PDF Oxu

Əsas

  • 9

“Azərbaycan telekanallarında türk dilində yayımlanan serialların tərcüməsinin tələb olunması anormallıqdır”

“Azərbaycan telekanallarında türk dilində yayımlanan serialların tərcüməsinin tələb olunması anormallıqdır”
Dünən Milli Məclisin yaz sessiyasının ilk iclası öz işinə başlaydı. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycanın Dövlət Himni səsləndi. Parlamentin sədri çıxış edərək ötən ilin yekunları, yaz sessiyasının qanunvericilik işləri, planı barədə məlumat verdi. Bildirdi ki, sessiyada İnzibati Prosessual, Tikinti, Mənzil, Şəhərsalma, Rəqabət məcəllələrinin layihələrinin, "Məişət zorakılığının qarşısının alınması haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Arıçılıq haqqında", "Pambıqçılıq haqqında", "Təhsil haqqında", "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında", "Bədən tərbiyəsi və idman haqqında" qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutuldu.

O.Əsədov onu da vurğuladı ki, yaz sessiyası dövründə dövlət büdcəsinə nəzarət edən parlament, həm də hökumətin, ombudsmanın, bələdiyyələrlə iş mərkəzinin, insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndiricisinin hesabatlarını dinləniləcəkdir, 2008-ci il dövlət büdcəsinin icrası ilə bağlı məsələyə baxılacaqdır.

Sonra O.Əsədov martın 18-də keçiriləcək referendumla bağlı deputatları fəallığa çağırmış və onlara qanunvericlik fəaliyyətində uğurlar arzuladı.

Spiker Milli Məclisin Rusiyanın Ermənistana 800 mln dol-lıq silah-sursat verməsi barədə məlumatlara da biganə qalmayacağını söylədi: "Bununla Xarici İşlər, Müdafiə nazirlikləri məşğul olur. Milli Məclisdə Rusiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Təklif var ki, həmin qrupun bir neçə üzvü Rusiyaya ezamiyyətə göndərilsin, orada rusiyalı həmkarları ilə görüşüb, məsələni araşdırsınlar. Ondan sonra bu məsələ parlamentdə müzakirə edilsin".

Millət vəkili Qüdrət Həsənquliyev isə Mərkəzi Seçki Komissiyasında boş qalan yerlərin tutulmasını, siyasi partiyalar haqqında qanunun qəbul olunmasını, dünyada hökm sürən maliyyə böhranının müzakirə edilməsi təklifi ilə çıxış edib.

Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Həsənov bəzi kütləvi informasiya vasitələrində Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı milli-mənəvi dəyərlərə zidd kampaniyanın aparılmasına etirazını bildirdi. Onun sözlərinə görə, xüsusilə də, "Gündəlik Bakı" qəzeti subyektiv mülahizələrə əsaslanaraq şeyxə şər atır. Qəzetdə dərc olunan məqalələrdə A.Paşazadənin adı müxtəlif xoşagəlməz məsələlərdə hallandırılır. Bütün bunların yolverilməz olduğunu bildirən millət vəkili dedi ki, A.Paşazadə təkcə Azərbaycan müsəlmanlarının deyil, ümumilikdə, bütün Qafqazın şeyxidir. Ona görə də şeyxin adını ucuzlaşdırmaq doğru deyil: "Bu, həm də milli-mənəvi dəyərlərimizə ziddir" - deyə millət vəkili vurğuladı. O, əlavə etdi ki, şeyxə qarşı kampaniya aparanlar Azərbaycan cəmiyyətinə deyil, şeytana xidmət edirlər".

Millət vəkili Qənirə Paşayeva şəhid ailələrinin statusu ilə bağlı qanunvericilik aktına bir qədər əvvəl təklif etdiyi əlavə və dəyişikliklərin yaz sessiyasının iş planına daxil edilməsini təklif etdi. Onun sözlərinə görə, şəhid övladlarına şəhid ailəsi statusundan 18 yaşına qədər istifadə hüququnun verilməsi qanundan çıxarılmalıdır. Şəhid övladları ömürlərinin sonuna qədər imtiyazlarından istifadə etməlidirlər. Həmçinin, Qarabağ müharibəsi əlillərinin imtiyazlarından istifadə qaydaları da dəyişdirilməlidir. Mövcud qanuna görə əlillər sağ olarkən ailə üzvləri onların imtiyazlarından istifadə edə bilirlər. Əlillər dünyalarını dəyişəndən sonra isə ailə üzvləri - xanımları və övladları onun üçün müəyyənləşdirilən imtiyazdan istifadə hüququndan məhrum olurlar. Millət vəkili qanunvericilikdəki bu müddəanın dəyişdirilməsi xahişi ilə parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbliyə müraciət etdi. O, əlavə etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu dəyişiklikləri dəstəkləyir.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Televiziya və Radio Şurasının ölkə telekanallarında türk seriallarının dublyajla verilməsi barədə qərarını pislədi. O, qeyd etdi ki, Azərbaycan və türk dilləri bir dilin ayrı-ayrı ləhcələridir: "Bir ləhcədən digər ləhcəyə dublyaj isə yersizdir. Bu, ona oxşayır ki, Böyük Britaniyada çəkilmiş film Amerikada nümayiş olunanda onun Amerika ingiliscəsinə tərcüməsi tələb olunur".

