PDF Oxu

Əsas

  • 9

Milləti yaşadan onun dilidir

Milləti yaşadan onun dilidir
(Əvvəli ötən sayımızda)
İki ildən artıqdır ki, "Səs" qəzeti ənənəvi olaraq Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən mühüm hadisələr ətrafında dəyirmi masalar təşkil edir. Bu ənənənin davamı olaraq, "Səs" qəzeti redaksiyasında "Azərbaycan dili və onun müasir dövrdə aktual problemləri" mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının sədri, millət vəkili, professor Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Məsələləri üzrə Komissiyasının üzvü, millət vəkili Aynur Quliyeva, ADPU-nun elmi işlər üzrə prorektoru, Dövlət Dil Komissiyasının üzvü, professor Vilayət Əliyev, BDU-nun şərqşünaslıq fakültəsinin türk filologiya kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Vaqif Qurbanov, filologiya elmləri namizədi, professor Həsən Balıyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Sevinc Məmmədova, Qaradağ rayon 16 saylı Bakı Peşə Litseyinin direktoru Əlizaman Babaşov və Səbail rayon 8 saylı orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bədircahan Ağabəyli iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev açaraq, müasir dövrümüzdə Azərbaycan dilində olan müəyyən problemlərin dövri mətbuatımızda qəzet və televiziyalara öz təsirini bildirdi. O, qeyd etdi ki, Azərbaycan dilinin saflığı, təmizliyi ümummilli lider Heydər Əliyev tərəfindən hər zaman qorunmuş və 2001-ci il tarixində Azərbaycan dilinin təkmilləşməsi ilə bağlı imzaladığı sərəncamı əsasında dilimizə diqqət və qayğı daha da artmışdır. Çağdaş dövrümüzdə dil siyasəti ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

Qəzetin şöbə müdiri dəyirmi masa iştirakçılarına "Azərbaycan mətbuatında, eləcə də, danışıq dilində mövcud olan halların aradan qaldırılmasında hansı addımlar atılmalıdır" sualı ilə müraciət etdi:

SERİALLAR AZƏRBAYCAN DİLİNDƏ OLMALIDIR

Həsən Balıyev:

- Bizim millətin özünəməxsus xüsusiyyətləri var. Məsələn, biz öz qonaqpərvərliyimizlə seçilirik. Buna görə də, Azərbaycandakı telekanallar geniş bir şəkilə Türk dilini təbliğ etməyə başlayıb. Belə bir xüsusiyyət - qeyri dilə sonsuz məhəbbət, isti münasibət heç bir yerdə yoxdur. Bu millətimizin həm mənfi, həm də müsbət xüsusiyyətidir. Ona görə də, ermənilər də daxil olmaqla bütün millətlər bizdən istifadə edirlər. Şəhərdə gəzib reklamlara baxarkən, onların ingiliscə variantının olduğunu görürük. Biz başqasını yamsılamağı xoşlayırıq. Azərbaycan dilində reklamların şəhərimizdə yer almasına nail olmalıyıq. Bizim dil dövlət dilidir.

Türk seriallarına gəlincə isə, mən belə düşünürəm ki, onlar Azərbaycan dilində olmalıdır ki, bizim millətimiz başqa millətlər arasında əriyib getməsin. Türk milləti, əlbəttə, bizim qardaşımızdır. Amma unutmamalıyıq ki, dilimiz Azərbaycan dilidir. Türk millətinin türk dili var, Azərbaycan millətinin də Azərbaycan dili var. Onları qarışdırmaq lazım deyil. Təkcə türk dili deyil, onun ideologiyasını da yamsılayırıq ki, bu da çox mənfi cəhətləri ilə səciyyələnir.

Rüfət Rüstəmov:

- Azərbaycanın müstəqilliyini qorumaq şərtilə türk dünyası ilə biz əlaqələrimizi inkişaf etdirməliyik. Hazırda İran istehsalı olan filmlər nümayiş olunur. Mən istərdim ki, həmin filmlər də tərcümə olunsun. Əslində, kanallar türk filmini, türk verilişini yeri gəldikcə verməlidir. Amma bu qədər kütləvi şəkildə nümayişə lüzum belə yoxdur.

