"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun iclası keçirildi
"Yeni Azərbaycan" təşviqat qrupunun YAP Xətai rayon təşkilatının akt zalında referendum üzrə ilk iclası keçirildi. Yığıncağı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov qeyd etdi ki, MSK-da təşviqat qrupu kimi ilk qeydiyyatdan keçən "Yeni Azərbaycan" təşviqat qrupudur. Bu faktın özü də partiyanın böyük potensiala malik olduğunu təsdiqləyir. "Yeni Azərbaycan" təşviqat qrupu qanunla müəyyənləşdirilmiş prosedur qaydalarına uyğun olaraq qeydiyyatdan keçdikdən sonra Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətinin ictimaiyyətə dolğun çatdırılmasında, təbliğat-təşviqat kampaniyasında fəal iştirak edəcək.
Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun bir sıra təsisatların formalaşdırılmasının vacib olduğunu qeyd etdi: "Seçki Məcəlləsinin tələblərinə görə təşviqat qrupunun təsisatlarının formalaşdırılması təşəbbüsçülərin, hazırda isə təşviqat qrupunun nümayəndələrinin toplantısının qəbul etdiyi qərarlar əsasında olacaq. Təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirmək üçün lazım olan zəruri təsisatlar formalaşdırılmalıdır."
Toplantının gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. YAP Sədrinin müavini bildirdi ki, referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin təyin olunması, təşviqat qrupunun səlahiyyətli nümayəndəsinə digər səlahiyyətli nümayəndələrə təşviqat qrupu adından natariat qaydasında təsdiq edilmiş vəkalətnaməni imzalamaq hüququnun verilməsi, təşviqat qrupunun vəkil edilmiş şəxslərinin təyin olunması, MSK-da məşvərətçi səs hüququnun, dairə və məntəqə seçki komissiyalarında məşvərətçi səs hüququ üzvlərinin və bütün respublika ərazisində təşviqat qrupunun dairə və məntəqə seçki komissiyalarında müşahidəçilərin təyin olunması gündəlikdə duran əsas məsələlərdir.
Seçki Məcəlləsinin müəyyənləşdirdiyi qaydalara görə hər bir təşviqat qrupu 25 nəfər səlahiyyətli nümayəndə və bu sayda da vəkil edilmiş şəxslər təyin edə bilər. Eyni zamanda, səlahiyyətli nümayəndələrdən biri maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə seçilir. "Qanunvericilik imkan versəydi Yeni Azərbaycan Partiyasının çoxlu sayda səlahiyyətli nümayəndə və vəkil edilmiş şəxslər təyin etmək imkanı olardı. YAP-ın böyük insani potensialı və resursları mövcuddur. Partiyanı Milli Məclisdə 64 deputat təmsil edir. Bütün bunlara baxmayaraq 25 səlahiyyətli nümayəndə seçmək imkanındayıq" söyləyən Ə.Əhmədov, həmin şəxslərin adlarını açıqladı. 25 nəfər səlahiyyətli nümayəndə və eyni sayda vəkillər yekdilliklə təyin olundu. Onlardan biri, YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə seçildi. Təşviqat qrupunun səlahiyyətli nümayəndəsinə digər nümayəndələrinə təşviqat qrupu adından notariat qaydada təsdiq edilmiş vəkalətnaməni imzalamaq səlahiyyəti YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədova verildi.
MSK-da təşviqat qrupunun məşvərətçi səs hüququ üzvünün təyin olunması məsələsi də müzakirə edildi. Bildirildi ki, qanunvericiliyə uyğun olaraq hər bir təşviqat qrupu MSK-da qeydiyyatdan keçdikdən sonra bir nəfər üzvü ilə seçki komissiyasının işində məşvərətçi səs hüququna malik şəxs qismində iştirak etmək səlahiyyətinə malikdir. Prezident seçkilərində millət vəkili Aydın Mirzəzadə məşvərətçi səs hüququna malik şəxs kimi Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edib. Həmin səlahiyyət yenə də A.Mirzəzadəyə verildi. "Yeni Azərbaycan" təşviqat qrupunun bütün ərazilərdə dairə və məntəqə seçki komissiyalarında müşahidəçi kimi iştirak etmək hüququna malik olan nümayəndələri seçildi. O da qeyd olundu ki, prezident seçkilərində MSK-da müşahidəçi YAP təmsilçisi millət vəkili Rauf Əliyev olub. Bu səlahiyyət yenə də R.Əliyevə həvalə olundu. Qanunvericiləyə əsasən hər bir dairədə və məntəqədə məşvərətçi səs hüququna malik olan nümayəndələr seçilməlidir. 125 dairədə və 5 mindən artıq məntəqədə "Yeni Azərbaycan" təşviqat qrupunun məşvərətçi səs hüququna malik olan təmsilçiləri təyin olundu. Bu siyahıların partiyanın rayon və şəhər təşkilatlarına təqdim olunduğu bildirildi.
YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov bildirdi ki, qanunvericiliyə uyğun olaraq təşviqat kampaniyasına fevral ayının 19-dan başlanacaq: "Təşviqat üçün 28 gün ayrılır. Təşviqat kampaniyasına start verilənə qədər partiyanın şəhər və rayon təşkilatları ilə birlikdə təsdiq olunmuş proqram və plan əsasında işlər aparılacaq. Bu gün qəbul olunan qərarlar MSK-ya təqdim ediləcək. Bundan sonra zəruri hazırlıq işləri aparılacaq. Təşviqat kampaniyasına partiyanın geniş insani-təşkilati resursları səfərbər ediləcək."
O da qeyd olundu ki, aparılan müşahidələr Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya əlavə və dəyişiklikləri birmənalı şəkildə dəstəklədiyini, onların mahiyyətini düzgün dərk etdiklərini göstərir. Ölkə ictimaiyyəti bu dəyişikliklərin dövlətçiliyin konstitusion əsaslarının möhkəmləndirilməsinə, demokratiya anlayışının hüdudlarının genişləndirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin edilməsi mexanizminin təkmilləşdirilməsinə xidmət etdiyini qeyd edir.
YAP MSK-ya təqdim etmək üçün 47 minə yaxın imza toplamışdır. Bu imzatoplama kampaniyası həm də referenduma çıxarılan məsələlərlə əlaqədar Azərbaycan vətəndaşlarının bu və ya digər bölgələrdə rəyinin öyrənilməsi üçün imkanlar açdı. Bu kampaniyaya cəlb olunmuş insanların verdiyi məlumatlar əsasında əldə olunan qənaət bundan ibarətdir ki, əlavə və dəyişikliklər ölkə ictimaiyyəti tərəfindən dəstəklənir. İmzatoplama kampaniyasını yüksək səviyyədə həyata keçirmək üçün 1000-ə qədər partiya fəalı cəlb olunmuşdu. Bu, eyni zamanda, sosioloji sorğu rolunu oynadı.
Konstitusiyaya əlavə və dəyişikliklər zamanın tələbidir. Bütün bu gerçəkliklər fonunda Azərbaycan müxalifətinin referendumun keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaqdır. Bu dəyişikliklərin demokratiyanın boğulmasına, ölkədə siyasi sistemin dəyişdirilməsinə xidmət etməsi barədə apardıqları təbliğat tamamilə reallığa ziddir. Bu gün qarşıda duran əsas məqsəd maarifləndirmə işini yüksək səviyyədə həyata keçirməkdir. Ölkə vətəndaşlarının bu işdə fəallığı aydın şəkildə sezilir.
YAP-ın ölkədə keçirilən hər bir seçki prosesindən uğurla çıxdığını qeyd edən Ə.Əhmədov, bunun partiya üzvlərində heç bir arxayınlıq yaratmamasını qeyd etdi. "Daha səylə çalışmalı, əlavə və dəyişikliklərin ölkəmizin tərəqqisinə, demokratiyanın inkişafına xidmət göstərdiyini daha dolğun şəkildə ictimaiyyətə çatdırmalıyıq. YAP-ın yarım milyona yaxın üzvləri, təbii ki, bu prosesdə fəal iştirak edəcəklər."
Bu gün xalqımız Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edir. Əminik ki, "Yeni Azərbaycan" təşviqat qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır. Sonra yığıncaqda "Yeni Azərbaycan" təşəbbüs qrupunun nümayəndələrindən YAP İcra katibinin müavini Siyavuş Novruzov, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və başqaları çıxış edərək, qeyd etmişlər ki, "Yeni Azərbaycan" təşəbbüs qrupu Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlara uyğun olaraq fəaliyyətini çox uğurla davam etdirmiş və MSK tərəfindən "Yeni Azərbaycan" təşviqat qrupu qeydə alınmışdır. Vurğulanmışdır ki, "Yeni Azərbaycan təşviqat qrupu öz üzərinə düşən vəzifəni bundan sonra da uğurla yerinə yetirəcəkdir. Başlıca məqsədimiz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir.
Sonda referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun sənədlərinin MSK-ya təqdim olunması barədə qərar qəbul olundu.