PDF Oxu

Əsas

  • 9

İlham Əliyev: “Azərbaycanda sərmayə mühiti çox müsbətdir”

İlham Əliyev: “Azərbaycanda sərmayə mühiti çox müsbətdir”
Xəbər verdiyimiz kimi, yanvarın 30-da İsveçrənin Davos şəhərinin "Konqress" mərkəzində Azərbaycan üzrə qarşılıqlı biznes əlaqələri qrupunun forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmişdir. Beynəlxalq işgüzar dairələrin nümayəndələrinin iştirak etdiyi görüşü Dünya İqtisadi Forumunun Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Stefan Kinnok açaraq dedi:

- Xanımlar və cənablar, bu gün hamınızı burada görməkdən olduqca məmnunuq. Davosda Dünya İqtisadi Forumuna xoş gəlmisiniz. Mən Dünya İqtisadi Forumunun Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Stefan Kinnokam. Bu gün görüşümüzdə Prezident İlham Əliyevin iştirakından çox məmnunuq. Forum uzun müddət ərzində Prezident Əliyevlə uğurla əməkdaşlıq edib və ümidvarıq ki, bu münasibətlər belə də davam edəcəkdir. Qarşılıqlı biznes əlaqələri qrupunun məqsədi dəvət olunmuş ölkələrdə iqtisadi vəziyyət barədə məlumatı birbaşa əsas mənbədən almaq və işgüzar dairələri maraqlandıran sualları hökumət rəsmilərinə və biznes sektorunun tanınmış şəxslərinə vermək, narahatlıq doğuran məsələləri onlarla araşdırmaq və nəhayət, biznes əlaqələri baxımından gələcək işlər ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir. Beləliklə, bu görüşün çərçivəsi söylədiyim mövzular ətrafında olacaqdır. İndi isə, çıxış üçün sözü Prezident Əliyevə vermək istəyirəm.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Çox sağ olun.

Hörmətli xanımlar və cənablar!

Sizi görməyimə çox şadam. Hesab edirəm ki, bugünkü görüş ölkəmizin hazırkı inkişafını daha yaxşı anladacaqdır. Ölkəmiz dövlətin planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçidlə xarakterizə olunan böyük dəyişikliklər yolunu keçmişdir. İyirmi ilə yaxındır ki, ölkəmiz müstəqil dövlətdir. Bu müddət ərzində qarşımızda qoyduğumuz bütün məqsədlərə nail ola bildik. Bu gün iqtisadiyyatımız özünü təmin edir. Ümumi daxili məhsulun artımına gəldikdə, Azərbaycan son dörd il ərzində ardıcıl şəkildə dünyanın ən sürətlə inkişaf edən ölkəsi olubdur. 2003-2008-ci illər ərzində ÜDM 2,6 dəfə artmışdır. Təbii ki, bu, çox böyük göstəricidir və planlaşdırdığımız bütün islahatları həyata keçirməyə imkan yaradır. Biz bazar iqtisadiyyatı prinsiplərinə qəti surətdə sadiqik.

Sizə məlumat vermək istərdim ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini qazandığı zaman iqtisadiyyatımızın özəl sektoru sıfır səviyyəsində idi. İndi isə, iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür. Sürətli iqtisadi inkişaf, böyük infrastruktur, enerji və nəqletmə layihələrinin həyata keçirilməsi regionda yeni vəziyyət yaratmışdır. Coğrafi mövqeyimiz olduqca əlverişlidir. Lakin davamlı nəqletmə marşrutları olmadan coğrafiya böyük məna kəsb etmir. Coğrafi mövqeyimizdən istifadə edərək, biz ölkəmizin və xalqımızın tələbatlarına cavab vermək və qonşuluqda olan dövlətlərin və Avropa qitəsinin enerji təhlükəsizliyinə töhfə vermək məqsədi ilə müxtəlif istiqamətlərdə gedən neft və qaz kəmərlərini çəkdik.