ŞİFAHİ VƏ YAZILI DİL ÜSLUBUNDA KİFAYƏT QƏDƏR ÇATIŞMAZLIQLAR VAR

Sevinc Məmmədova:

- Mən Dilçilik İnstitutunda kütləvi informasiya vasitələrində dilin nə dərəcədə düzgün işlədilməsi barədə araşdırmalar aparan bir mütəxəssisəm. Mütəmadi olaraq telekanallarda verilən verilişlərdə səhvləri axtarmaq üzrə ixtisaslaşmışam. Dəyirmi masada elə mövzu bu məsələ ilə bağlı olduğundan, apardığım araşdırmaları nəzərə çatdırmağa çalışıram. Şifahi və yazılı dil üslubunda kifayət qədər çatışmazlıqlar var. Məsələn, ən çox səhvləri ANS kanalında özünü büruzə verir. "Spase" kanalının daha çox radio verilişlərində belə səhvlər olur və Xəzər televiziyasının titrlərində də Azərbaycan dilinin qrammatikasına riayət olunmur. Məsələn, ANS kanalında hava haqqında proqnozlar verərkən aparıcı tez-tez hidrometrologiya sözünü səhv işlədir. Buna heç bir redaktor müdaxilə etmir. Hətta öz iradımızı da bildirsək nəticəsi olmur. Eləcə də, Orxan Fikrətoğlunun müəlifi olduğu "Zorxana" verilişində də dərk edilməsi müşkül olan və qrammatik cəhətdən düzgün olmayan cümlələr işlədilər. Bundan əlavə "Azadlıq" qəzetində türk dilindən gələn cümlələrdən istifadə olunur. Məsələn, "Bakının küçələrində mitinq keçirildi" əvəzinə "Bakının küçələrində mitinq yapıldı" ifadəsini işlətmək dilimizə hörmətsizlik əlamətidir. Və yaxud "Onlar Bakıda sıcaq qarşılandı".

Biz bilirik ki, qloballaşma ilə əlaqədar Avropa dillərinə bir sıra sözlər bizim dilə keçmişdir. Onların bəziləri anlaşır, bəziləri isə anlaşa bilmir. Başa düşülməyən sözlərin yanında mənasını yazmaq daha düzgün olardı. Məsələn, təhsillə bağlı kurrikulum sözü son vaxtlar daha çox işlənilir. Amma əksəriyyət bunun mənasını bilmir. Ümumiyyətlə, mən sizə minnətdaram ki, belə bir mövzu ətrafında dəyirmi masa təşkil etmisiniz və məni də iştirakçı olaraq dəvət etmisiniz.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV DİL MƏSƏLƏSİNƏ ÇOX BÖYÜK HƏSSASLIQ VƏ TƏLƏBKARLIQLA YANAŞIB

Rüfət Rüstəmov:

- Mən Sevinc xanımın fikir və araşdırmalarına münasibətimi bildirmək istərdim. Sözün həm lüğəvi, həm də konseptual mənası var. Bunları ayırd etmək, fərqləndirmək lazımdır. Sözlərin mətni situasiyada müxtəlif mənaları verə bilər. Məsələn, müasir türk ədəbi dilində açıq sözü iki mənada işlədilir. Onun bir mənası açıq-saçıq, digər mənası isə çatışmazlıq deməkdir. Mən bir daha bildirmək istəyirəm ki, bu dəyirmi masa əsil zamanına düşmüş bir tədbirdir. Ulu öndərimiz Heydər Əliyev dil məsələsinə çox böyük həssaslıq və tələbkarlıqla yanaşırdı. O, çox çalışırdı ki, dil haqqında, xalqın milli-mənəvi dəyərləri, qanunları haqqında qərar qəbul edilsin. Bu gün onun dilimizə qarşı məhəbbətini hiss edirik. İlham Əliyev cənabları tərəfindən aparılan dil siyasəti Azərbaycan dilinin təmizliyinə, qorunmasına xidmət edir. Müzakirə apararkən düzgün qeyd edildi ki, əgər filmlərin tərcümə oluması ilə bağlı Prezidentin sərəncamı varsa, onda filmlər də tərcümə olunmalıdır. Azərbaycanda bütün verilişlər ana dilində yayımlanmalıdır.

İCTİMAİYYƏT, ZİYALILAR, KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ AZƏRBAYCAN DİLİNİN DÜZGÜN DANIŞILMASINA, YAZILMASINA, TƏBLİĞİNƏ KÖMƏK ETMƏLİDİR

Vilayət Əliyev:

