PDF Oxu

Əsas

  • 15

Milləti yaşadan onun dilidir

Milləti yaşadan onun dilidir
(Əvvəli ötən sayımızda)

Artıq iki ildən çoxdur ki, "Səs" qəzeti ənənəvi olaraq Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən mühüm hadisələr ətrafında dəyirmi masalar təşkil edir. Bu ənənənin davamı olaraq, "Səs" qəzeti redaksiyasında "Azərbaycan dili və onun müasir dövrdə aktual problemləri" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının sədri, millət vəkili, professor Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının üzvü, millət vəkili Aynur Quliyeva, ADPU-nun elmi işlər üzrə prorektoru, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor Vilayət Əliyev, BDU-nun şərqşünaslıq fakültəsinin türk filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Vaqif Qurbanov, filologiya elmləri namizədi, dosent, ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Həsən Balıyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Sevinc Məmmədova, Qaradağ rayon 16 saylı Bakı Peşə Litseyinin direktoru Əlizaman Babaşov və Səbail rayon 8 saylı orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bədircahan Ağabəyli iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev açaraq, müasir dövrümüzdə Azərbaycan dilində olan müəyyən problemlərin dövri mətbuatımızda qəzet və televiziyalara öz təsirini bildirdi. O, qeyd etdi ki, Azərbaycan dilinin saflığı, təmizliyi ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman qorunmuş və 2001-ci il tarixində Azərbaycan dilinin təkmilləşməsi ilə bağlı imzaladığı sərəncamı əsasında dilimizə diqqət və qayğı daha da artmışdır. Çağdaş dövrümüzdə dil siyasəti ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

Qəzetin şöbə müdiri dəyirmi masa iştirakçılarına "Azərbaycan mətbuatında, eləcə də, danışıq dilində mövcud olan halların aradan qaldırılmasında hansı addımlar atılmalıdır" sualı ilə müraciət etdi:

SƏHNƏ MƏDƏNİYYƏTİ, SƏS İMKANLARI OLMAYANLARIN YARIŞLARDA YER ALMALARINI BİRMƏNALI QARŞILAMAQ OLMAZ

Aynur Quliyeva:

- Mən bəzi məsələdə, əsasən, telekanalları günahlandırıram. Bu baxımdan ki, həyata keçirilən müəyyən layihələri telekanallardan izlədikdən sonra mənfi fikirlər formalaşmağa başlayır. Məsələn, ANS TV-nin gerçəkləşdirdiyi "Toylar kralı" layihəsinin təsadüfən son buraxılışına tamaşa etdim və mənim diqqətimi çəkdi. Verilişdə çox aşağı səviyyəli, heç bir musiqi təhsili olmayan insanların təbliğ edilməsinə əsas yer verilmişdi. Belə insanların yeri efir deyil. Heç bir səhnə mədəniyyəti, səs imkanları olmayan şəxslərin yarışlarda yer almalarını birmənalı qarşılamaq olmaz. Bu layihədə çıxış edən "istedadlı musiqiçilər"in yeri səhv düşüb. Guya onlar sənət göstərirlər, amma başdan ayağa xaric oxuyurlar. Yarışmada iştirak edən və münsiflər qismində çıxış edən musiqiçilərimiz də onları elə tərif edirlər ki, guya bunlar böyük sənətkardırlar. Hətta tamaşaçılar verilişin sonunda onlara bir milyon səs göndərmişlər. Gəlin, biz hansısa bir maarifləndirici nöqteyi-nəzərindən olan bir layihə üçün cəmiyyətə müraciət edək, lap çıxıb televiziyalarda saatlarla çıxış edək, görək, bizə bir milyon səs göndərən olacaqmı? Uşaq evlərinə, əlillərə belə bir yaxşılıq edərikmi? Amma adını müğənni qoymuş iki qeyri-professionalın yarışmasında qalibin seçilməsinə səs veririk.

