Mərkəzi Seçki Komissiyasının növbəti iclası oldu
Dünən Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında martın 18-də keçiriləcək referendumla bağlı daha bir təşviqat qrupunun qeydə alınması məsələ müzakirə edildi. MSK-nın katibi Natiq Məmmədov "Hüquq və Demokratiya" təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınması məsələsi ilə bağlı məlumat verib. MSK katibi N.Məmmədov bildirib ki, təşəbbüs qrupu 42 min 450 seçici imzası toplayıb. İşçi qrupunun yoxlamaları nəticəsində 40 min 759 imza etibarlı, 1691 isə etibarsız sayılıb. İmzaların etibarsız sayılmasına səbəb məlumatların düzgün qeyd olunmaması, bir şəxs tərəfindən bir neçə imzanın atılması, seçki hüququ olmayan vətəndaşların imza atması olub.
N.Məmmədov qrupun qeydə alınması üçün hüquqi əsasların olduğunu bildirib. MSK üzvləri təşviqat qrupunun qeydə alınmasına yekdilliklə səs veriblər.
İclasda, həmçinin, bir sıra seçki dairələrinin Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.