- Mən belə düşünürəm ki, bir dəyirmi masa ilə bu məsələyə aydınlıq gətirmək olmaz. Konkret mövzu və konkret suallar qoyulmalıdır ki, onlara aydınlıq gətirilsin. Siz burada reklama toxundunuz. Əslində, reklam dilim əlifbasıdır. Şəhərin dili reklamlardadır. Əgər şəhərdə gəzsək, görərik ki, Azərbaycan dilində reklamlara çox az rast gəlinir. Bəzən kimsə özünə restoran açır və onun adını öz ailə üzvlərinin baş hərfi ilə və başqa mənasız şeylərlə bağlayır. Anlaşılmayan, başa düşülməyən ifadə reklamda əks olunmamalıdır. Reklamın bu vəziyyətə düşməsinin iki səbəbi var. Birincisi, varlanan iş adamları gecə barlarına, restoranlara belə adları qoyurlar ki, maraq yaratsınlar. İkincisi, isə daha faciəli səbəbdir. Belə ki, bu əvvəllər daha çox müşahidə olunurdu ki, kimsə bir restoran və yaxud kafe açır və üzərində indiyə qədər işğal altında olan rayonların adını qoyur. Məsələn, Zəngəzur, İstisu, Şuşa belə rayonların adları Azərbaycanın ürəkağrısı olduğu halda, onlar bu adlardan istifadə edirlər. Heç olmasa onların adını bir mədəni təsisatın adına qoysalar, buna göz yummaq olar. Belə adları qoyan adamlar da araşdırılsa, görərik ki, onların heç nəsil-nəcabəti də məlum deyil. Mən yekun olaraq efirlərdə yayımlanan türk filmlərinin tərcümə olunması məsələsinə qayıtmaq istərdim. Türk filmlərinin Azərbaycan dilində verilməsinin qəti əleyhdarıyam. Çünki orada böyük aktyorların danışığı bizim danışıq qabiliyyəti olmayan aktyorlar tərəfindən tərcümə olunur. Mən bütün siz dediyiniz problemlərin həllində üç cəhəti qeyd etmək istəyirəm. Azərbaycan ictimaiyyəti, Azərbaycan ziyalıları, kütləvi informasiya vasitələri Azərbaycan dilinin düzgün danışılmasına, düzgün yazılmasına, düzgün təbliğinə kömək etməlidir. Bütün səviyyələrdə-dövlət başçısından tutmuş, məktəbdə dərs deyən müəllimə qədər hər kəs buna əməl etməlidir.

Prezident buna yüksək səviyyədə əməl edir. Amma gəlin görək müxtəlif vəzifələdə oturan insanlar buna necə əməl edirlər? Onlar heç Azərbaycan dilində danışmasalar yaxşıdır. İkincisi, kütləvi informasiya vasitələrində, müxtəlif yerlərdə ədəbi dilin normalarına əməl olunmalıdır. Hansı televiziyada ki, Azərbaycan dilinin ədəbi normaları pozulur, mənə elə gəlir ki, müəyyən bir cəza qoyulmalı, kanalların bir neçə günlük yayımı dayandırılmalıdır. Üçüncüsü, müəyyən şou proqramlar yığışdırılmalıdır. Onların aparıcıları öz müsahiblərini çox gülünc bir vəziyyətə salırlar. Müxtəlif atmacalar atmaqla, qarşılarındakıların şəxsiyyətini alçaldırlar. Danışıq tərzimizdə məntiqi, ifadəni qorumalıyıq. Mənəvi dəyərlərimizin, Azərbaycan dilinin qorunmasına əməl olunmalıdır. Mətni oxuyan insan onun məğzini bilməlidir. Belə məsələlərin müzakirəyə çıxarılması əhəmiyyət kəsb edir. Bu baxımdan, problemlərimizi həl etməliyik.

DİL NORMALARI TELEVİZİYA VASİTƏSİLƏ, PUBLİSİST YAZILARDA ALİMLƏR TƏRƏFİNDƏN DƏ QORUNMALIDIR

Vaqif Qurbanov:

- Nitq mədəniyyətinin dəqiqliyini, səlistliyini, aydınlığını, zənginliyini, məntiqliyini, ifadəliyini qorumayılıq. Bu, bütöv bir şəkildə aparılmalıdır. Televiziya vasitəsilə də, publisist yazılarda və alimlər tərəfindən də qorunmalıdır. Dil normalarına, nitq mədəniyyətinə yiyələnmək əsas məsələlərdəndir. Nitq mədəniyyəti geniş bir şəkildə tədris edilməlidir. Dil normaları vasitədir. Nitq mədəniyyətinə yiyələndirmək isə məqsəddir. Bizim natiqlərimizin nitqini öyrənməliyik. Heydər Əliyevin nitqi bir nümunədir. Gözəl natiqlərimizin üslubunu gənclərə öyrətmək lazımdır. Ədəbi tələffüzün normaları var. Bunu tədris etmək lazımdır. Televiziyanın danışıq dili ilə bizim tədris prosesində öyrətdiyimiz dil üst-üstə düşmür. Bu işlə sistemli bir şəkildə məşğul olmaq lazımdır.