HEYDƏR ƏLİYEVİN ÇIXIŞLARINA QULAQ ASMAQ NİTQ MƏDƏNİYYƏTİNİ, AZƏRBAYCAN DİLİNİ YÜKSƏK SƏVİYYƏDƏ ÖYRƏNMƏK DEMƏK İDİ

Rüfət Rüstəmov:

- Mən, əvvəla, "Səs" qəzetinə təşəkkür edirəm ki, belə bir mövzu ətrafında dəyirmi masa təşkil edib. Bəzən mühüm əhəmiyyəti olan məsələlərə soyuq münasibətdə oluruq, amma unutmamalıyıq ki, Azərbaycanın sivil səviyyədə inkişafına xırda iş kimi qəbul etdiyimiz bəzi hallar təsirini göstərə bilər. Bu, çox mühüm bir mövzudur. Biz buna ciddi tərzdə yanaşmalıyıq. Unutmayaq ki, biz Azərbaycan ziyalılarıyıq. Əgər televiziyada çıxış etmiş olsaq, bizə tamaşa edənlər hər bir ziyalıdan çox şey gözləyəcəklər ki, görək bu alimlər nə tövsiyə edirlər ki, biz səhv addım atmayaq. Mən buna görə sizə təşəkkür edirəm. Bu mövzu ilə əlaqədar fikirlərim çoxdur. Mən heç kimin çıxışına müdaxilə edib, onu tənqid etmək istəmirəm. Azərbaycanın mədəniyyət və incəsənətinə hörmətlə yanaşmaq lazımdır. Hər halda iki müğənninin efirdə çıxıb sənət nümayiş etdirməsinin heç bir pis tərəfi yoxdur. Əksinə, klassik musiqinin bəzilərini bizə məxsusi tərzdə təqdim edirlər və biz də dinləyirik.

Mən daha çox nitq mədəniyyətinə yüksək səviyyədə malik olan insanların çıxışına qulaq asıram. Ulu öndərimiz Heydər Əliyev bu mənada Azərbaycan xalqı üçün böyük örnəkdir. Onun çıxışlarına qulaq asmaq nitq mədəniyyətini, eyni zamanda, Azərbaycan dilini yüksək səviyyədə öyrənmək demək idi. Bu nöqteyi-nəzərdən Azərbaycan dilinə yanaşmaq lazımdır.

Qəzetin əməkdaşı:

- Rüfət müəllim, son vaxtlar bir çox türk sözlərinin dilimizə daxil olması nə dərəcədə düzgündür? Xüsusilə də, uşaqlar arasında bu hala tez-tez təsadüf olunur. Bu sahənin mütəxəssisi olaraq fikirlərinizi bilmək maraqlı olardı.

DİL XALQIN TOXUNULMAZ SƏRVƏTİDİR

Rüfət Rüstəmov:

- Siz, tamamilə haqlısınız. Düzdür, Türkiyədə ortaq türk dili, ortaq türk mədəniyyəti yaradılması məqsədilə tədbirlər təşkil olunur. Ümumiyyətlə, bu, çox gözəl proyektdir. Bu proyekti işləyib hazırlamaq lazımdır. Sizin dediyiniz fikirdən belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan xalqı 15 ildir təqlidçiliklə məşğuldur. Yəni, hər bir dilin öz spesifik xüsusiyyətləri, onun danışıq tərzi var. Müasir türk ədəbi dilində karlaşma və cingiltiləşmə qanunu var. Kar samitlər sözün sonunda işlədilmir. Məsələ burasındadır ki, məhz bu incəlikləri bilməyən bir azərbaycanlı türk dilində söz işlətdikdə, mütləq bir xəta meydana çıxacaq. Bizim dövrü mətbuatın dilinə baxsaq, o bərbad vəziyyətdədir. Ona görə mətbu orqanlarda ağızlarına gələni yazırlar. Şifahi nitq necədirsə bu, o şəkildə də yazıya alınır. Özünün eşitdiyi, haradansa oğurladığı bir termin qəzet dilinə gətirilir. Bu, düzgün deyil, bunun qarşısı alınmalıdır. Biz bir şeyi dərindən dərk etməliyik ki, dil xalqın toxunulmaz sərvətidir. Dildən danışdıqda, bir az ehtiyatla danışmaq və ona hörmətlə yanaşmaq lazımdır.

