AVROPA "NABUCCONU" MÜZAKİRƏ ETDİ
Macarıstanın paytaxtı Budapeştdə öz işinə başlayan "Nabucco" qaz kəmərinin çəkilişinə həsr olunmuş sammit bütün dünyanın diqqət mərkəzindədir. Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı isə bu beynəlxalq layihəyəyə rəsmi Bakının maraq və diqqətini ortaya qoyur.
Qeyd edək ki, sammitin gedişini bütün maraqlı tərəflər, o cümlədən Rusiya da diqqətlə izləyir. "Rusiya qazı olmasa, Nabucco böyük iddialara və düşünülməmiş addımlara bariz bir abidə ola bilər". Rusiya baş nazirinin birinci müavini, eyni zamanda, "Qazprom"un da sədri olan Viktor Zubkov sammitin gedişini məhz bu cür qiymətləndirib. Əslinə baxanda Rusiyanın pessimizmi üçün bu gün yetərincə əsaslar da var. Çünki hələ ki, "Nabucco" kəmərinə qaz verəcək dövlətlər-Azərbaycan, Türkmənistan və Qazaxıstan layihənin maliyyələşməsini gözləyir. İran da "Nabucco" ya qaz vermək istəyir, amma Amerika və Avropanın yaxın gələcəkdə bununla razılaşacağı sual altındadır. İraq da öz növbəsində, "Nabucco" ya qaz vermək istəyir, amma orada lazımi infrastruktur və təminatlar yoxdur.
"Nabucco" layihəsinin ilkin qiyməti isə 8 mlrd avrodur. Hələ ki, heç bir ölkə və ya bank bu layihəni maliyyələşdirməyi üzərinə götürməyib. Çünki banklar da "Nabucco" ilə bağlı ən azı hər hansı dövlətlərarası sazişin imzalanmasını və real satıcılarla alıcıların ortaya çıxmasını gözləyir. Üstəlik, siyasi problemlər də yox deyil. Məsələn, Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya ilə birgə konsorsiumun yaradıcılarından olan Türkiyə bir sıra tələblər irəli sürür. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə "Nabucco"ya verdikləri dəstəyin ölkəsinin Avropa Birliyinə üzvlüyü məsələsindən asılı olacağına işarə edib. Turkiyənin tələblərindən biri də odur ki, "Nabucco"dan keçəcək qazın 15 fazini öz ehtiyaclarına sərf etmək istəyidir.
Ancaq heç də hər kəs "Nabucco"dan bədgüman deyil. BBS radiosunun əməkdaşı Bryus Pannierin fikrincə, iştirakçı ölkələrin nümayəndələri ilə təxmini söhbətlərdən, demək olar ki, "bu dəfə məsələ tam ciddidir". Avropa bu qış da Rusiya-Ukrayna mübahisəsi üzündən qazsız qalandan sonra artıq yetərincə qərarlıdır. B.Pannierin Budapeştdən verdiyi son məlumatlara görə, sammitdə konsorsiumun yaradıcıları-Avstriya, Macarıstan, Türkiyə, Rumıniya, Bolqarıstan və hətta Almaniyanın da enerji nazirlərinin iştirakı, "Nabucco"nun potensial ixracatçıları qismində Misir, İraq, Azərbaycan, Qazaxıstan, hətta Türkmənistanın da yüksək səviyyədə təmsil olunması, habelə, layihəni dəstəkləyənlərin - ABŞ, Avropa Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı nümayəndələrinin də aktivliyi bunu deməyə əsas verir. "Mən inanıram ki bu sammitin əsas məqsədi "Nabucco" kəmərinin tikilməsi üçün vacib olan razılaşmanı imzalayıb, maliyyələşməsini təmin etmək üçün əngəlləri aradan qaldırmaqdır. Sammitə qatılanların arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və başqa Avropa maliyyə institutlarının nümayəndələri də var. Bu üzdən mən gözləyirəm ki, yekunda verilən açıqlamalardan biri o olacaq ki, kəməri tikmək üçün lazım olan maliyyəni ayırmağa hazırıq və işə başlaya bilərik" - deyə B.Pannier bildirib. B.Pannier qeyd edir ki, artıq Budapeştdə olan Türkiyənin enerji naziri Hilmi Gülərin başçılıq elədiyi nümayəndə heyətinin üzvləri də, qeyri-rəsmi söhbətlərdə "Nabucco" nu Avropa Birliyinə üzvlük məsələsində alət kimi görmədiklərini vurğulayırlar. Üstəlik "Nabucco"nun yaradıcıları olan Macarıstan, Bolqarıstan, Rumıniya, Avstriya kimi ölkələrin nümayəndələri, Avropa Birliyinin, Avropa Komissiyasının enerji komissarı maraqlı tərəfləri real layihəylə bağlı ortaq məxrəcə gətirmək üçün çox çalışırlar.