Şifahi və yazılı nitq mədəniyyətində normalara məsuliyyət və nəzarət göstərilməlidir. Ən başlıca problem ədəbi tələffüzün pozulmasıdır. Vurğu və orfoepiya ilə bağlı nitq qüsurlarına yol verilir. Xüsusilə də, televiziyada veriliş aparanların tələffüzündə nitq mədəniyyəti normaları təbliğ olunmalıdır.

FİLMLƏRİN TƏRCÜMƏ OLUNMASINDA BÜTÜN XIRDALIQLAR NƏZƏRƏ ALINMALIDIR

Nizami Cəfərov:

- Biz həmişə istənilən bir məsələni müzakirəyə qoyduqda öz potensial imkanlarımızı nəzərə almalıyıq. Hind filmlərini tərcümə edirik. Diqqət yetirin, ötən əsrin 50-60-70-cı illərində tərcümə olunan filmlərin dili necə gözəldir. Rus filmlərini, adətən, tərcümə etməmişik. İndi biz Amerika filmlərini tərcümə etməliyik. Çünki dünya kinosunun səviyyəsi, onların istehsal etdiyi filmlərlə ölçülür. Filmlərin tərcümə olunmasında bütün xırdalıqlar nəzərə alınmalıdır.

Müasir dövrümüzdə ingilis dili nəyə görə çox yayılmışdır? Bu dilin daşıyıcıları çox böyük dövlətləri əhatə edir. Digər tərəfdən isə nə alman dilinin fəlsəfi tərəfini, nə də fransız dilinin yüksək estetikasını tədris edirik. İngilis dili bu dillərlə müqayisədə kasıb dildir. Bəs bu dilin belə şəkildə yayılmasına səbəb nədir? Ona görə ki, ingilis dili çevik dildir, eyni zamanda, bunun arxasında ABŞ, Fransa kimi böyük dövlətlər dayanır. Amma biz hamımız bir şeyi dəqiq bilirik ki, nə alman dilinin fəlsəfi tərəfini, nə də fransız dilinin yüksək estetikasını öyrənib, mənən rahatlanmırıq. Müasir dünya pul qazanmağa, əylənməyə, yüngül bir həyata meyilli dünyadır. Bu mənada dil proseslərinə diqqət yetirdikdə və dil proseslərini istiqamətləndirməyə çalışdıqda Vaqif Qurbanovun qeyd etdiyi prinsipləri vermək olar. Amma həyata keçirməyə gəldikcə isə çox çətin prosesdir.

Aynur Quliyeva:

- Bütün fikirlərə çox diqqətlə qulaq asdım. Dillə bağlı məsələləri aradan qaldırmaq istəyiriksə, mütləq tədris və təhsil məsələsində əsas məqamlara diqqət yetirməliyik. Söhbət ibtidai orta təhsildən gedir. Ailədə, bağçada dilin təməli möhkəm olmalıdır ki, bu problemləri aradan qaldıra bilək.

İCTİMAİYYƏT KÜTLƏVİ BİR ŞƏKİLDƏ BELƏ MÜZAKİRƏLƏRƏ MÖHTACDIR

Rüfət Rüstəmov:

- Biz Azərbaycanın kiçik bir damlasıyıq ki, bura toplaşıb, dillə bağlı müəyyən məsələlərə toxunub çatışmazlıqları müzakirə etdik. Amma ictimaiyyət kütləvi bir şəkildə belə müzakirələrə möhtacdır. Belə yığıncağa, maarifləndirici xarakter daşıyan disskusiyalara mənəvi aclıq vardır. Bu gün bizim televiziyaların hazırladıqları şou poroqramları ictimaiyyətin zövqünə mənfi mənada öz təsirini göstərir. Amma belə məqsədli və xarakterli görüşləri, müzakirələri geniş bir şəkildə işıqlandırmaq lazımdır. "Səs" qəzeti nüfuzlu bir partiyanın qəzetidir. Partiyanın da aparıcı qollarından biri məhz bu mətbu orqandır. Biz əgər məsələni bu gün geniş bir ictimaiyyətə çatdıra biliriksə, hansısa bir işin öhdəsindən gəlmiş oluruq. Azərbaycan dili nəyə görə geri qalıb? Azərbaycan dilində yazmaq və danışmaq sovet məkanında məhdudiyyətli olub. Amma sevindirici haldır ki, bu gün Azərbaycan öz dilinin inkişafına nail ola bilir. Azərbaycanda görün nə qədər televiziya kanalları fəaliyyət göstərir.

Nitq mədəniyyətimizdə bir qədər qüsurlar olsa da, yenə də biz inkişafdayıq. O yerdə ki, danışılmır, orada inkişaf da yoxdur. Belə bir səpkidə dəyirmi masa keçirdiyinizə görə, sizə bir daha öz təşəkkürümü bildirirəm.

Digər xəbərlər