın təsirləri olacaq və bu, artıq hiss olunmaqdadır. Bank sistemində, digər özəl və dövlət müəssisələrində hiss olunur, işsizlərin sayı artır. Dövlət bir sıra qabaqlayıcı tədbirlər görür. Yəni, bankda faiz dərəcəsi hardasa 15 faizdən 8 faizə, sonra 5 faizə endirildi. Bankların iş prosesini təmin etmək üçün müəyyən işlər görürlər. Ümumi götürəndə Azərbaycanda iki ciddi məsələdə problem yaranıb. Birinci, işsizlik problemidir ki, bu, davam etsə, ölkəmizdə işsizlər ordusunun sayı artacaq, ikinci ən ciddi problem ölkədə bank sistemini qoruyub saxlamaq. Əgər bu gün Azərbaycanda bank sitemini bügünkü səviyyədə qoruyub-saxlaya bilsək, bu böhrandan müəyyən qədər çıxa biləcəyik.
Xanhüseyn Kazımlı:
- Dünyada maliyyə böhranı insanların narahatçılığına səbəb olub. Fəaliyyətimizin son nəticəsi insanların güzəranı, onların sosial problemlərinin həlli və onun rifahının yaxşılaşdırılması ilə əlaqədardır. Ulu öndərimiz demişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Amma dünyada gedən iqtisadi, böhran şübhəsiz ki, bizim sosial sferada özünü göstərəcək. Bu istiqamətdə insanların istehlak sferası iki yerə bölünür: zəruri və nisbətən qeyri-zəruri. Ola bilər ki, çörək strateji məhsul kimi zəruridir. Zinət əşyası, ev üçün mebellərin dəyişməsi o qədər zəruri deyil. Bunların hamısı insanların rifahı ilə bağlı məsələlərdir. Əgər bütün dünyada 52 trilyon dol həcmində xarici borc varsa, onun 12 trilyonu ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın və s. ölkələrin payına düşürsə, bu, bir daha göstərir ki, iqtisadi cəhətdən dünyada bütün istiqamətlərdə lokomativ sayılan dövlətlərdə belə bir vəziyyətin olması, yaxud onun dalğası az və ya çox vuracaq. Bu da istər-istəməz onun iqtisadiyyatına, sosial problemlərinə təsir edəcək.
Akif Kərimov:
- Ölkə başçısı Nazirlər Kabinetinin iclasında qeyd etdi ki, böyük zavodlara subsidiyalar ayrılsın, dotasyalar verilsin. Bu, mütləq lazımdır. İstehsal sahələrimiz var. Məsələn, kimya sahəsinin zavodlarının istehsal etdiyi məsulların 90 faizdən artığı xaricdə ixrac olunur. Mütləq bunlar lazımdır. Zavodlara dotasiyanı təşkil etmək lazımdır. Bizim özümüzün fondumuz var və bundan mütləq istifadə etmək lazımdır. İkincisi, Vahid müəllim qeyd etdi ki, banklarda faizlər aşağı salınıb. Bu faizlər indiyə qədər götürülən kreditlərə, yoxsa sonrakına aiddir? Yəni, bankların milliləşdirilmiş Milli Bank forumu olmalıdır və onlara mütləq diqtə etmək lazımdır. Biri faizi azaldır, biri azaltmır. Belə hallara qarşı çox diqqət göstərilməlidir.