Mən açığını deyim ki, siz hamınız mənim üçün doğma insanlarsınız. Amma burada belə bir fikir səsləndi ki, uşaq orta məktəbdə savadsız yetişir. Elə deyil. Orta məktəbdə də həyatını, canını qoyan, ona bütün potensialını həsr edən mütəxəssislər var. Gəlin, götürək türklərin yazdığı orta məktəb kitablarını. Görün nə vəziyyətdədir. Amma bizim dərsliklərə baxanda, görürsən ki, onun qrammatikası, fonetikası, leksikası, morfologiyası da təkmil formadadır. O ki qaldı xarici dil məsələsinə, deyim ki, xarici dili öyrənmək üçün zəka lazımdır. Dil bilmək ikinci bir insan olmaq deməkdir. Dil mədəniyyətdir, ünsiyyət vasitəsidir. Dili alimlərdən öyrənmək lazımdır. Balzakın gözəl bir sözü var: "Biliyinin əfəndisi olmaq üçün çalışmanın köləsi olacaqsan". Yəni, elmi cəhətdən hər şeyi öyrənmək lazımdır.

İfadə etdiyin fikri kiməsə şamil edərkən səni dinləyən şəxs bilməlidir ki, özün Azərbaycan ədəbi dilinə lazımi səviyyədə riayət edirsən. Ziyalı sırf ədəbi dildə danışmalıdır. Sırf qəbul olunmuş Azərbaycan dili normaları əsasında. Ziyalı efirdə doğulub boya-başa çatdığı el-obanın dilində danışa bilməz. Bizim çox hörmət etdiyimiz alim Vilayət Əliyev də folklorumuzdan danışdı. Əlbəttə, şifahi xalq ədəbiyyatı dilin əsas xammalıdır. Nizami Cəfərov kimi ziyalılar efir vasitəsilə öz etirazlarını bildirməlidirlər ki, televiziyada çıxış edən insanlara rəhbərlik tərəfindən xəbərdarlıq edilsin və istənilən sahənin mütəxəssisi qəbul olunmuş dil normalarından kənara çıxmasın. Onlara xalq baxır. Hər sözü ifadə edərkən düşünmək, leksik mənasına diqqət yetirmək vacibdir. Fikrin, sözün məsuliyyətini daşımaq lazımdır. Amma bütövlükdə Azərbaycan dili zəngin və çox gözəl dildir, mən deyərdim ki, bütün dillərin şahıdır. Belə bir dilə hörmətlə yanaşmaq lazımdır.

Nizami Cəfərov:

- Bilirsiniz nəyə görə bizim televiziyalarımızda belə nöqsanlar yaranır? Çünki orada danışanların mütləq əksəriyyəti müğənnilərdir və həmin şəxslər qrammatikanı lazımı şəkildə bilmədiklərindən Azərbaycan dilinin gözəlliyinə xələl gəlir. Qeyri-sahənin mütəxəssisi veriliş aparır. Səhnədə ifa etmək əvəzinə, aparıcılıq edir.

Qəzetin əməkdaşı:

- Burada orta məktəb nümayəndələri də iştirak edir. Onların fikirlərini dinləmək pis olmazdı. Görəsən, orta məktəbdə Azərbaycan dili hansı səviyyədə tədris olunur?

