Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının "Aztelekom" ilk ərazi təşkilatının tədbiri keçirildi
Dünən Bakı Biznes Universitetinin akt zalında Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının "Aztelekom" ilk ərazi təşkilatının tədbiri keçirildi. Tədbiri giriş sözü ilə "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov açaraq, qurucusu ulu öndərimiz Heydər Əliyev dühasının olduğu ilə fəxr etdiyimiz YAP-ın keçdiyi şərəfli yolu qısa təhlil etdi. O bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindəq qoyulan və Onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq siyasəti sayəsində ölkədə inkişaf üçün münbit zəmin yaradılıb: "Memarı və qurucusu ulu öndərimiz olan müstəqil Azərbaycan bu gün də Onun müəyyən etdiyi yolla ardıcıl surətdə irəliləməkdə davam edir. Cənab İlham Əliyev Prezident seçildiyi gündən qazanılmış nailiyyətlər ölkəmizin xoşbəxt gələcəyindən xəbər verir". Birliyin direktoru qeyd etdi ki, təkcə "Aztelekom" İB-nin Yasamal rayonunda yerləşən müəssisələrində çalışan işçilərin 71 faizi, 7000 işçidən 5036 nəfəri YAP-ın üzvüdür.
M.Məmmədov 2008-ci ildəki uğurlara nəzər salaraq vurğuladı ki, birlik 130 mln man gəlir əldə edib: "2004-cü ildə elektronlaşma 20 faiz təşkil edirdisə, hazırda bu rəqəm 70,1 faizə çatıb. Ən ucqar kəndlərimiz belə telefonla təmin edilib. Artıq rayon və kəndlərimiz yüksək səviyyədə internetdən istifadə edir".
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirdi ki, qısa müddət ərzində iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycan bölgənin ən güclü iqtisadiyyata malik dövlətinə çevrildi. Bunun məntiqi nəticəsi bir yandan Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzunun artması, digər tərəfdən insanların sosial-rifah halının yaxşılaşması ilə müşayiət olunur: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər iqtisadi inkişaf insanların rifahında hər hansı dəyişiklik yaratmırsa, onların yaşayışını yaxşılaşdırmırsa, onda belə iqtisadi inkişafın cəmiyyət üçün mənası və əhəmiyyəti qalmır. Bu, əslində, İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqini müəyyənləşdirən başlıca həqiqətdir. İqtisadi inkişafı təmin etməyin qarşısında duran başlıca hədəf insanların güzəranını yüksəltməkdən ibarətdir".
Millət vəkili vurğuladı ki, Azərbaycanda mövcud Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. Əslində, bu dəyişikliklər zamanın tələbidir: "Bütün ölkələrdə konstitusiyalara zaman-zaman əlavə və dəyişikliklər edilir. Bu da təbiidir, çünki konstitusiyalar, qanunlar qəbul edilərkən, mövcud vəziyyət, şərait nəzərə alınır. Bu və ya digər qanunların, qaydaların dəyişməsi həyatın, zamanın tələbinə uyğun olaraq baş verir. Bizim dövlətçilik tariximizdə ilk Konstitusiya 1995-ci ildə qəbul edilib. Hamı bilir ki, Azərbaycan Respublikasının Konstitusiyası ümummilli liderimiz Heydər Əliyevin yaratdığı müstəqil dövlətimizin ilk Konstitusiyasıdır və bu Konstitusiyanın müəllifi də ulu öndərimizdir. Doğrudur, sovetlər dönəmində Azərbaycanın müttəfiq respublika kimi Konstitusiyası olub, amma biz o zaman müstəqil deyildik. Biz ittifaqda müttəfiq respublikalardan biri olaraq ittifaq qayda və qanunlarından asılı idik.
1995-ci ildə qəbul etdiyimiz Konstitusiya zamanın tələbinə uyğun olaraq müəyyən dəyişikliyə məruz qalıb. İlk belə dəyişikliklər 2002-ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi zamanı olub. 2002-ci ildən ötən dövr ərzində yenə də Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb. Bəllidir ki, bu dəyişikliklərin təşəbbüskarı da Yeni Azərbaycan Partiyasıdır. Əslində, partiyamız xalqdan gələn istək və arzunu ifadə edib". A.Mirzəzadə onu da əlavə etdi ki, referenduma çıxarılan məsələlər bəzi dairələrin yersiz hay-küyünə baxmayaraq, xalq tərəfindən böyük dəstək qazanacaq və xalq Konstitusiyanın daha da təkmilləşməsinə, onun müasir dövrün tələblərinə uyğunlaşmasına, qanunlarımızın keyfiyyətcə yeniləşməsinə səs verəcək.
Təbdirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirdi ki, artıq YAP ümumxalq partiyasıdır. Xalqın fəaliyyətinə nüfuz edən partiyadır: "Bu gün Yasamal rayonunda YAP-ın 20 mindən çox üzvü var. Bu, böyük qüvvədir. Partiyanın üzvləri könüllü cəmiyyətdir".
Sonra tədbirdə YAP-ın İdarə Heyətinin üzvü, Bakı Metropolitenin rəisi Tağı Əhmədov çıxış etdi. O bildirdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına 3 atributu yadigardır: "Birincisi, yaradıcısı olduğu müstəqil Azərbaycan, ikincisi YAP, üçüncüsü isə, bu gün bizə rəhbərlik edən cənab İlham Əliyevdir. 70 il ərzində Kommunist Partiyasının 370 min nəfər üzvü var idisə, 17 il ərzində Azərbaycanda 52 partiya olduğu halda YAP-ın yarımmilyon üzvü var. Bu yarım milyon insan Heydər Əliyev ideyaları ətrafında birləşib".
Sonda YAP sıralarına qəbul edilmiş 365 nəfərə üzvlük vəsiqələri təqdim edildi və 21 nəfərin ərizələrinə baxıldı, həmin şəxslərin partiya sıralarına qəbul olunması qərara alındı.