PDF Oxu

Əsas

  • 10

Milləti yaşadan onun dilidir

Milləti yaşadan onun dilidir
Artıq iki ildən çoxdur ki, "Səs" qəzeti ənənəvi olaraq, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən mühüm hadisələr ətrafında dəyirmi masalar təşkil edir. Bu ənənənin davamı olaraq, dünən "Səs" qəzeti redaksiyasında "Azərbaycan dili və onun müasir dövrdə aktual problemləri" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının sədri, millət vəkili, professor Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının üzvü, millət vəkili Aynur Quliyeva, ADPU-nun elmi işlər üzrə prorektoru, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor Vilayət Əliyev, BDU-nun şərqşünaslıq fakültəsinin türk filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Vaqif Qurbanov, filologiya elmləri namizədi, dosent, ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Həsən Balıyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Sevinc Məmmədova, Qaradağ rayon 16 saylı Bakı Peşə Litseyinin direktoru Əlizaman Babaşov və Səbail rayon 8 saylı orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bədircahan Ağabəyli iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev açaraq, müasir dövrümüzdə Azərbaycan dilində olan müəyyən problemlərin dövri mətbuatımızda qəzet və televiziyalara öz təsirini bildirdi. O, qeyd etdi ki, Azərbaycan dilinin saflığı, təmizliyi ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman qorunmuş və 2001-ci il tarixində Azərbaycan dilinin təkimlləşməsi ilə bağlı imzaladığı sərəncamı əsasında dilimizə diqqət və qayğı daha da artmışdır. Çağdaş dövrümüzdə dil siyasəti ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

Qəzetin şöbə müdiri dəyirmi masa iştirakçılarına Azərbaycan mətbuatında, eləcə də, danışıq dilində mövcud olan halların aradan qaldırılmasında hansı addımlar atılmalıdır sualı ilə müraciət etdi:

BUGÜNKÜ DÜNYA YAZAN DÜNYADAN DAHA ÇOX DANIŞAN DÜNYADIR

Nizami Cəfərov:

- Ayrı-ayrı televiziyaların, KİV-lərin bir-birindən fərqli cəhətlərini xarakterizə etsək, onda əsas olaraq peşəkarlıq məsələsinə diqqəti yönəltməliyik. Bu, doğrudan da, müzakirə olunmalı aktual məsələlərdən biridir. Təbii ki, istənilən jurnalistin, aparıcının özünəməxsus, fərdi dili olmalıdır. Bu, normal haldır. Mən bununla razıyam, yəni, əgər bir televiziyanın dili varsa, bu, tətbiq olunmalı və müzakirəyə çıxarılmalıdır. Biz burada, ümumiyyətlə, ünsiyyət vasitəsi olan dildən danışmırıq. Burada fərdin dilindən danışılır və bu fərdi dil öz-özünə mövcuddur. Burada ayrı-ayrı jurnalistlərin, aparıcıların və mən deyərdim ki, hətta bu sahəyə təsadüfi gələn fərdlərin dili müzakirə olunmalı və bu jurnalistlərin işlədikləri televiziyaların onların dil imkanlarını göstərmək üçün nə dərəcə texniki imkanlar yaratdığını müzakirə etməliyik. Bundan başqa ümumi məsələlər də özünü göstərir.

Bildiyimiz kimi, uzun illər televiziya və radiolarımızda mətni yazıb oxuyurduq. Yəni, sərbəst danışmaq anlayışı xeyli sonralar meydana çıxmışdır. Hətta mənim yadımdadır ki, hansısa bir televiziya və ya radio vasitəsilə çıxış edənlərin kifayət qədər danışıq qabiliyyəti olmasına baxmayaraq, yenə də həmin şəxslərə müəyyən məhdudiyyətlər qoyulurdu. Bu da istər-istəməz həmişə bizim danışıq üslubumuza gətirib çıxarırdı, yəni yazı intonasiyasına. Bu isə tamamilə səhv idi. Çünki yazı dili ilə şifahi nitq tam fərqlidir. Bu ənənə müasir dövrümüzdə də öz təsirini saxlayıb. Qəribədir ki, buna savadlılıq, ədəbilik nümunəsi kimi baxılır. Bu isə uzun illərin mənfi mənada ənənəsindən, təcrübəsindən irəli gəlir.

