PDF Oxu

Əsas

  • 12

“Davos qalmaqalı”...

“Davos qalmaqalı”...
Son günlər bütün dünyada müzakirə olunan ən əsas məsələ Davos iqtisadi sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bağlı baş verən hadisədir. Xatırladaq ki, qatıldıqları toplantıda İsrailin prezidenti Şimon Peresin çıxışının ardından bəzi məsələlərə münasibət bildirən baş nazir Ərdoğanın emosianal çıxışı, aparıcı tərəfindən dayandırılmışdır.

Buna etiraz olaraq, Ərdoğan "Mənim üçün Davos bitmişdir, mən daha Davosa gəlmərəm" deyib toplantı salonunu tərk etmişdi. Məhz bu məqam hər il ənənəvi olaraq keçirilən bir iqtisadi forumun müzakirə obyektinə düşməsinə səbəb oldu. Ərdoğanın çıxışı iqtisadi istiqamətli sammitin ab-havasını 180 dərəcə dəyişərək, siyasi don geyindirdi. Əslində, İsrail-Fələstin qarşıdurması son günlərin ən çox danışılan siyasi olayıdır. Türkiyə münaqişənin tənzimlənməsi üçün dəfələrlə öz vasitəçilik missiyasını təklif etmişdi. Amma son anda bu missiyanın Misirə verilməsi və tərəflər arasında rəsimi Qahirənin xətti ilə müzakirələrin başlaması Türkiyəni bu işdən, belə demək mümkündürsə, kənarlaşdırmışdı. Hətta Ərdoğanın qızğın çıxışını bu amillə bağlayanlar da oldu. Bununla belə, baş nazirlə bağlı hadisə bir neçə istiqamətdən təhlil olunmalıdır.

Xalq qəhrəmanı...

Dünya siyasətçiləri arasında öz nitq bacarığı ilə xüsusi seçilən dövlət rəhbərlərindən sayılan Ərdoğan hər zaman realist birisi kimi xarakterizə olunur. Hətta baş nazirin siyasi zirvə yoluna nəzər saldıqda da, bunu görmək asandır. Bir zamanlar Nəcməddin Ərbakanın böyük nüfuzunun kölgəsində qalmamaq üçün ayrı bir partiya yaradan və ilk seçimlərdəcə parlament çoxluğunu əldə edərək baş nazir seçilən Ərdoğan hər zaman situasiyanı tam dəyərləndirmək qabiliyyətində olan şəxs kimi qiymətləndirilib. Bəs birbaşa Yaxın Şərqin ən "başıbəlalı", o cümlədən, baş bəlası ola biləcək dövləti kimi səciyyələndirilən İsraillə bu tonda danışmaq hansı səbəblərdən doğdu?

Bu suala cavab tapmaq istəyənlər, birinci növbədə, Türkiyənin daxili siyasətindəki gərginliyi misal çəkirlər. Rəsmi Ankarının başını bərk qarışdıran "Ergenekon" əməliyyatı hər bir mənada siyasi qarşıdurmaya yol açıb. Bu gün dövləti "mafiyadan təmizləyir" kimi düşünənlərlə yanaşı, məsələyə "türkçülüyə və milliyyətçiliyə böyük zərbə vururlar" şəklində yanaşanlar da az deyil. O baxımdan, Ərdoğanın Fələstin kartından daxili geriləməni kompensasiya etdiyini düşünmək olar. Amma nəzərə alsaq ki, bu yaxınlarda keçiriləcək bələdiyyə seçkiləri bütün Türkiyəni əhatə etməyəcək, sadəcə, bir neçə bölgədə reallaşacaq, bu addımın siyasi gediş olduğunu demək çətindir. Hər bir halda bunu növbəti parlament seçkisinə "hazırlıq mərhələsi" kimi də təhlil etmək mümkündür.

Demək, Ərdoğanın addımı daxili publikaya da hesablana bilər. O baxımdan, bu məsələ artıq bir neçə gündür ki, həm Avropa, həm müsəlman ölkələri, həm də Türkiyə mediasının manşetlərini bəzəyir və əsas müzakirə obyektidir, demək, Ərdoğan bu addımla diqqət mərkəzinə düşməyi bacarıb. Bu isə baş nazirin özü ilə yanaşı, onun partiyasına və məhz onun partiyasından olan prezidentə də münasibətin daha da müsbətə doğru istiqamətlənməsi üçün bir stimul rolunu oynaya bilər.