TELEVİZİYA TƏRBİYƏEDİCİ FUNKSİYANIN DAŞIYICISIDIR

Əlizaman Babaşov:

- Çox təşəkkür edirəm ki, məni də dəyirmi masaya dəvət etmisiniz. Müzakirə zamanı mən burada çox şeylər öyrəndim. Azərbaycan dili, əlbəttə, çox zəngin dildir. Bu dilin müasir zamanda qorunması, yaşaması üçün qeyd olunduğu kimi, dövlət tərəfindən yüksək tədbirlər görülür. Mən də bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. Mənim doğulduğum, böyüdüyüm kənddə nənəm nöqtə-vergül yeri və qrammatikanı bilmədiyi halda bayatını çox səlis deyirdi. Doğurdan da, bu deyimə valeh olmamaq mümkün deyildi.

Pedaqoq kimi təcrübəmə əsaslanıb deyərdim ki, orta məktəbdən əvvəl tərbiyə, məhz ailədən başlayır. Ailədən sonra isə televiziyanın, mətbuatın böyük rolu var. Çünki bugünkü müasir uşaqlar qadağan etdiyimiz şeyləri televiziyadan izləyib görürlər. Televiziya tərbiyəedici funksiyaya malikdir. Elə mətbuatın özü də. Əvvəllər mətbuatda hansısa bir səhv gedəndə növbəti sayda o səhvə düzəliş verilirdi. Çox təəssüf ki, bu hallar bu gün diqqətdən kənarda qalıb.

Dili qorumaq, yaşatmaq onu inkişaf etdirmək, əlbəttəki dövlətlə bərabər xalqın da borcudur. Şou proqramlarına gəlincə isə, demək istərdim ki, Türkiyədə reklam işlərində belə türk dilinə, türk millətinə böyük hörmətlə yanaşılır. Amma bütün bunlara baxmayaraq, yenə də demək istəyirəm ki, bu sahədə bizdə böyük irəliləyişlər var.

VƏTƏNPƏRVƏRLİK DİLƏ HÖRMƏTDİR

Bədircahan Ağabəyli:

- Azərbaycan dili zəngin və orijinal bir dildir. Bu dil dünya xalqlarının dilindən özünün fərqli cəhətləri ilə səciyyələnir. Mən bir dil-ədəbiyyat müəlimi kimi deyərdim ki, orta məktəb bazasında şagirdlərə Azərbaycan dilinin spesifik qanunauyğunluqları öyrədilir və onlar vətənpərvər ruhda tərbiyə alırlar. Vətənpərvərlik dilə hörmətdir. Yetişən nəsil Azərbaycan dilinə hörmətlə yanaşmağı bacarır və onun yad ünsürlərdən qorunmasına gələcəkdə nail olacaq.

Orta məktəb dərsliklərində tədris proqramları əsasında nəzərdə tutulmuş dilin qrammatikası lazımi bir səviyyədə uşaqlara çatdırılır və sintaktik, qrammatik, morfoloji cəhətdən dilin qanunauyğunluqlarının öyrənilməsinə nail oluruq. Dil ünsiyyət vasitəsidir. Bunun üçün dilin qrammatik cəhətdən öyrənilməsi vacib şərtlərdən biridir ki, hər kəs, xüsusilə də, ziyalılar ədəbi dil normalarına riayət edərək ünsiyyət yarada bilsinlər və fikirlərini aydın, səlis, ardıcıllıqla qarşı tərəfə çatdırmaq imkanına nail olsunlar. Hər bir valideyn, eləcə də, məktəbdə tədris edən müəllim öz yeniyetmələrinə Azərbaycan dilini sevdirməli və ona məhəbbət yaratmalıdırlar. Dilə məhəbbət olmadan onu qorumaq da mümkün deyildir. Biz hamımız birgə bunu həyata keçirməliyik.