Bugünkü dünya yazan dünyadan daha çox danışan dünyadır. Azərbaycanlılar o qədərdə yaxşı danışan millət hesab olunmur. Deyək ki, məsələn, bizim başqa xalqlarda olduğu kimi, uzun illər teatrımız, kinomuz olmayıb. Uzun müddət biz danışmaqdan qorxmuşuq, utanmışıq. Bizim danışıq dili imkanlarımızda da xeyli problemlər var. Söhbət ədəbi danışıqdan gedir. Yəni, dialekt, şivə, ləhcə səviyyəsində bizim danışıq tərzimiz normaldır. Amma bu danışıqla mühazirə oxumaq olmaz. Şifahi danışıq dilinin ənənəsinin zəif olduğunu dedikdə, mən bunu nəzərdə tuturam. Burada söhbət ağlına gələni danışmaqdan getmir. Söhbət akademik, publisist səviyyədə və ya lazımi siyasi leksikon və məntiqlə danışıqdan gedir.

Başqa bir problem bundan ibarətdir ki, biz danışıq dili ilə məşğul olduğumuza görə, yazılı informasiya vasitələrimizdə belə problem yaranır. Yəni, vaxtilə əgər bizim qəzetlərimiz və jurnallarımızda yazı dilinin normalarına çox ciddi əməl olunurdu. Çünki yazı dilindən istifadə edirdik. Amma bu gün necədir? Bu gün daha çox müsahibələrdən, danışıqlardan birbaşa yazı dilinə keçilir. Yəni, mikrofon vasitəsilə lentə alınan danışıqlar olduğu kimi qəzetlərdə dərc edilir. Bu danışığı yazıya çevirmək çox ağır məsələdir, bu mənada ki, vaxt məhdudiyyəti imkan vermir. Bu baxımdan, qəzetlərimizin, jurnallarımızın dilində şifahi dildən irəli gələn müəyyən problemlər ortaya çıxır. Bizim qəzetlərimizdə, artıq əvvəllər olduğu kimi, korrektorluq institutu, demək olar ki, yoxdur. Çünki hamı savadlıdır. Amma əvvəl korrektordan keçməyən bir yazının çapa getməsi qeyri-mümkün idi. Bir də bizim dilimizin düşdüyü bir şəraitdə belə problemlər var. Amma mən yenə də düşünürəm ki, bu, inkişaf yoludur. Müasir zamanda Azərbaycan dili inkişaf edib. Düşünürəm ki, bizim söhbətimiz də bu istiqamətdə qurulmalıdır. Birincisi, ümumi cəmiyyətdən irəli gələn dil məsələləri, ikincisi, dilimizin özünün vəziyyətindən yaranan məsələlərin və bu prosesdə, bu mühitdə danışanın, yazanın fərdi üslub imkanları. Yəni, bu, artıq inkişaf etdirilməlidir. Şəraitin mürəkkəbliyinə baxmayaraq yetişdirilməlidir. Hər halda, indi bunun üçün münbit şərait var.

Bütün bunlara əlavə etməliyik ki, iyirmi birinci yüzillikdə, dilimizin inkişafına şərait yaradan milli dövlətçiliyimiz var, dilimizin inkişafı ilə bağlı 1990-cı ilin ortalarında ciddi müzakirələr gedirdi. 2001-ci ilin iyun ayında ümummilli liderimiz Heydər Əliyev dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzaladı. Bu fərman, ümumiyyətlə, Azərbaycan dilinin mövcud olduğu tarix boyu Azərbaycan dilinə bu qədər yüksək qiymət verilməsinin qarşısında geniş perspektivlərin açılmasının elan olunması və bununla yanaşı problemlərin də göstərilməsi demək idi. Bundan sonrakı illərdə dövlət dili haqqında qanunun qəbul olunması bir daha dövlətin dilə olan qayğısını göstərdi. Bütün bunlar bizə imkan verir ki, qeyd olunan məsələləri belə məsuldar bir mühitdə müzakirə edək.

