PDF Oxu

Əsas

  • 11

Səhiyyəyə dövlət qayğısı getdikcə artmaqdadır

Səhiyyəyə dövlət qayğısı getdikcə artmaqdadır
Dövlət tərəfindən səhiyyəyə xüsusi diqqət yetirilir. Ölkə səhiyyəsində islahatların aparılmasının nəticəsidir ki, bu sahədə böyük irəliləyişlər əldə edilir. İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. Əgər 2003-cü ildə səhiyyə ehtiyaclarına 69,0 mln man ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 558 mln man olmuşdur ki, bu da son beş ildə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 2007-ci illə müqayisədə 2008-ci ildə səhiyyənin büdcəsi 20 faiz artıb. Son illər ərzində ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə dəstəyi ilə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı hazırlanıb və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilib.

Regionlarda, paytaxtda səhiyyənin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilir. Demək olar ki, bütün regionlarda diaqnostika mərkəzləri, yeni xəstəxanalar tikilib istifadəyə verilir, tibb müəssisələri ən yeni cihaz və avadanlıqlarla təmin edilir. Ana və uşaqların sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindən biridir.

Ümummilli liderimiz Heydər Əliyev həkimlik peşəsinə yüksək qiymət verdiyini və bu gün ölkə Prezidenti İlham Əliyev cənablarının da bu sahəyə böyük diqqət yetirdiyini bildirən Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva bizimlə söhbətində görülən işlər barədə geniş məlumat verdi. R.Əliyeva qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyev həkimlik peşəsini öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş hesab edirdi. Bu gün hər bir ağ xalat geyən kəs, deyilən bu tarixi fikrə sadiq olmalı, öz işi ilə xalqına xidmət etməlidir. R.Əliyeva 1997-ci ildən təsis edilən və bu gün öz sıralarında 600-dən çox stomatoloqu birləşdirən ASA-nın əldə etdiyi uğurlardan, nailiyyətlərdən geniş bəhs etdi.

Qeyd edək ki, R.Əliyevanın belə bir quruma rəhbərlik etməsi təsadüfi deyil. Çünki R.Əliyeva nəinki respublikamızda, eyni zamanda, inkişaf etmiş dünya dövlətləri stomatoloqları ilə də uğurlu işlər aparır və həmin ölkələrin stomatologiya sahəsində təcrübələrini ölkəmizdə genişləndirir. Müstəqil dövlət olan Azərbaycanın qarşısında duran əsas məsələlərdən birinin dünya birliyinə inteqrasiya olduğunu deyən "Əməkdar həkim", Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti, professor R.Əliyeva qurumun fəaliyyəti və görüləcək işləri barədə dedi:

- Bu gün bütün sahələrdə uğurlar əldə etmək üçün, ilk növbədə, sağlamlıq prioritet məsələdir. Azərbaycan Stomatologiya Assosiasiyası da bu istiqamətdə işlər aparır. ASA-nın fəaliyyət istiqamətlərindən biri olan stomatologiyanın inkişafı və bu sahədə beynəlxalq peşəkar birliklərlə sıx əməkdaşlıq qurmaqdır. Hazırda assosiasiyamız dünyanın aparıcı stomatoloji avadanlıq və material istehsalçıları ilə də səmərəli əlaqələr qurmaqdadır. Qeyd edim ki, assosiasiyanın regionda da stomatoloji birlikləri geniş fəaliyyət göstərir. Belə ki, ASA əhalinin maarifləndirilməsi üçün bir sıra, o cümlədən, Gəncə, Sumqayıt, Şəki, Yevlax, Şirvan və s. şəhər və rayonlarda seminarlar təşkil edir. Bundan başqa assosiasiya stomatoloji praktikanın öyrənilməsi istiqamətində də işlər həyata keçirir. Bu gün ən vacib amillərdən olan uşaqlarda ağız boşluğunun, dişlərin sağlamlığı məsələsi ilə bağlıdır. Bu məqsədlə ASA tərəfindən Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə "Dişlərə qulluq" adlı proqram Bakı şəhərinin Nəsimi, Səbail, Nərimanov, Yasamal, Nizami və Xətai rayonlarında davam etdirilir. Çünki hər bir insanın dişlərə qulluqla bağlı geniş biliyə malik olması olduqca zəruridir. Fəaliyyətimizdə belə bir reallığı əsas götürürük ki, bütün zamanlarda insanlar sağlam və gözəl dişlərə sahib olmaq istəyiblər.