Cümşüd Nuriyev:
- Azərbaycan maliyyə böhranının birinci fazasındadır. İstəsək də, istəməsək də. Azərbaycan birinci fazada inkişaf tempi 2007-ci il və 2008-ci illərin müqayisəsində nisbətən iki dəfə aşağı düşüb. Azərbaycanı ikinci, üçüncü, dördüncü fazalardan qorumaq hələ gec deyil. Ölkəmizdə indiyə qədər yerli və xarici sərmayələr nisbətində balans pozulmayıb. Hazırda ölkəmizin borcları ilə rezervləri birin altı nisbətindədir. Yəni, Azərbaycanı hazırda dövlət kimi imkanları var ki, bu birin altı nisbəti arasında hərəkət etsin. Ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi prosesi, eyni zamanda, inflyasiya getmir. İqtisadiyyatda bu mümkün olan bir şey deyil. Əgər iqtisadiyyatda infliyasiya getmirsə, Milli Bank pul-kredit siyasətilə monetar siyasət manatın məzənnəsini saxlaya bilirsə, defliyasiya getməlidir. Deflyasiya dövləti böhrandan qurtarmağın bir mərhələsidir. Buna görə, Azərbaycanda təcili surətdə yeni pul-kredit siyasəti qəbul edilməlidir. İkincisi, bu prosesdə böhrana qarşı maliyyə proqramı olmalıdır. Çünki bizdə hazırkı mövcud maliyyə sistemi, maliyyə siyasətilə beynəlxalq böhran arasında təzad var. Əgər bizdə manatın deflyasiyası yoxdursa, manat qorunusa, nədən qiymətlər enmir?
Vahid Əhmədov:
- Azərbaycanda deflyasiya ilin axırında başa çatıb. Yanvar ayında biz bunu hiss etmədik. Ölkənin ixracına baxsaq, ixracın 98 faizi neft və qeyri-neft məhsullarıdır. İxracın 98 faizi neft, neft məhsullarıdırsa, qeyri-neft sektorundan ixrac yoxdursa, bu, artıq böyük sual doğurur.
Vüsal Qasımlı:
- Qlobal maliyyə böhranının Azərbaycana təsiri ilə bağlı paradoksal fikirlər söyləyəcəm. Mənim fikrimcə, bu, Azərbaycana Allah-Taala tərəfindən verilmiş bir şansdır. Azərbaycan bu şansdan istifadə edəcək və iqtisadiyyatını daha rəqabətə davamlı şəkildə inkişaf etdirə biləcək. Bazar iqtisadiyyatı 4 fazadan ibarətdir: böhran, depressiya, canlanma və inkişaf. Azərbaycan indiki halda inkişaf mərhələsindədir. Sadəcə, inkişaf mərhələsində olduğumuz ərəfədə ABŞ, Avropa və Yaponiya böhran mərhəlisinə düşdü. Yəni, biz bazar iqtisadiyyatının inkişafı nöqteyi-nəzərindən fərqli-fərqli fazalardayıq. Biz inkişafdayıq, onlar böhranda. İkinci ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının 38 mlrd man-lıq ÜDM-ni götürüb ölkənin valyuta rezevlərinə - 8 mlrd-da bölsək, görərik ki, bizim təhlükəsizlik yastığımız Avropa, Yaponiya və ABŞ-ın təhlükəsizlik yastığından çox qalındır. Bu, bizə imkan verəcək ki, Prezidentin son müşavirəsində dediyi kimi, real sektora pul göndərməliyik. İqtisadi əsaslar və siyasi iradə imkan verəcək ki, yaxın vaxtlarda biz neft pullarını ölkəmizə gətirib, banklara yerləşdirib, buradan real sektora yönəldib, real iqtisadiyyatı inkişaf etdirək.
Əli Əlirzayev:
- "Səs" qəzetinə minnətdaram ki, belə bir aktual problemin müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirir. Artıq Azərbaycanda böhranın olduğuna hamı inanır. Bir-iki ay bundan qabaq deyirdilər ki, Azərbaycanda böhran yoxdur. Böhran var, ölkəmizə təsiri də var, ola bilsin, azdır. Vahid müəllimin dediyi kimi, müəyyən nüanslar var. Amma bunlar düzələcək. Bu böhranın təsirini azaltmaq, tənzimləmək üçün neyləmək lazımdır? Neftin qiymətinin düşməsi və digər problemlər böhrana gətirib çıxarıb. Birinci, qlobal siyasət yeritmək lazımdır. İkinicisi isə, lokal, yəni ayrı-ayrı məsələlər, kənd təsərrüfatı, tikinti sahəsidir. Böhranın ayrı-ayrı təzahürləri var. Qlobal siyasət nədən ibarətdir? Birinci növbədə, dövlət antiinfliyasiya proqramı olduğundan, anti-böhran proqramı da hazırlanmalıdır. Proqramda proqnozlar verilməlidir ki, bunun hansı təzahürləri ola bilər. Danışıqla yox, konkret rəqəmlərlə. Bilməliyik ki, nə qədər iş yerləri, nə qədər ÜDM azalacaq. Ona görə də, Milli Məclis may ayına qədər dövlət büdcəsinə yenidən baxmalıdır.