"Səs" qəzetinin əməkdaşı: Bəzən deyirlər ki, uşağın xarici dil öyrənməsi nə elmi, pedaqoji, nə də, psixoloji cəhətdən düzgün deyil. Bu fikirə münasibətiniz necədir?

JURNALİSTİKADA PEŞƏKARLIQLA İSTEDAD BİR-BİRİ İLƏ AHƏNG TƏŞKİL ETMƏLİDİR

Aynur Quliyeva:

- Ümumiyyətlə, mən belə düşünürəm ki, bir neçə dil bilmək, bir adam üçün onun fikirlərini daha aydın ifadə etməsinə şərait yaradır. Nə qədər çox dil bilsək, xeyrimizədir. Lakin bizim mentalitetimizdən, yoxsa hansısa amildən irəli gələn bir haldır ki, qeyri-dili öyrənmək istəyən şəxs milli dilimizi yaddan çıxarır. Bu gün qloballaşan dünyada hər kəs daha çox əksəriyyətin bildiyi dildə danışmaq istəyir. Azərbaycanın rəsmi nümayəndələrinin beynəlxalq təşkilatlarda çıxışına nəzər salsaq, görərik ki, bizim xalq Azərbaycan dilini yaxşı bilir və fikrimizi çox yüksək səviyyədə ifadə edə bilirik. Amma dünya bunu başa düşmürsə, bu, bizə heç nə verməyəcək. Biz onların başa düşdüyü dildə danışmalıyıq, başqa yolu yoxdur. Bütövlükdə dilimizə münasibətə gəldikdə, mən belə hesab edirəm ki, bizim dillə bağlı problemlərimiz orta məktəbdən, ilk təhsildən başlayır. Mən öz oxuduğum illəri xatırlayıram, nəinki sovet dövründəkini. İndi də dillə bağlı dərslər çox aşağı səviyyədədir. Ümumiyyətlə, bizdə qrammatika, sintaksikslə bağlı uşaqların bilikləri çox məhduddur. Bu da, təbii ki, bizim üçün çox böyük problemlər yaradır. Orta məktəbi bitirmiş uşaqlar mətbuat sahəsində, televiziyada işləməyə başlayanda təbii olaraq ortaya böyük problemlər çıxır. Bu gün biz bu sahədə daha çox elektron və yazılı medianı günahlandırırıq. Təbii ki, haqqımız da var. Çünki bu sahələrdə peşəkarlıq çox aşağı səviyyədədir və ümumiyyətlə, onları işə götürən hansısa bir media strukturunun rəhbəri peşəkarlığa müəyyən məqamlarda üstünlük vermir. Düzdür, çox zaman deyirlər ki, jurnalistika elə bir sahədir ki, burada istedad daha böyük rol oynayır. Amma eyni zamanda, peşəkarlıqla istedad bir-biri ilə ahəngdarlıq təşkil etməlidir. Ona görə də, istedadlı insanın belə dilin qanunlarını bilmədən işə məsuliyyətlə yanaşması mümkün deyil.

TƏDRİS MÜƏSSİSƏLƏRİNDƏ KİFAYƏT QƏDƏR SAVADLI MÜƏLLİMLƏR FƏALİYYƏT GÖSTƏRİRLƏR

Nizami Cəfərov:

- Sizin fikrinizə əsasən, orta məktəb dərsliklərində problemlər var. Orta məktəb dərsliklərinin mütləq əksəriyyətinin müəllifi mənəm və dəqiq bildiyim, araşdıraraq qənaətə gəldiklərimi yazmışam. Dərsliklərin yarı hissəsini orta məktəb müəllimləri və pedaqoqlar yazıblar. Yəni, uzun müzakirələrdən sonra dərsliklər yazılıb. Belə deyək ki, tədris müəssisələrində də kifayət qədər savadlı orta məktəb müəllimləri fəaliyyətdədir. Amma dilin qrammatikasını bilmək lazımdır. Bu sahədə son zamanlar jurnalistika sahəsində problemlər yaşanır. Bir zamanlar jurnalistika fakültəsinə ən azı filologiya fakültəsini bitirməyən təhsilli mütəxəssisləri mətbuata yaxın qoymazdılar. Nə televiziyaya, nə radioya, nə yazılı informasiya vasitələrinə. Amma indi dövr elə gəlib ki, kimin ağlına nə gəldi yazır. Bu gün bizim istənilən qəzetimizdə həmin fərdlər çalışırlar. O şəxslər jurnalistika təhsili almayıblar. Belə insanlar bilmirlər ki, cəmiyyətlə nə dildə danışmaq lazımdır. Yalnız sırf öz iddiaları ilə məşğuldurlar. Ona görə də, mətbuat siyasiləşdi və rekert mətbuata çevrildi. Belə mətbuatda, əlbəttə ki, söyüş olacaq, tərbiyəsiz ifadələr səslənəcək.

NİTQ POETİK, QRAMMATİK VƏ LEKSİK NORMALARA ƏSASLANMALIDIR

Vaqif Qurbanov:

- Burada təkcə dilçilik məsələləri deyil, nitq problemləri də ortaya çıxır. Mən mətbuatda, radioda, televiziyada çalışanların nitqinə diqqət yetirirəm. Özüm nitq mədəniyyətindən dərs dediyimə görə, düşünürəm ki, nitq poetik, qrammatik və leksik normalara əsaslanmalıdır. Biz orta məktəbdən öyrədə bilmirik ki, şivədə yox, ədəbi dildə danışmaq lazımdır. Çünki bəzi müəllimlər də, buna lazımı səviyyədə yiyələnə bilməyiblər. Nə qədər çalışsaq da, biz bunu öyrənə bilmirik. Bütün dərsliklərdə yazılış və deyiliş formaları fərqləndirilir. Bilmirəm nədənsə biz bunu öz təfəkkürümüzə yeridə bilmirik. Bununla bağlı konkret faktlar da var. Məsələn, biz hələ indiyədək müəyyənləşdirə bilməmişik ki, uşaq sözünün tələffüzü necə olmalıdır. Bir qayda olaraq, şagirdlər orta məktəbdə sözlərin yazılış formasını tələffüz edirlər. Orfoepik forma isə tamamilə yaddan çıxıb. Bu da vahid orfoepiya lüğətinin olmaması ilə əlaqədardır.

ÜMUMMİLLİ LİDERİMİZ DÜNYANI GƏZƏRKƏN, ƏLİNDƏ İKİ SİLAH TUTURDU: BİRİ BAYRAQ, DİGƏRİ İSƏ DİL İDİ

Vilayət Əliyev:

- Mən belə düşünürəm ki, biz belə müzakirələr etməklə toplantının əsas mövzusundan kənara çıxmış oluruq. Məsələnin əsas məğzi hazırkı zamanda respublikamızda ayrı-ayrı telekanallarda, mətbuat səhifələrində Azərbaycan dili, onun bugünkü ümumi vəziyyəti, bu dilin qorunması və ayrı-ayrı sahələrdə tətbiqindən ibarətdir. Bu da çox vacib məsələlərdəndir. Xalqın dili yarandığı gündən onu bir yerə toplamaq üçün bir amal olmuşdur. Lakin dilin qorunması, dilə qayğı, xalq və millət formalaşandan sonra çox aktual problemə çevrilmişdir. Əgər biz 20 il bundan əvvəlki dövrə nəzər salsaq, görərik ki, Azərbaycanda Azərbaycan dilində danışılan sahələrdə və ayrı-ayrı insanların dilə münasibətində vəziyyət başqa cür olmuşdur. Artıq neçə ildir ki, biz müstəqil dövlət qurmuşuq.