Son beş il ərzində Azərbaycanın sənaye istehsalı iki dəfədən çox artmışdır. Biz, demək olar ki, işsizliyi aradan qaldıra bildik. Regionların inkişafı proqramı bizə son beş il ərzində 766 min yeni iş yeri açmaq imkanı yaratdı. Bu proqram hazırda Azərbaycanın bütün bölgələrinin daha tarazlı şəkildə inkişafını təmin edir. Bir sözlə, sürətli iqtisadi inkişaf, iqtisadi islahatlar, enerji siyasəti, güclü sosial proqramlar, təhsilə, səhiyyəyə və informasiya texnologiyalarının inkişafına qoyulan sərmayələr bu gün Azərbaycanın reallığıdır.

Hesab edirəm ki, Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın 2008-ci ildə dünyada bir nömrəli islahatçı ölkə elan olunması göstərdiyimiz səylərə verilən yüksək qiymətdir. Bu, yerli və xarici sərmayədarları Azərbaycandakı imkanlara daha diqqətlə baxmağa sövq edir. Ölkəmizdə sərmayə mühiti də çox müsbətdir. Son beş il ərzində Azərbaycana təxminən 40 milyard dollar sərmayə yatırılmışdır. Xarici və yerli sərmayələr qanunla qorunur. Gələn illər ərzində, təbii olaraq, biz iqtisadiyyatın qeyri-neft sektoruna daha çox sərmayə qoyacağıq. İqtisadiyyatın inkişafına təkan vermək məqsədi ilə olduqca güzəştli kreditlərin ayrılması ilə özəl sektora dəstəyimizi davam etdirəcəyik. Bütün məqsədlərimizə nail olmaq üçün gələcəkdə görüləcək işlər çoxdur. Təcrübəmiz göstərir ki, güclü siyasi iradə və regional əməkdaşlıq, eləcə də siyasi və iqtisadi islahatlar nəticəsində planlaşdırdıqlarımıza nisbətən qısa müddət ərzində nail olmaq mümkündür.

Bu gün Azərbaycan tam mənada müstəqil ölkədir. Yəni ölkəmiz heç bir digər dövlətdən asılı deyildir. Biz özünü təmin edən ölkəyik. Maliyyə ehtiyatlarımız 20 milyard dollara yaxındır. Halbuki, dövlət borcu təqribən 2,5 milyard dollar həcmindədir. Hətta böhranın ilk aylarında da, iqtisadiyyatımız davamlı şəkildə inkişaf etmişdir.

Bəlkə, mən burada giriş sözümü başa çatdırım və sizi maraqlandıran sualların verilməsinə imkan yaradaq. Sağ olun.

Aparıcı: Sual verərkən özünüzü təqdim edin və işlədiyiniz təşkilatın adını çəkin.

-Cənab Prezident, bizimlə görüşdüyünüzə görə minnətdaram. Mən Türkiyənin "Borusan Holdinq" şirkətinin rəhbəriyəm. İcazənizlə, mən iki məsələ ilə bağlı Sizə sual verərdim. Biz "Katerpillar"ı Azərbaycanda və regionun digər ölkələrində təmsil edirik. Mən gələcəkdə, xüsusən hazırkı mürəkkəb iqtisadi böhran şəraitində, infrastruktur sərmayələri sahəsində Sizin prioritetlərinizi bilmək istəyirəm.

İkinci sualım ondan ibarətdir ki, biz Türkiyədə bərpa olunan enerji növlərinə sərmayə qoyan şirkətik. Bununla bağlı yeni imkanları fəal şəkildə axtarırıq. Azərbaycanda alternativ, xüsusən də külək enerjisi ilə bağlı Sizin şərhlərinizi bilmək istərdim.

