Gənclər arasında əlaqələr getdikcə genişlənir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında YAP Gənclər Birliyi ilə Qırğızıstandan gələn müxtəlif siyasi partiya və ictimai təşkilatları təmsil edən gənclərdən ibarət nümayəndə heyətinin görüşü keçirildi.
Görüşdə YAP Gənclər Birliyinin sədri Ramil Həsənov Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixi ilə bağlı qırğızstanlı gənclərə məlumat verdi və qeyd etdi ki, bu görüşün gələcək əməkdaşlıq üçün böyük əhəmiyyəti olacaq: "1992-ci il noyabr ayının 21-də Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Çox qısa zamanda YAP ölkənin iqtidar partiyasına çevrilməklə yanaşı, həm də sıraları genişləndi. İllər keçdikcə inkişaf edən Yeni Azərbaycan Partiyasının bu gün 500 min üzvü var. Elə xalqın Yeni Azərbaycan Partiyasına inamının nəticəsidir ki, partiyamız nəinki ölkədə, hətta regionda ən böyük və nüfuzlu siyasi təşkilatdır. Partiyanın Gənclər Birliyinin isə 180 min üzvü var."
Gənclər Birliyinin fəaliyyətindən danışan R.Həsənov, təşkilatın ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etdiyini də vurğuladı: "1995-ci ildə yaranan YAP Gənclər Birliyinin ilk sədri hazırda YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov olub. Bu gün Gənclər Birliyi 1 sədr, 4 müavin, 11 departament, 6 koordinasiya mərkəzi və regionlardakı təşkilatlardan ibarətdir."
YAP Gənclər Birliyini sədri onu da qeyd etdi ki, təşkilat indiyə kimi bir çox layihələr, tədbirlər həyata keçirib. O, həmçinin, təşkilatın "Yeni Azərbaycan Gəncləri" qəzetinin nəşr edildiyini və mətbu orqanın gənclər üçün açıq tribuna olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, qəzet 2 ilə yaxındır ki, fəaliyyət göstərir.
Görüşdə Qırğızıstanın "Ağ Yol" hakim Partiyası Gənclər Birliyinin sədr müavini Çingiz Abdimomulov isə Azərbaycana səfərlərindən və keçirdikləri görüşlərdən məmnun olduğunu bildirdi. Təşkilat sədri bildirdi ki, iki ölkə gəncləri arasında keçirilən belə görüşlər gənclər arasındakı əlaqələrin daha da yaxşılaşmasına xidmət edir.
Ç.Abdimomulov YAP Gənclər Birliyinin təcrübəsindən yararlanmağın da zəruriliyini vurğuladı.
Tədbirdə, həmçinin, gənclər arasında seçki, diaspor fəaliyyəti və s. mövzularda qarşılıqlı müzakirələrin keçirildiyini bildirdi. Sonda gənclər xatirə şəkili çəkdirdilər.
Qeyd edək ki, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı Ofisinin dəvəti ilə Bakıda səfərdə olan Qırğızıstandan gələn müxtəlif siyasi partiya və ictimai təşkilatları təmsil edən gənclərdən ibarət nümayəndə heyəti bir sıra gənclər təşkilatları ilə də görüşlər keçirəcək.