Bu dövlət qurulana qədər də bizim dilimiz var idi. Dilimiz yaşayırdı. Onu yaşadan isə xalq idi. Xalqın müəyyən nümayəndələri idi. Yazı olmadığı bir dövrdə aşıqlarımız, analarımız, el ağsaqqalarımız bu dili yaşatmışdır. Mən deyərdim ki, tarix boyunca Azərbaycan dilinə heç vaxt belə münasibət olmamışdır. Bu baxımdan ki, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizdən olan dilimizin qorunmasına da böyük qayğı göstərmişdir. O, çox böyük uzaqgörənlik göstərərək, dövlət dil komissiyası yaratdı. Komissiyanın tərkibinə ayrı-ayrı sahələrdə dilçiliklə məşğul olan filoloq alimləri daxil etdi. Çox təəssüf ki, bu komissiya indi fəaliyyət göstərmir. Onun fəaliyyət göstərməməsinin əsas problemli cəhəti isə bu sahəyə nəzarətin olmamasıdır. Bu gün Azərbaycan açıq bir ölkədir. Bakının küçələrində müxtəlif xalqların nümayəndələrini görmək mümkündür. Hətta burada onların müxtəlif peşə sahələrində fəaliyyət göstərdiklərini də müşahidə etmək olar. Belə bir dövrdə dilin qorunması çox mühüm əhəmiyyət kəsb etməyə başlayır. Azərbaycan dili beynəlxalq arenaya çıxır.

Ümummilli liderimiz Heydər Əliyev bütün dünya ölkələrini gəzərkən, əlində iki silah tuturdu. Bunlardan biri bayraq, digəri isə dil idi. O, danışığı, nitqi ilə bütün beynəlxalq təşkilatlarda Azərbaycan dilini səsləndirirdi. O, elə-belə adamın nitqi deyildi. Heydər Əliyev kimi dünyada gedən bütün prosesləri dərk edən bir İnsanın nitqi idi. Bu dildə danışarkən bütün dünyanı Ona qulaq asmağa vadar edirdi. Beləliklə O, Azərbaycan dilinə olan marağı artırırdı. Heydər Əliyev "Dilimiz necə adlandırılmalıdır" sualı ətrafında aparılan müzakirələrdə belə bir fikir səsləndirmişdi ki, dilimiz Azərbaycan dili adlandırılmalıdır. Hələ o zaman Bakıda türkdilli ölkələrin mədəniyyət nazirlərinin toplantısında Heydər Əliyev Azərbaycan dilinin türk dillərinin bir üzvü olduğunu vurğulamışdı.

Hazırda Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri fəaliyyət göstərir. Gəlin diqqət yetirək, görək onların hansı biri Azərbaycan dilinə hörmətlə yanaşır. Yalnız ABŞ səfirinin bu sahədə irəlidə olduğunu qeyd etmək olar. Belə ki, Azərbaycana gəldiyi gündən milli dilimizi öyrənməyə cəhd göstərir. Digərləri isə belə bir addım atmağa heç cəhd də göstərmirlər. Ancaq hansısa bir millətin hörmətini qazanmaq üçün onun dilində danışmaq lazımdır.

Nizami Cəfərov:

- Mahmud Kaşğari belə bir ifadə işlətmişdir ki, hər hansı bir millətin dilini öyrənmək ona hörmət əlamətidir. Buradan belə çıxır ki, digər millətlər M.Kaşğarinin fikrini bizdən yaxşı bilirlər. O məqama bir daha toxunmaq istəyirəm ki, Heydər Əliyev türkdilli ölkələrin toplantısında belə bir mövqe ortaya qoymuşdur ki, Azərbaycan dilini türk dilləri qrupuna aid etmək lazımdır. Baxmayaraq ki, onun adı Azərbaycan dilidir.

Vilayət Əliyev:

- Mən burada başqa bir məqama, doğulan uşaqlara adların düzgün qoyulmasına diqqət yetirmək istədim. Bu mənada Türkiyə türklərinin ad seçmi çox doğru və düzgün olduğunu nəzərinizə çatdırıram. Onların qoyduğu adlar çox gözəl və mənalı adlardır. Onlar uşaqlarına elə bir ad verirlər ki, ömrü boyu o adla fəxr etsin. O ki qaldı televiziyalara şou məqamına daha çox diqqət yetirmək istərdim. Biz şounun əleyhinə deyilik. Lakin onlar insanların mənəviyyatını korlamamalıdır. Azərbaycan dilinə nöqsanlar gətirməməlidir.

(Ardı var)

Digər xəbərlər