Aydın Hüseynov:
- Burada qeyd olundu ki, Azərbaycan beynəlxalq iqtisadi böhranın birinci mərhələsinə qədəm qoyub. Gəlin bunu belə təhlil edək və burada psixoloji məqamları da, reallıqları da nəzərə alaq. Birinci növbədə, biz baxaq və qiymətləndirə bilək ki, Azərbaycan bu böhranın hansı səviyyəsindədir və keyfiyyətlərə, parametrlərə görə böhranı deyək. Büdcə gəlirlərinə, ÜDM-ə, konkret olaraq makroiqtisadi göstəricilərə hansı təsiri göstərib və böhranın özü nə ilə ölçülür? Hansı ölkədə başlayıb, hansı ölkələrdə təsiri nədən ibarətdir? Bu ölkədə böhran başlayıbsa, hansı təsiri göstərib? Əgər büdcə gəlirlərinin və yaxud da makroiqtisadi göstəricilərin aşağı düşməsi ayrı göstəricidir, böhran isə ayrı amildir. Burada böhranda kəskin özünügöstərmə faktları var. Əgər bu, mətbuata gedirsə, oxucu gütlələrinə çatdırılırsa, biz psixoloji məqamı önə çəkməliyik. Bu tərzdə deməliyik ki, Azərbaycanda çox ciddi böhran var, bunun özünü qəbul etmək bu şəkildə düzgün deyil. Müəyyənləşdirək görək, doğrudan da, Avropa ölkələrində maliyyə böhranı baş veribmi? Maliyyə böhranı ümumi halda deyilir, ancaq özünü harada göstərdiyi haqda şərh verilmir.
Elnur Sadıqov:
- Biz ümumi maliyyə problemlərindən danışırıq. Ancaq nədənsə bir şeyi yaddan çıxarırıq ki, bu böhranın yaranmasının səbəbləri nədir? Birinci növbədə, 2008-ci ildə ABŞ-ın Fond Bazarında ippoteka qiymətli kağızları üçün qoyulan girovların yenidən qiymətləndirilməsinə nəzər salaq. Nəticə etibarilə, birinci mərhələ Fond Bazarına, ikinci mərhələ bank sisteminə, üçüncü mərhələ müxtəlif kommersiya qurumlarına. ABŞ-da ippoteka qiymətli kağızlarını qoruyan həmin girovların yenidən qiymətləndirilməsi onu göstərdi ki, bu girovların qaytarılmasında, yenidən qiymətləndirmədə dəyərlərin maliyyə formasında həmin qiymətə bərpa olunması qeyri-mümkündür? Bu, qarşı tərəflərin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Eyni zamanda, ipoteka bazarından başlayan maliyyə bazarı tədricən bu problemlərə, bir də onları maliyyələşdirən banklara, daha doğrusu, onlarda girov qoyan qiymətli bank kağızlarına gətirib çıxartdı.
Vüqar Bayramov:
- Nə üçün biz qlobal maliyyə böhranının Azərbaycana təsirlərini proqnozlaşdırırıq. Əvvəla, ona görə ki, qlobal maliyyə böhranı başlandığı dövrdə Azərbaycan kommersiya bankları kütləvi kredit verilməsini dayandırdı. Bu gün ölkənin artan sektorunda, bütövlükdə kapitalın strukturuna baxsaq, Azərbaycanın bank sektorunun 70-80 faizini məhz kreditlərin verilməsinə görə əldə olunan gəlirlər təşkil edir. Qlobal maliyyə böhranı başlananda bank kapitalının strukturunda nəqd vəsaitlərin sayı 4 faiz idi. Eyni zamanda, investisiya qoyuluşlarından əldə etdikləri vəsaitin həcmi 2008-ci ilin avqust ayında 2007-ci ilin avqust ayı üçün 9 faizdən 7 faizə qədər azalmışdır.
(Ardı var)