Dil dövlətin ən əsas silahıdır. Dilimizin saflaşmasında, təmizliyinin qorunmasında yetişən nəslin təfəkkürünə lazımi səviyyədə təsir etməyi bacarmalıyıq. Kifayət qədər bu sahənin mütəxəssisləri, orta məktəb müəllimləri var. Tədrisimizin bünövrəsi güclüdür. Bunu daha da təkmilləşdirilmiş şəkildə təqdim etməliyik ki, qeyri-dillərin təsirinə düşməyək.

DÖVLƏT HƏR HANSI ÖLKƏNİN MÜSTƏMLƏKƏSİNƏ DÜŞƏNDƏ DİL HƏMİN İMPERİYA TƏRƏFİNDƏN HÜCUMLARA MƏRUZ QALIR

Aynur Quliyeva:

- Dil haqqında aylarla, illərlə danışmaq olar. Bu, çox maraqlı bir mövzudur, amma mən əsas diqqəti cəmiyyətin və xalqın dilə münasibətinə yönəltmək istəyirəm. Düşünürəm ki, dilə dövlət səviyyəsində nə qədər böyük qayğı göstərilsə də, cəmiyyətin dilə münasibəti dəyişməsə, heç nə dəyişməyəcək. Müzakirələrdə qeyd olundu ki, biz hər hansısa bir dili öyrənəndə onun əsarətinə düşürük. Məsələn, bilirsiniz ki, Fransa dünyanın ən çox Avropa dəyərlərinə sadiq bir ölkədir. Əgər məişət üslubunda orada danışmaq mümkün deyilsə, kiminsə Fransada ünsiyyət qurması baş tuta bilməz. Hətta rus dilində, ingilis dilində belə yaxşı bilən bir fransız qeyri-dildə ona ünvanlanan suala cavab verməyəcək. Bu halda məcburiyyət qarşısında ən azı fransız məişət üslubunda danışmağı öyrənməlisən. Bu, həmin xalqın öz dilinə münasibətini göstərir.

Mənə elə gəlir ki, biz bu məsələlərdə çox şeyi öyrənməliyik və bunu tətbiq etməyə başlamalıyıq. Biz hansı bir mühitə düşürüksə, çalışırıq onlardan nə isə götürək. Müsbət cəhətləri öyrənib işimizdə tətbiq etməliyik. Dillə bağlı bir məqama da toxunmaq istərdim ki, telekanallarımızda son vaxtlar dəbdədir ki, verilişlər yayımlanarkən, ekranların aşağı hissəsində titrlərindən tamaşaçıların, daha çox da gənclərin mesajları gəlir. Bu mesajların məzmununa fikir versək, görərik ki, Azərbaycanın bir qism gəncinin səviyyəsi nə qədər aşağıdır. Daxilən, mənəviyyatca nə qədər yoxsuldurlar. Eyni mənzərəni mən Türkiyə kanallarında da görürəm. Çox təəccüb edirəm ki, 15-17 yaş arasında olan türk gənci nə qədər duyğusaldır, nə qədər daxilən zəngindir. O baxımdan, belə düşünürəm ki, dilimizi qoruyarkən türk dilindən gələn bəzi sözlərdən qorxmamalıyıq. Çünki türk dili əsrlərlə, illərlə mövcud olan bir dildir. Amma Azərbaycan dili illərlə əsarətdə olub. Dövlət hər hansı bir dövlətin müstəmləkəsinə düşəndə, təbii ki, həmin imperiya dili tərəfindən hücumlara məruz qalır.

Bu yaxınlarda Milli Teleradio Şurasının verdiyi qərara əsasən, Azərbaycan telekanallarında türk filmləri, türk proqramları mütləq tərcümə olunmalıdır. Belə düşünürəm ki, bu əlavə xərc tələb edən addımdır. Osmanlı türkcəsindən, Azərbaycan türkcəsinə tərcümə etmək çox gülünc bir şeydir. O şeyi tərcümə edərlər ki, onu sənin xalqın başa düşməsin. Əgər biz bunu başa düşürüksə, tərcümə etməyə nə ehtiyac var.

(ardı var)

Digər xəbərlər