"Yeni Azərbaycan" Təşviqat Qrupunun MSK-da səlahiyyətli nümayəndəsi təyin edildi
Dünən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. MSK sədri Məzahir Pənahov martın 18-də keçiriləcək referendumda iştirak etmək üçün "Şəhər" referendum üzrə təşəbbüs qrupunun referendum üzrə təşviqat qrupu kimi qeydə alınması gündəliyin birinci məsələsi olduğunu bildirdi. Məsələ ilə bağlı MSK katibi Natiq Məmmədov Təşviqat Qrupunun 44 min 300 seçici imzası topladığını dedi.
N.Məmmədov onu da vurğuladı ki, imzaların yoxlanması zamanı 41 min 637 imza etibarlı, 2663 imza isə etibarsız sayılıb. Onun sözlərinə görə, imzaların etibarsız sayılması, əsasən, məlumatların qeyri-düzgün göstərilməsi, seçki hüququ olmayan şəxslər tərəfindən imzaların verilməsi, bir şəxsin bir neçə imza atması ilə bağlıdır.
Gündəlikdə duran ikinci məsələ - "Yeni Azərbaycan" refrendum üzrə təşviqat qrupunun MSK-da məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi barədə MSK katibi N.Məmmədov məlumat verdi. Qeyd etdi ki, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun qanunauyğun olaraq fəaliyyət göstərdiyini və bu prosesdə səlahiyyətli nümayəndələrini təyin etdiyini dedi: "Qrup öz qərarı ilə millət vəkili Aydın Mirzəzadəni "Yeni Azərbaycan" təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvü səlahiyyətli nümayəndəsi təyin edib. Təyinetmə qaydası qanunun tələblərinə cavab verir. Ona görə də, 2009-cu il martın 18-də keçiriləcək referendumda qeydə alınmış "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən məşvərətçi səs hüquqlu üzv təyin edilmiş millət vəkili Aydın Mirzəzadə, MSK-da məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsini təklif edirəm."
MSK-nın dünən keçirilən iclasında "Yeni Azərbaycan" təşviqat qrupunun 25 nəfərlik səlahiyyətli nümayəndəsi və 25 nəfərlik vəkillərinin siyahısı da təsdiq olundu. İclasda "Qarabağ və Respublika Uğrunda" təşəbbüs qrupunun müraciətinə baxıldı. Qrupun səlahiyyətli nümayəndəsi Həsən Kərimov MSK-ya etdiyi müraciətdə bir sıra rayonlarda imza toplayan şəxslərə qarşı polis və icra orqanları tərəfindən təzyiqlər edildiyini, Sabirabadda isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının iki üzvünün həbs olunduğunu bildirdi.
MSK katibi Natiq Məmmədov müraciətlə bağlı araşdırmaların aparıldığını və göstərilənlərin təsdiqini tapmadığını qeyd etdi. Onun sözlərinə görə, Sabirabadda həbs edilən partiya üzvlərinin üzərindən narkotik vasitə tapıldığı üçün onlar barəsində həbs-qətimkan tədbiri seçilib ki, bunun da referendumla əlaqəsi yoxdur. O, H.Kərimovun müraciətində sübut olmadığını qeyd etdi.
MSK üzvü Akif Qurbanovun qeyri-obyektiv fikirlərinə isə MSK sədri Məzahir Pənahov cavab olaraq bildirdi ki, "Ümid" partiyasının Ağstafa rayon təşkilatının üzvü onlara məktub ünvanlayıb. O, məktubunda imzatoplama kampaniyasına cəlb olunduğunu, lakin imza toplaya bilmədiyini qeyd edib. İmza vərəqələrini də MSK-ya göndərdiyi məktuba əlavə edib.
İclasda, həmçinin, "Respublikaçılar" Təşəbbüs Qrupunun imza toplayan şəxslərə qarşı təzyiqlərin edilməsi barədə müraciətlərə baxılıb və hər iki Təşəbbüs Qrupundan edilən müraciətlər əsassız sayılıb.
MSK sədri M.Pənahov onu da bildirdi ki, martın 18-də keçiriləcək referendumda təşviqat qrupu qismində iştirak etmək üçün imza toplama kampaniyası fevralın 1-də yekunlaşacaq. Toplanmış imzalar fevralın 1-i, saat 18-dən gec olmayaraq MSK-ya təqdim olunmalıdır. Müəyyən olunmuş müddətdən sonra təqdim edilən imzalar qəbul edilməyəcək. Bundan sonrakı mərhələdə isə imzalar yoxlanacaq və təşviqat qrupları qeydə alınacaq.
Qeyd edək ki, bu vaxta qədər MSK-da 14 təşəbbüs qrupu qeydə alınıb. 5 təşəbbüs qrupu - "Yeni Azərbaycan", "Tərəqqi", "Abad kənd", "Vətəndaş cəmiyyəti" və "Hüquq və Demokratiya" tələb olunan 40 min imzanı toplayaraq MSK-ya təhvil verib. "Yeni Azərbaycan" isə təşviqat qrupu kimi qeydə alınıb.
İclasda, həmçinin, cari məsələlərə də baxılıb.