"Dünyada uşaqların vəziyyəti" mövzusunda UNİSEF-in adlı hesabatı keçirilib
Dünən "Həyat Reycens" otelinin "Quba" zalında "Dünyada uşaqların vəziyyəti" mövzusunda UNİSEF-in hesabatının təqdimatı keçirilib. UNİSEF-in Bakıdakı nümayəndəliyinin sədr əvəzi Muhammed Bendris Alami Azərbaycanda son 3 il ərzində həm ana, həm uşaq ölümündə azalmalar olduğunu bildirib. Qeyd olunub ki, bu həm Səhiyyə Nazirliyinin, həm də UNİSEF-in təqdim etdiyi rəqəmlər də bunu təsdiqləyir. Əgər keçən il 12,4 promil idisə, bu il 11,5-dir. Səhiyyə nazirliyi son illər diqqəti əsasən neonatal qayğını təkmilləşdirməyə yönəldib. Belə ki, paytaxt və bölgələrdə 7 Perinatal mərkəzin yaradılması istiqamətində işlər aparılıb.
2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan olunmasını xüsusi vurğulayan UNİSEF-in Bakıdakı nümayəndəliyinin sədr əvəzi Muhammed Bendris Alami onu da qeyd edib ki, bu addım uşaq ölümünün azaldılmasında vacib rol oynayacaq. Qurumun hesabatına görə, ölüm halları inkişaf etməkdə olan ölkələrdə daha çoxdur. Ən acınacaqlı vəziyyət isə Afrika və Cənubu Asiya ölkələrindədir. Ana və uşaq ölümünə əsasən qanaxma, abort, infeksiya və digər səbəblər göstərilib. Hər il yarım milyon qadın bu səbəbdən dünyasını dəyişir. Bu da səhiyyə sisteminin zəif olması ilə əlaqələndirib və bunu humanitar fəlakət adlandırıb.
Toplantıda UNİSEF dünya ölkələrində ana və yeni doğulmuş uşaqların ölüm hallarına dair hesabatının nəticələrini də açıqlayıb. Bildirilib ki, ölüm halları inkişaf etməkdə olan ölkələrdə daha çoxdur. Ən acınacaqlı vəziyyət isə Afrika və Cənubu Asiya ölkələrindədir. Azərbaycanla bağlı nəticələrə gəldikdə isə ana və yeni doğulmuş uşaqların ölüm halları son dövrlər azalıb. Buna səhiyyə sistemində maddi-texniki bazanın yaxşılaşdırılması, kadrların peşəkarlığının artırılması səbəb olub. Təkmilləşdirməyə dair dövlət proqramının qəbulu da bu istiqamətdə işləri daha da intensivləşdirib.
UNİSEF-in Azərbaycan üzrə nümayəndəliyinin sədr əvəzi son 15 ildə uşaqların sağ qalması istiqamətində irəliləyişlərin əldə olunduğunu bildirib: "Müvafiq dövrlə müqayisədə bu 27 faiz təşkil edib. Lakin uşaqların ölüm halları isə azalmayıb. Məsələn, Qərbi Afrikada yüz min uşaqdan 2 min yüzü ölü doğulur və bu, humanitar fəlakətdir. Belə halların qarşısının alınması üçün UNİSEF bütün ölkələri əməkdaşlığa çağırır".
Qeyd edək ki, dünyada ana və uşaq ölümü problemi aktual olaraq qalır. Hamiləlik və doğuş zamanı ağırlaşmalardan meydana gələn belə hallardan uşaq ölümünün faiz göstəricisi son illərlə müqayisədə aşağı düşsə də, ana ölümü hallarının azalmasında heç bir fərq hiss olunmur. Azərbaycanda belə halların qarşısını almaq üçün profilaktik tədbirlər aparılır. Dünyada hər il yarım milyon qadın və uşaq doğuş zamanı dünyasını dəyişir. "UNİSEF" təşkilatının araşdırmalarına görə belə hallar, əsasən, iqtisadi cəhətdən kasıb ölkələrdə baş verir. 1990-cü ildən 2007-ci ilədək ana və uşaq ölümü 13 mln-dan 9,2 mln-a enib. Ən aşağı göstərici 99 faizlə inkişaf etmiş ölkələrdə qeydə alınıb. Ölümün 50 faizi Afrika, üçdə biri isə Cənubi Asiya ölkələrinin payına düşür. Azərbaycana gəlincə, uşaq və ana ölümü ötən illərlə müqaiyəsədə xeyili azalıb. Hamiləlik dövüründə uşağın inkişafdan geri qalması, anadangəlmə qüsur, qanaxma, infeksiya, ev şəraitində doğuş və digər səbəblər ana ilə övladın həyatını təhlükə altında qoyur. Bütün bunların qarşısını almaq üçün ölkədə uşaqlara yardım müəssisələrində maddi-texniki bazanın yaxşılaşdırılması, savadlı kadrların yetişdirilməsi, qanunvericilikdə olan normativ aktların müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Səhiyyə nazirinin müavini Sənan Kərimov isə, bu ilin sentyabrında Bakıda ölkə Prezidenti tərəfindən elan edilən "Uşaq ili" ilə əlaqədar ana və uşağın sağlamlığının təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyini bildirib. Azərbaycanda evdə doğuş hallarının hələ də mövcud olduğunu etiraf edən nazir müavini, ictimaiyyəti buna qarşı mübarizə aparmağa çağırıb: "Sözsüz ki, evdə doğuş halları var. Evdə doğuş hallarının risqi daha böyükdür. Bu faktlara qarşı yalnız Səhiyyə Nazirliyi deyil, ictimaiyyət də mübarizə aparmalıdır".
S.Kərimov əlavə edib ki, 2006-cı ildə təsdiqlənən "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət Proqramı çərçivəsində yeddi Perenetal Mərkəz açılacaq. Artıq belə mərkəzlərdən biri Gəncədə istifadəyə verilib. Bu il (Bakı da daxil olmaqla), daha üç mərkəz istifadəyə veriləcək. Ümumilikdə, 2010-cu ilədək bu mərkəzlərin hamısı fəaliyyət göstərəcək: "Bu mərkəzlərin funksiyası doğum evlərindən və digər tibb müəssisələrindən fərqlənir. Burada patoloji hamilə olanlara, zəif doğulmuş uşaqlara xidmət göstəriləcək ki, bu da, öz növbəsində, ölkədə ana və uşaq ölümünün səviyyəsini azaldacaq".