-İnfrastruktur layihələrinə gəldikdə, bu il biz həmin sahəyə böyük sərmayə qoyuluşunu davam etdirəcəyik. Bu işlərin bütün məsuliyyətini dövlət öz üzərinə götürür. Özəl şirkətlər üçün daha yaxşı şərait təmin etmək məqsədi ilə biz müasir infrastruktur yaratmalıyıq. Son illər ərzində biz dəmir və avtomobil yollarına, elektrik stansiyalarına, su təchizatına, hava limanlarına və Xəzərdə yük daşımalarını artırmaq üçün gəmiçiliyə sərmayə qoymuşuq. 2009-cu ildə dövlət sərmayələrinin həcmi təxminən 5 milyard dollar olacaqdır. Əlbəttə ki, neftin qiymətləri planlarımıza müəyyən təsir göstərə bilər, lakin əminəm ki, planlaşdırdığımız bütün infrastruktur layihələrini həyata keçirə biləcəyik. Tikinti sahəsi bu işlərin ən böyük hissəsini təşkil edir. Biz dünyanın bütün yerlərindən şirkətləri həmin layihələrdə iştirak etməyə dəvət edirik. Onları həm sərmayədar, həm də podratçı kimi görməkdən şad olardıq. İmkanlar çoxdur. Enerjinin kifayət dərəcədə olmasına gəlincə, son beş il ərzində biz əsasən ənənəvi enerji mənbələrindən istifadə etmişik. Beş il ərzində biz qazla işləyən altı elektrik stansiyası tikdik və bu, bizə elektrik enerjisini ixrac etmək imkanını da yaratdı. Bundan əvvəl biz elektrik enerjisini idxal edirdik. Hazırda biz bərpa olunan enerji mənbələrinə sərmayə qoymaqda özümüzü daha rahat mühitdə hiss edirik. Bunun üzərində çalışırıq, çünki bizdə, əsasən, su elektrik enerjisi stansiyaları nəzərdə tutulur. Çaylarımızın bütün potensialından istifadə etməyə və süni göllər əsasında böyük elektrik enerjisi stansiyalarının tikintisini planlaşdırırıq. Eyni zamanda, külək və günəş enerjisinin də böyük potensialı var. Bakı küləklər şəhəridir. İlboyu küləklər əsir. Eyni zamanda, ölkəmizin digər bölgələri kimi, paytaxtımız çox günəşli şəhərdir. Təbii ki, gələn beş il ərzində biz bərpa olunan enerji mənbələrinə daha çox diqqət yetirəcəyik və bir çox şirkətləri bu səylərimizə qoşulmağa dəvət edəcəyik.

-Şərhlərinizə görə çox minnətdaram. Mən "MasterKard"ın sədriyəm. Ölkənizdə neft sənayesi sahəsinə illər boyu yatırılmış böyük sərmayələrdən xəbərimiz var. Şəxsən mən özüm neft sənayesində işləmişəm və bu sahə ilə bağlılığım var. Lakin, eyni zamanda, bilirik ki, Xəzər dənizində Türkmənistanla mübahisəli yerlərdə işlənilməmiş ehtiyatlar da var. Həmin mübahisənin gələcəkdə həllinə nikbin baxırsınızmı?

-Əlbəttə ki, qonşular arasında narahatlıq doğuran bütün məsələlərin qarşılıqlı surətdə məqbul həllinə ümid edirik. Bütün bu həll variantları beynəlxalq təcrübəyə, hüquqa əsaslanmalıdır. Azərbaycan beynəlxalq hüquq əsasında Xəzər dənizində öz sektoru daxilində təbii sərvətlərini hasil etmək hüququndan istifadə edir. 1990-cı illərin ortalarında aşkar etdiyimiz neft və qaz yataqları onilliklər ərzində özümüzə və ixrac üçün kifayət edəcəkdir. Əgər qazdan danışırıqsa, ehtiyatlar daxili istehlak və ixrac üçün, ən azı, yüz ilə bəsdir. Bir neçə onilliklər ərzində böyük həcmdə neft hasilatını davam etdirəcəyik. Bu, o demək deyil ki, biz bəzi qonşularımız tərəfindən mübahisəli hesab edilən yataqlara daxil olmağa təcili ehtiyac duyuruq. Biz yaxşı, vicdanla və tərəfdaşlıq ruhunda həll yolunu tapmaq istəyirik. Lakin bu, beynəlxalq təcrübəyə əsaslanmalıdır. Əlbəttə, əgər biz bu məsələni qısa vaxt ərzində həll etsək, həmin yataqlar tezliklə ümumi hasilat işlərinə daxil edilə bilər. Lakin bu, bizim hasilat həcmimizə təsir göstərməyəcək, Azərbaycan nefti və qazının ixracında böyük maneə olmayacaqdır. Bir sözlə, mümkün qədər tezliklə düzgün həll variantını tapmalıyıq. Lakin o, bütün iştirakçılar üçün qəbuledilən olmalıdır.

Digər xəbərlər