Nəzərə almaq lazımdır ki, son dövrlərdə "Ergenekon" məsələsi ilə yanaşı, Türkiyə prezidentinin Ermənistana səfəri, o cümlədən, bu ölkə ilə yaxınlaşma olduqca böyük narazılığa yol açıb. Siyasi müxalifətin bu amildən yararlanaraq əks-təbliğat aparması AKP rəhbərliyini olduqca böyük bir düyünlə qarşı-qarşıya qoymuşdu. Əks arqument səsləndirənlər Türkiyənin bölgədə ən böyük tərəfdaşı olan Azərbaycan ilə münasibətlərinin korlanacağını və ən böyük qlobal layihələrdə əməkdaş kimi çıxış edən iki dövlətin arasında soyuqluğun yaranacağını deyirdilər. Davosda Türkiyə baş nazirinin bu yöndə də atdığı addımlar söylənənlərin qarşılığında ən böyük cavab sayıla bilərdi. Bir sözlə, bu addımın yalnız daxili qalibiyyəti əldə saxlamaq üçün atıldığını düşünənlər, məhz bu dettalları əsas sayır.

...Yoxsa Şərqin "birinci dövləti" missiyası?

Amma yuxarıda qeyd olunan məsələlərin səthi olduğunu düşünənlər də var. Sadə bir bələdiyyə seçkisi üçün bu boyda risqə getməyi siyasi peşəkarlıqdan kənar sayanlar Türkiyənin dövlət siyasətini ortaya gətirirlər. O baxımdan ki, bir neçə ildir ki, Avropa Birliyinin qapısında "növbə" gözləyən Türkiyənin artıq cana doyduğunu fikirləşirlər. Səbr kasası dolan Türkiyə yenidən üzünü Şərqə döndərir. Bu fikirlərin üstünə bir də XX əsrin əvvələrinə kimi rəsmi Ankara tam şəkildə, həm də ərəb dövlətlərin liderlərini üstləmək istəyir. Elə o üzdən də Fələstinə qarşı bu isti münasibət ortaya qoyulur.

Axı Türkiyə nə üçün İsraillə münasibətlərini korlamalıdır?

* Türkiyənin ən yaxın müttəfiqi ABŞ-dır, bu ölkənin ən aparıcı dəstəyi isə yəhudi lobbisidir.
* Ermənistana qarşı mübarizədə hər zaman İsrail Türkiyəni dəstəkləyib.
* Yəhudilərin nüfuz dairəsində olan bank sistemləri daima Türkiyə üçün qapılarının açıq olduğunu bəyan edib.
* Bölgədə təhlükəsizlik məsələsində İsrailin Türkiyəyə dəstəyi böyükdür. Nəzərə alsaq ki, Türkiyə cənubunda PKK kimi bir problem yaşayır, demək, antiterror devizi altında aparılan bütün fəaliyyətə yox deyilməlidir.
Amma digər tərəfdən, Ərdoğanın rəhbərlik etdiyi partiyanın dini istiqamətə meyilliyi də gizlin deyil. Məhz bu səbəbdən yenidən bölgənin dini lideri adını almaq üçün bu kimi həssas nöqtəyə baş vurula bilməsi ehtimalı da ortadadır. Artıq əsas enerjidaşıyıcılarının mərkəzi kimi qeyd olunan Türkiyə, bu üstünlüyünü siyasi müstəviyə də daşımaq fikrindəki kimi görünür. Baş nazir Ərdoğanın "HƏMAS-la burda masa arxasında konuşmalıydınız" fikirləri də siyasi liderlikdən doğan açıqlamalar seriyasından sayılır.

Müharibəyə yox!!!

Əslində, Türkiyənin bu məsələdə səmimi oluğunu demək ən real bir fakt olardı. Çünki nümayiş etdirdiyi xarici siyasətlə hər zaman terrora qarşı olduğun açıq şəkildə bildirən Türkiyə istər PKK-ya qarşı mübarizədə, istərsə Dağlıq Qarabağda erməni terroruna son verilməsi üçün göstərdiyi çabalar bunu ortaya qoya bilib. Bəli, Türkiyə hər zaman müharibəyə qarşı olduğunu, bölgədə, dünyada sülhün bərqərarı üçün çalışıb. Qəzzada baş verənlər insanlığa sığmayan hadisədir. Müharibələrin qorxunc nəticəsindən hər zaman dinc əhali əziyyət çəkib. Türkiyə məhz Qəzzada həyatına qəsd edilən günahsız insanların, tökülən qanların əleyhinədir. Problemlərin "meşə qanunları" ilə deyil, sivil şəkildə həll olunmasını istəyən Türkiyə, yenidən birliyə imza atdı - ərəb dünyasının səsini çıxara bilmədiyi nöqtəyə Türk dünyası qətiyyətli şəkildə münasibət nümayiş etdirdi...

Digər xəbərlər