Hələ qədim zamanlardan bəri həkimlər dişlərin xəstələnməsinin qarşısını almaq istəyiblər. Hippokratın əsərlərində də ağız boşluğuna qulluq haqqında məsləhətlərə rast gəlinir. Stomatoloji sağlamlıq insanın ümumi sağlamlığının əsas komponentidir və insanın davranış və vərdişlərindən, həmçinin, ətraf mühitin xüsusiyyətlərindən asılıdır. Bunun üçün ağız boşluğuna qulluq göstərilməsinin vacibliyinin aşılanması hələ uşaq vaxtından başlanmalı və bu iş bütün ömrü boyu davam etdirilməlidir. Stomatologiyada profilaktika proqramları əhalinin stomatoloji xəstəliklərinin azaldılmasının yeganə və ən vacib vasitəsidir.Stomatoloji sağlamlığın bərpa olunmasında müəyyənləşdirici rol bir neçə vacib mərhələyə məxsusdur. Onlardan mühümü süd prikusumun təşəkkülü vaxtından başlayaraq daimi prikusun son formalaşması vaxtınadək olan zamandır. Məktəb müəssisəsi və həkim-stomatoloqların təkidi ilə uşaq və onların valideynlərinin planlı gigiyenaya əsaslanan tərbiyəsi, uşaqlarda gigiyena qaydalarına qarşı şüurlu münasibət formalaşdıracaq və hər bir ailədə sağlam həyat tərzi üçün zəmin yaradacaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan əhalisinin stomatologiya sağlamlığının yaxşılaşdırılması məqsədilə Stomatologiya Assosiasiyası profilaktikanın ümumtəhsil məktəb proqramını həyata keçirir. O, II sinif şagirdləri üçün nəzərdə tutulub. Həmçinin, bu proqrama əsasən pedaqoq və valideynlərin fəal iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir. Proqramın əsas məqsədi uşaqlarda ağız boşluğuna düzgün qulluq göstərilməsinin aşılanması, əhalinin stomatoloji biliyinin səviyyəsinin artırılması, profilaktik stomatoloji köməyin genişlənməsi və dişlərə effektiv terapevtik təsir göstərən, tərkibində ftor olan diş məcunlarından sistematik olaraq istifadə olunmasıdır. R.Əliyeva onu da qeyd etdi ki, əhalinin sağlamlığının mühafizəsi üzrə dövlət sisteminin bir hissəsi olan bu cür proqramlar sayəsində Finlandiyada, Danimarkada, İsveçdə və bəzi Avropa ölkələrində uşaqlar arasında stomatoloji xəstəliklərin azaldılmasına nisbətən nail olundu. 7-8 yaşlarında olan uşaqların valideynlərinin və müəllimlərinin stomatologiya sahəsində bilikli olmasının effektivliyi, onun əhalinin ümumi maariflənməsinin komponenti olduğu Çində sübut olunub. Böyük Britaniyada profilaktikanın məktəb stomatologiya proqramı, eyni zamanda, uşaqlar və onların ailələrinin ağız boşluğuna qulluq edilməsi üzrə gigiyena vərdişlərinə müsbət təsir göstərib. Azərbaycanda profilaktikanın ümumtəhsil məktəb proqramı artıq 10 ildir ki, Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində aparılır. Bu illər ərzində proqrama 3000000 çox uşaq və 5000 pedaqoq cəlb edilib. Məktəb proqramına uşaqlarda dişlərin quruluşu və insanın çənə sistemi haqqında təsəvvürün formalaşdırılması, dişlərin rolu və əhəmiyyəti, ağız boşluğuna qulluq göstərilməsi qaydası və vasitələri, səmərəli qida prinsipləri və dişlərdə kariyesin və diş əti xəstəliklərinin profilaktikasının müasir üsulları daxildir.

Maarifləndirmə zamanı uşaq və pedaqoqlara rəngli metodik dərs materialları və plakatlar, həmçinin, onlara diş fırçası və tərkibində ftor olan diş məcunu verilir. Pedaqoqlar proqramın öyrənilməsinə məktəblilərin valideynlərini cəlb etməlidirlər, çünki məhz valideynlər dişlərin hər gün təmizlənməsinin keyfiyyətinə, rasional qida qəbulunun və uşaqların sağlam həyat tərzinin prinsiplərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar. Valideyn və pedaqoqlar yadda saxlamalıdırlar ki, stomatoloji sağlamlığın dəstəklənməsi və stomatoloji xəstəliklərin qarşısının alınması üçün göstərilən şərtlərə əməl olunmalıdır. Ümumiyyətlə, insan sağlamlığı üçün vacib olan stomatologiya tədrisi üzrə məktəb təhsil proqramı uşaqlara dişləri sağlam saxlamağa kömək etməyə qadirdir. İnanırıq ki, hər bir kəs öz sağlamlığını qorumaq məqsədilə həyata keçirdiyimiz tədbirlərin daha effektli olması üçün məsuliyyətlərini daha da artırmalıdırlar.

Digər xəbərlər