Referenduma hazırlıq işləri gedir
YAP Qaradağ rayon təşkilatı şurasının keçirilən toplantısında martın 18-də keçiriləcək referenduma hazırlıq məsələləri, yeni ərazi ilk partiya təşkilatlarının yaradılması, YAP sıralarına qəbullar və digər məsələlər müzakirə edilib. YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov martın 18-də keçiriləcək referendumun xalqın arzu və istəyinin ifadəsi olduğunu bildirib. A.Hüseynovun sözlərinə görə, ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər insan hüquqlarının qorunması işinin güclənməsinə, dövlətin konstitusion əsaslarının möhkəmlənməsinə xidmət edir: "Azərbaycan parlamenti məhz xalqın iradəsini ifadə edərək referendumun keçirilməsi haqqında qərar qəbul edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu siyasət həyata keçirilib. Bu siyasət nəticəsində Azərbaycan iqtisadi sürətlə inkişaf edir, əhalinin maddi-rifah halı yüksəlir və ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Xalq bu siyasəti dəstəkləyir və onun davamlı olmasını tələb edir. Bu səbəbdən də Konstitusiya dəyişiklikləri zərurətə çevrilmiş reallıqdır".
A.Hüseynov Qaradağ rayonunda da referenduma ciddi hazırlıq işlərinin aparıldığını bildirib. Onun sözlərinə görə, YAP İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq, bütün məsələlər nəzərdə tutulmuş qaydada yerinə yetirilir. İmzatoplama prosesinin Qaradağ rayonunda qısa müddətdə başa çatması da rayon ictimaiyyətinin Konstitusiya dəyişikliklərinə dəstəyinin ifadəsidir.
Toplantıda çıxış edən rayon təşkilatının sədr müavini Rəşad Qubadov, Mikayıl Zeynalov da Konstitusiya islahatlarının günün tələbi olduğunu vurğulayıblar. Rayon icra hakimiyyəti başçısının müavini Zemfira Şıxəliyeva çıxışında seçicilərin referenduma səs verəcəklərinə əmin olduğunu bildirib.
YAP Qaradağ rayon təşkilatı idarə heyətinin üzvü, rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilov çıxışında refenduma hazırlıq işləri ilə əlaqədar tövsiyələrini verib. Aparılan müşahidələr Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya əlavə və dəyişiklikləri birmənalı şəkildə dəstəklədiyini, onların mahiyyətini düzgün dərk etdiklərini göstərir: "Ölkə ictimaiyyəti bu dəyişikliklərin dövlətçiliyin konstitusion əsaslarının möhkəmləndirilməsinə, demokratiya anlayışının hüdudlarının genişləndirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin edilməsi mexanizminin təkmilləşdirilməsinə xidmət edir".
H.İsrafilov Konstitusiyaya əlavə və dəyişikliklərin zamanın tələbi olduğunu bildirib: "Bütün bu gerçəkliklər fonunda Azərbaycan müxalifətinin referendumun keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaqdır".
Referendumla əlaqədar seçki məntəqələrinin lazımi tələblərə cavab verdiyini, texniki avadanlıqlarla təmin edildiyini qeyd edən rayon rəhbəri, bildirib ki, son prezident seçkiləri zamanı xalqımız Azərbaycanın inkişafı, dövlətçiliyimizin güclənməsi naminə cənab İlham Əliyevə etimad göstərdi. Referenduma çıxarılan məsələlər də məhz xalqımızın tələbidir.
Yığıncaqda daha sonra "Yeni Azərbaycan", "Səs" və "İki sahil" qəzetlərinə abunə yazılması məsələsi müzakirə edilib. YAP Qaradağ rayon təşkilatını sədri A.Hüseynov bildirib ki, bu qəzetlər ölkədə nüfuzlu mətbu orqanlardır və dövlətimizin siyasətini geniş təbliğ edir: "Adıçəkilən qəzetlər YAP Qaradağ rayon təşkilatının fəaliyyətini mütəmadi işıqlandırır. Ona görə də, partiyanın ilk təşkilatları, müəssisələr bu qəzetlərə abunə yazılmalıdır".
Tədbirdə, həmçinin, "Səngəçal elektrik stansiyası" və "Qaradağ olimpiya bazası" ilk partiya təşkilatlarının yaradılması haqqında qərar qəbul olunub. Eyni zamanda, YAP sıralarına yeni üzvlər qəbul edilib.