Milli Məclisin komissiya iclasları keçirilib
Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, Sosial siyasət və İnsan hüquqları daimi komissiyalarının birgə iclası keçirildi. Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirdi ki, gündəliyə "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"nin ikinci oxunuşda müzakirəsi daxil edilib. Məcəllə ölkədə vətəndaşların mənzil problemlərinin həllini asanlaşdıracaq, dövlətin, bələdiyyələrin və özəl sektorun bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcəkdir. Komissiyaların birgə iclasının keçirilməsinin əsas məqsədi vətəndaşların hüquqlarını müdafiə edəcək yekdil sənəd hazırlamaqdır. Qeyd olundu ki, sənədin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra 100-dən çox maddəsinə əlavələr və dəyişikliklər edilmiş, əsaslı surətdə təkmilləşdirilmişdir.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov sənədlə bağlı ətraflı məlumat verdi. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflərin böyük əksəriyyətinin işçi qrupu tərəfindən nəzərə alındığını, bu sahə ilə əlaqədar beynəlxalq təcrübənin öyrənildiyini vurğuladı. Əsas məqsəd vətəndaşların Konstitusiyada təsbit olunmuş mənzil və mülkiyyət hüquqlarının Məcəllədə də əksini tapmasıdır ki, buna da nail olunub.
Səkkiz bölmə, 147 maddədən ibarət olan Məcəllədə mənzil qanunvericliyinin, mənzil hüquqlarının əsasları, bu hüquqların qorunması, mənzil münasibətləri sahəsində dövlətin, bələdiyyələrin vəzifələri, mənzil hüquqlarının obyektləri, habelə, mənzil fondu, yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları, yaşayış sahəsindən istifadə, dövlət qeydiyyatı və digər müddəalar əksini tapmışdır.
İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlar, eləcə də, iclasa dəvət olunmuş mütəxəssislər sənədlə bağlı rəy və təkliflərini bildirdilər.
İclasın sonunda Mənzil Məcəlləsinin ikinci oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılması qərar alındı.
Dünən parlamentin İqtisadi siyasət daimi komissiyasının iclasında komissiyanın sədri Ziyad Səmədzadə bildirdi ki, deputatların və mütəxəssislərin müzakirəsinə "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihəsi təqdim edilir.
Sənəd barəsində ətraflı məlumat verən komissiya sədri qeyd etdi ki, qanun layihəsi birinci oxunuşda müzakirə edildikdən sonra əsaslı surətdə təkmilləşdirilib və bütün beynəlxalq standartlara cavab verir. Bildirildi ki, bu qanun Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirəcəkdir.
Komissiya sədrinin müavini Çingiz Əsədullayev, komissiya üzvləri Əli Məsimli, Rüfət Quliyev çıxış edərək xüsusi iqtisadi zonaların istehsalın səmərəliliyi, ölkənin istehsal gücünün və ixrac potensialının yüksəldilməsi, idxal məhsullarını əvəz edə biləcək əmtəələrin istehsalının genişləndirilməsi, maliyyə və xidmət bazarlarının inkişafı, yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması məsələlərinin əhəmiyyətindən söz açdılar.
Deputatların və dəvət olunmuş mütəxəssislərin təklifləri nəzərə alınmaqla, sənədin ikinci oxunuş üçün Milli Məclisin müzakirəsinə verilməsi məqsədəuyğun hesab edildi.