Konsorsiumun rəsmi saytındakı biznes plana görə isə "Nabucco" kəməri Türkiyə-Gürcüstan, Türkiyə-İran sərhədindəki iki nöqtədən başlayacaq və Avstriyaya qədər uzanacaq. 3 min km uzunluğundakı ana kəmərin 2 min km-i Türkiyədən, qalan hissəsi isə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan keçəcək. Layihənin tikintisinə artıq 2010-cu ildən başlanılmalıdır və 2013-cü ildə başa çatmalıdır. 8 mlrd avroluq layihənin xərcinin 30 fazini bərabər şəkildə konsorsiumun yaradıcıları ödəyəcək. Qalan 70 fazi isə kreditlə banklardan alınacaq. Kəmərin keçiriciliyi 2014-cü ilin sonunda ildə 30 mlrd kub m-ə çatacaq. Bu kəmərə Azərbaycan, Türkmənistan, Qazaxıstan, gələcəkdə isə Misir, İraq və İran qazı vurulacaq.
Məlum olduğu kimi, "Nabucco" qaz kəməri layihəsi ilə bağlı müzakirələrdə bir sıra ölkə ilə yanaşı Azərbaycan da iştirak edir. Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və Almaniya Rusiyadan yan keçəcək alternativ yanacaq marşrutlarının inkişafını öz ölkələrinin enerji təchizatında mühüm addım hesab edir. İnformasiya agentliklərinə istinadən Budapeşt sammitinin əsas məqsədi kəmərə siyasi və maliyyə dəstəyinin təsdiqlənməsindən ibarətdir. "Nabucco" kəməri iki mərhələdə inşa ediləcək. Ehtimallara görə 2010-cu ildə başlayan birinci mərhələdə kəmər vasitəsilə Ankara ilə Avstriyanın Baumgarten şəhəri bağlanılacaq. Planlara əsasən, bu vaxt işə salınan boru ilə təqribən 8 mlrd kub m qaz ötürüləcək.
Avstriyanın nüfuzlu "Die Presse" gündəlik qəzetinin həftəsonu buraxılışındakı məqalədə isə qeyd olunur ki, Azərbaycan Avropanın maraqlarının mərkəzində nəhəng qaz yataqlarına malik dövlət kimi dayanır. Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner Avropanın enerji məsələlərində Qafqaz regionu ilə daha yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır. Azərbaycanın Avropanın maraqlarının mərkəzində nəhəng qaz yataqlarına malik dövlət kimi dayandığını vurğulayan müəllif qeyd edir ki, 2007-ci ildə enerji resursların tranzit və ixracı sayəsində ölkədə iqtisadi artım 35 faiz, ötən il isə 24,7 faiz olub. Avropa Birliyinin ali idarəçilik orqanı Avropa Komissiyası "Nabucco" qaz kəmərini tamamilə prioritet layihə elan edib. "Avropa ölkələrində enerjidaşıyıcılarına böyük tələbat və maraq vardır. Bu səbəbdən də biz bu layihənin mümkün qədər sürətlə gerçəkləşməsinə çalışırıq". Yazıda Benita Ferrero-Valdnerin bu fikirləri də əks olunub. Avropa Birliyinin enerji təminatında Rusiyadan asılı olduğu yazılan məqalədə regionun neft-qaz təminatında müxtəlif mənbə və kəmərlərdən istifadə olunması vacib amil kimi vurğulanır. Xatırladaq ki, "Nabucco" layihəsinin mühəndislik işlərinə ötən aydan etibarən start verilib. Layihənin həyata keçirilməsi zamanı texniki detalları, mühəndislik fəaliyyətlərini İngiltərənin "Pensen Qrup" şirkəti əlaqələndirəcək. Layihədə iştirak edən ölkələrin bu işlərdə iştirak etmək istəyən yerli şirkətləri isə, bu ilin ilk yarısından prosesə qoşula bilər.
Onu da qeyd edək ki, hazırda hər il Rusiyadan alınan 125 mlrd kub m qaz Avropanın qaza tələbatının yalnız dörddəbir hissəsini ödəyir. Məhz buna görə, ölkəmizin həm istehsalçı, həm də Orta Asiya bazarından Avropaya qazdaşımalarında vacib tranzit ölkə olması dəfələrlə qeyd olunub. Son illər isə Avropanın əsas yanacaq növlərindən sayılan qaza tələbatı getdikcə artır. Mütəxəssislərin fikrincə, 20 il ərzində "köhnə qitənin" qaza olan illik tələbatının 600 mlrd kub m-ə çatacağı gözlənilir. Məlum olduğu kimi, indi Avropa ölkələri bu tələbatın xeyli hissəsini Rusiyadan aldığı "mavi yanacaq" hesabına ödəyir. Lakin buna baxmayaraq, hazırda alternativ mənbələrə kəskin ehtiyac duyulur. Bu ehtiyacı isə qonşu ölkələrin qaz ehtiyatları hesabına ödəmək mümkündür. O da məlumdur ki, mövcud nəql marşrutları böyük qaz həcmlərini Avropa bazarlarına çıxarmaq iqtidarında deyil. Qaza tələbatın kəskin şəkildə artacağı təqdirdə bu sahədə hər hansı bir çətinliyin yaranmaması üçün artıq bir neçə ildir ki, Avropada araşdırmalar, tədqiqatlar aparır.