Azərbaycan xalqının türkdilli olduğunu vurğulayan millət vəkili bildirdi ki, ölkənin bayrağındakı rənglərdən biri də türkçülüyün simvoludur. Bundan başqa, ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycanı bir millət adlandırıb. Bir millətin isə iki dili ola bilməz. Millət vəkili türk seriallarının həm də mənəvi və etik baxımdan insanların ailələri ilə birgə baxa biləcəkləri ekran işləri olduğunu bildirdi. O, bu baxımdan, telekanallarda türk seriallarının nümayişinin dayandırılmasının doğru olmadığını vurğuladı.

S.Novruzov türk seriallarının kifayət qədər tərbiyəvi əhəmiyyətə malik olduğunu qeyd edərək, bu qadağanın aradan qaldırılmasının vacib olduğunu bildirdi.

Millət vəkili S.Novruzov onu da qeyd etdi ki, müxalifətdən olan təşəbbüs qrupu üzvlərinin təzyiqlərlə üzləşmələri barədə verilən informasiyalar düzgün deyil: "Kiminsə başına narkomanlar toplaşıbsa, bu, onun öz problemidir".

YAP İcra katibi, millət vəkili Əli Əhmədov 2 fevral Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edib. Sonra Ə.Əhmədov vətəndaşların böyük fəaalıq və bir mənalı olaraq referendumun keçirilməsinə öz münasibətlərini ifadə etdiklərini bildirib. YAP İcra Katibi, millət vəkili referendumla bağlı kiminsə hədələnməsi barədə deyilənlər həqiqətə uyğun deyil: "İnsanlar referendumu dəstəkləyirlər. Başqa cinayət edib tutulanları bu işlə bağlamaq düzgün deyil".

Milli Məclisin yaz sessiyasının dünənki iclasında eyni zamanda, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasının yekunlarına dair çıxış etdi. S.Seyidov qeyd etdi ki, Azərbaycan AŞ qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Yalnız "Alternativ xidmət haqqında" qanunun qəbul edilmədiyini xatırladan deputat, bunun mövcud reallıqdan irəli gəldiyini, Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu bildirdi.

S. Seyidov Azərbaycanın da AŞ-dən eyni münasibəti gözlədiyini vurğulayıb: "Lakin Azərbaycan Avropa Şurasından heç bir məntiqə sığmayan münasibət görür. Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkiləri demokratik olub. Beynəlxalq təşkilatlar da müsbət rəylərini bildirib. Bəs nəyə görə prezident seçkisi "siyasi məhbus" yaradan, mətbuata təzyiq göstərilən, insan ölümü ilə nəticələnən Ermənistan Azərbaycanla eyni tutulur? Bu, dözülməzdir, Avropa Şurasının Azərbaycana qarşı ikili standartıdır. Heç olmasa bu ölkəni tənqid etsinlər, orda olan problemləri desinlər. Bunun əvəzində isə "bəh-bəh"lə mövqe bildirirlər. Bu, azmış kimi, Azərbaycanda problemlər axtarılır. Azərbaycanda gedən prosesləri görməyərək, Azərbaycanda insan haqlarının pozulması və "siyasi məhbus"ların mövcudluğu ilə bağlı məruzəçi təyin etmək cəhdləri üzə çıxır. Mən bununla bağlı Prezidentin və Milli Məclisin mövqeyini çatdırmışam. Əgər bu münasibət davam edərsə, Azərbaycan Avropa Şurasına qarşı münasibətini dəyişdirməlidir və dəyişəcək".

S.Seyidov qeyd edib ki, AŞ-də gedən proseslər Azərbaycana qarşı təzyiq məqsədi daşıyır: "Onlar istəyirlər ki, Azərbaycanı öz yolundan döndərsinlər. Azərbaycanın Ermənistanla bir cərgədə tutulması yolverilməzdir".

Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. Əvvəlcə parlamentin yaz sessiyası üçün qanunvericilik işləri planı təsdiqlədi. Qeyd olundu ki, plana əsasən, yaz sessiyasında 23 qanun layihəsinə baxılması nəzərdə tutulur. Bunlardan 5-i məcəllə olacaq.

Yaz sessiyasının ilk iclasında millət vəkilləri parlamentin İntizam və Hesablayıcı komissiyalarını yenidən təşkil etdilər. Eyni zamanda, Milli Məclisin daimi komissiyalarının tərkibində də dəyişiklik edildi. İndiyədək parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında təmsil olunan millət vəkili Çingiz Əsədullayev İqtisadi siyasət daimi komissiyasının üzvü seçildi və bu komissiyanın sədr müavini oldu.

İclasda, həmçinin, "İmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə məsələyə də baxıldı. Deputatlar, eyni zamanda, "Arıçılıq haqqında" və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanunları ikinci oxunuşda qəbul etdilər.

"İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara təklif olunan əlavələr və dəyişikliklər barədə insan hüququları daimi komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verdi. O bildirdi ki, bu dəyişikliklər dövrün tələblərinə uyğundur.

Qeyd olundu ki, bu gün dünyada miqrasiya və immiqrasiya prosesi bir an belə səngimir, Azərbaycan da bu prosesdən kənarda qalmır, son illər ölkəmizə gələn insanların sayı artır. Hazırda Azərbaycanda daimi qeydiyyatda olan 3786 immiqrant vardır. "İmmiqrasiya haqqında" qanuna təklif olunan dəyişikliklərdə deyilir ki, azı 2 il Azərbaycan Respublikasında qanuni əsaslarla yaşayan 18 yaşına çatmış fəaliyyət qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda daimi yaşamaq üçün (immiqrant statusu almaq üçün) müvafiq icra hakimiyyəti orqanına vəsatət verə bilərlər. Vəsatətə notarial və ya ona bərabər tutulan qaydada təsdiq edilən sənədlər əlavə olunur. Deputatlar bu əlavənin çox vacib olduğunu bildirdi.

"Arıçılıq haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirildi ki, ölkədə arıçılığın təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək qanun layihəsi 6 fəsil, 32 maddədən ibarətdir. Sənəddə arıçılığın obyekt və subyektləri, bu sahənin dövlət idarəetməsi, mühafizəsi, inkişafı, maliyyə təminatı mənbələri haqqında anlayışlar öz əksini tapmışdır. Qanun layihəsi arıçılıqda damazlıq işinin yaxşılaşdırılmasını, yerli arı cinslərinin qorunması və təkmilləşdirilməsini, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldarlığı olan bal arıları cinslərinin yetişdirilməsini nəzərdə tutur.

Sənədin mahiyyəti barədə danışan deputatlar və mütəxəssislər bildiriblər ki, arıçılıq kənd təsərrüfatının mühüm sahələrindəndir. Bal insan həyatı və sağlamlığı üçün çox vacib element sayılır. Onun tərkibində 500-dən artıq maddə və zülal var.

Qeyd olunub ki, Azərbaycanda arıçılığın inkişafı üçün əlverişli coğrafi şərait və zəngin təbiət vardır. Hazırda ölkəmizdə 126 min arı ailəsi mövcuddur. Onlardan 1000-i Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. İldə 1200 ton bal istehsal olunur və bu da adambaşına 150 q bal istehsalı deməkdir. Bu rəqəmin belə az olması isə, o deməkdir ki, arıçılıq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə ciddi ehtiyac və zərurət hiss olunur. Sonda qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Günün sonunda "İxrac məqsədli neft və qaz fəaliyyətinə xüsisi iqtisadi rejimin tətbiqi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov qanun layihəsini ətraflı şərh etdi. O, bildirib ki, sənəd üzərində iki ildən artıqdır ki, iş aparılmışdır. Bu qanun respublikamızın hüdudlarından, eləcə də, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsindən kənarda həyata keçirilən ixrac məqsədli neft-qaz fəaliyyəti üçün xüsusi iqtisadi rejimin yaradılmasının və tətbiqinin əsaslarını müəyyən edəcək, bu sahədə dövlət, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyəcəkdir. Müzakirələr zamanı bildirildi ki, bu qanun ölkənin neft strategiyasının əsas məqsədlərindən biri olan neft-qaz sənayesinin inkişafı, ixrac məqsədli neft-qaz fəaliyyəti

potensialının artırılması, Azərbaycanın bu sahədə Xəzər dənizi bölgəsində, eləcə də, digər regionlarda mühüm rol oynaması üçün dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühitin yaradılmasını nəzərdə tutur.

Deputatların rəy və təklifləri nəzərə alınmaqla qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Digər xəbərlər