PDF Oxu

Əsas

  • 6

Gənclər ölkəmizin ictimai-siyasi həyatında birlik nümayiş etdirir

Gənclər ölkəmizin ictimai-siyasi həyatında birlik nümayiş etdirir
Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyininin təşkilatçılığı ilə Atatürk Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş toplantı keçirildi. YAP Gənclər Birliyinin sədri Ramil Həsənov ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsis olunmuş bu günün Azərbaycan gənclərinin həyatında əlamətdar hadisə olduğunu bildirdi. O, qeyd etdi ki, ümummilli liderimiz hər zaman gənclərə diqqət və qayğı göstərib: "Hamımıza məlumdur ki, Sovetlər İttifaqı dağılan ərəfədə və müstəqilliyimizin ilk illərində Azərbaycan gəncləri ağır durumda idilər. Onlar ya respublikanı tərk edir, ya da zərərli vərdişlərə qurşanırdılar. Amma 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də ciddi addımlar atıldı. Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 2 Fevral Gənclər Gününün təsis olunması, Gənclər və İdman Nazirliyinin yaradılması və digər addımlar fikrimizə sübutdur".

YAP Gənclər Birliyinin sədri R.Həsənov onu da bildirdi ki, sabitlik yolunu keçmiş gənclər artıq inkişaf mərhələsini yaşayırlar. O, Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan da geniş bəhs etdi. Gənclərin YAP sıralarında çoxluq təşkil etdiyini deyən Gənclər Birliyinin sədrinin fikrincə, bu fakt Azərbaycan gənclərinin dövlət siyasətini dəstəkləmələrinin sübutudur: "Ötən il partiya sıralarına qoşulmuş 36 min nəfərin 52,3 faizini gənclər təşkil edir. YAP Gənclər Birliyi ötən il ərzində bir sıra layihələr də həyata keçirib. Bu günlərdə YAP İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın Gənclər Birliyinin ötən il ərzindəki fəaliyyəti müsbət qiymətləndirilib. Bu qiymətə görə biz partiyamızın rəhbərliyinə təşəkkür edirik".

R.Həsənov gənclərimizin bundan sonra da ölkəmizin inkişafı prosesində fəal iştirak edəcəyinə əmin olduğunu vurğuladı.

YAP Gənclər Birliyinin sədr müavini Bəxtiyar Əsgərov çıxışında qeyd etdi ki, Azərbaycan gəncləri müstəqil dövlətçiliyimizin möhkəmlənməsində öz xidmətini göstərir. Bu proses dönmədən davam etməkdədir: "Ötən ilin prezident seçkilərində gənclər cənab İlham Əliyevə səs verməklə xoşbəxt gələcəyə, sabitlik və inkişafa səs vermiş oldular. Bu gün gənclərimiz böyük potensiala malik olduğuna görə bütün sahələrdə onların imkanlarından istifadə edilir və ediləcək".

YAP Xətai rayon təşkilatı gənclər birliyinin sədr müavini Könül Abbasova 2 fevral gününün təkcə bayram deyil, həm də gənclərin hesabat günü olduğunu dedi: "Həmin gün gənclər dövlət və millət üçün gördüyü işlərin hesabatını verməlidirlər".

Prezident seçkilərinin nəticələrini təqdir edən K.Abbasova gəncləri martın 18-də keçiriləcək ümumxalq səsverməsində də fəal olmağa çağırdı.

YAP Səbail rayon təşkilatı gənclər birliyinin üzvü Jalə Axundova isə gənclərin əməli layihələr həyata keçirdiyini qeyd etdi. J.Axundova gənclərin ictimai-siyasi proseslərdə də fəal rol oynadığını və bu yöndə YAP Gənclər Birliyinin uğurlar qazandığını qeyd etdi.

YAP Nəsimi rayon təşkilatının gənclər birliyinin üzvü Aygün Allahverdiyeva ümummilli lider Heydər Əliyevin gənclərə qayğısından danışdı: "Hələ ötən əsrin 70-ci illərində ulu öndərimizin təşəbbüsü ilə azərbaycanlı tələbələr keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilirdilər. Sonradan həmin gənclər güclü kadr potensialına çevrilərək respublikamızın inkişafında fəal rol oynadılar. Bu gün bu yolu davam etdirən ölkə Prezidenti İlham Əliyev cənabları təhsilimizin inkişafına və gənclərimizə böyük diqqət, qayğı göstərir".

Digər xəbərlər