XXI əsrin əvvəllərində xarici şirkətlərin Rusiyadakı neft-qaz layihələrində iştirakının xeyli dərəcədə çətinləşməsi, bu ölkədəki neft və qaz yataqlarının çətin ərazilərdə yerləşməsi, texnoloji qıtlıq və s. amillər Avropanın enerji təhlükəsizliyinin təminatında keçmiş sovet nəhənginin rolunun getdikcə azalmasına səbəb olmuşdur. Bu da Avropa ölkələrini alternativ enerji yollarının axtarışına sövq etmişdir. Digər tərəfdən, Afrika ölkələrindəki maye qaz ehtiyatlarının nəqlindəki çətinliklər, təhlükə risqləri və digər amillər təbii qaz mənbələrini müəyyənləşdirmək və onu daha əlverişli marşrutla nəql etmək ideyasının gerçəkəşdirilməsinə təkan verdi. "Mavi yanacağa" kəskin ehtiyac duyan Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə ilkin olaraq beş mənbə - Misir, İraq, İran, Azərbaycan və Xəzərin sağ sahilində yerləşən Türkmənistan və Qazaxıstanın üzərində dayandılar.
Son nəticədə isə Misirin maye qaz ehtiyatlarının nəqlindəki məlum problemlər, eləcə də, bir sıra siyasi amillərlə əlaqədar olaraq İran və İraq variantları gündəlikdən çıxarıldı. Bu halda Azərbaycan və digər Xəzəryanı ölkələr olan Türkmənistan və Qazaxıstandakı təbii qaz ehtiyatlarının idxalı ideyası qətiləşdi. Bununla da, Rusiyadan yan keçməklə Türkiyə ərazisindən Avropayadək uzanan yeni qaz nəqli marşrutu - "Nabucco" boru kəmərinin çəkilişi ideyası qətiləşdirildi. Bu da təsadüfi deyildi. Çünki Türkiyənin qazpaylayıcı şəbəkəsi Avropada ən nəhəng sistemdir və buradan "köhnə qitəyə" kifayət qədər "mavi yanacaq" nəql etmək mümkündür.
Bəs, görəsən, son zamanlar dünyanı bürümüş maliyyə böhranının "Nabucco" layihəsinə bu və ya digər dərəcədə təsiri ola bilərmi? Ekspertlər bu amili istisna edirlər. Onların fikrincə, neftin qiyməti birjalarda müəyyən olunsa da, qazın dəyəri dövlətlərarsı sazişlərlə tənzimlənir. Neftdən fərqli olaraq Avropanın qaza olan tələbatının durmadan artdığı bir şəraitdə, eləcə də, qazın qiymətində kəskin sıçrayışların qeydə alınmaması və s. səbəblər üzündən istənilən halda bu layihənin reallaşacağı şübhə doğurmur. Digər tərəfdən, mütəxəssislərin bir çoxu bu fikirdədirlər ki, son maliyyə böhranı "Nabucco"nun reallaşması üçün katalizator rolunu da oynaya bilər. Belə ki, kəmərin tikintisi üçün vacib olan metal və metal məmulatlarının qiymətinin kəskin şəkildə ucuzlaşmasından yararlanmağa çalışan iştirakçı şirkətlər inşaat işlərini sürətləndirə də bilər. Bu isə tikintinin hətta vaxtından xeyli əvvəl başa çatdırılmasına səbəb olar.
Göründüyü kimi, XXI əsrin ən nəhəng qaz ixrac marşrutlarından sayılan "Nabucco"nun son dərəcə mühüm strateji əhəmiyyəti vardır. Hər şeydən əvvəl, adıçəkilən kəmər iqtisadi baxımdan sərfəli qaz mənbələrindən istifadə etməklə Avropa ölkələri üçün yeni qaz təchizatı dəhlizi açacaq. Digər tərəfdən, kəmərin keçəcəyi ölkələrin tranzit rolu artacaq və həmin dövlətlər bu amil hesabına külli miqdarda vəsait əldə edəcək. Bütün bunlarla yanaşı, layihənin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verməklə, bölgədə siyasi və iqtisadi əməkdaşlığın da möhkəmlənməsinə əhəmiyyətli təkan verəcək. Layihənin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür.
Belə ki, "Nabucco" kəmərinin işə düşməsi ilə ölkəmiz əsas ixrac marşrutuna sahib olmaqla öz qazını Avropa bazarına sərbəst çıxarmaq imkanı əldə edəcək. Eyni zamanda, mühüm tranzit ölkəsinə çevrilən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı yeri və rolu əhəmiyyətli dərəcədə artacaq.