İctimai Televiziya və ATƏT-in Bakı ofisi birgə referendumla bağlı teledebat təşkil edəcək
ATƏT-in Bakı ofisinin rəhbər əvəzi Aleksis Şahtaxtinski İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb. İTV-dən SİA-ya verilən məlumata əsasən, görüşdə 2009-cu ildə ATƏT-in Bakı ofisi ilə İctimai Teleradio arasında həyata keçiriləcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb. Əlaqələrin yüksələn xəttlə inkişafından məmnunluğunu bildirən qonaq, ötən seçkilərdə olduğu kimi, martda keçiriləcək referenduma hazırlıqla bağlı təmsil etdiyi qurumun teleradio ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu söyləyib.
Bundan əlavə, şirkət əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə 2008-ci ildə iki mərhələdə həyata keçirilən treninqlərin bu il də davam etdirilməsi qərara alınıb. A.Şahtaxtinskinin sözlərinə görə, bu il ATƏT-in Bakı ofisi BBS ilə birgə İctimai Teleradioda təlim şöbəsi yaratmağı təklif edir. Burada BBS mütəxəssisləri şirkət əməkdaşları üçün onlayn təlim keçəcək.
ATƏT-in Bakı ofisinin təmsilçisinin səsləndirdiyi təklifləri müsbət qiymətləndirən Baş direktor İ.Ömərov həm referenduma hazırlıq, həm də treninqlərin təşkil olunması ilə bağlı ATƏT-lə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. O, bildirib ki, İctimai Teleradio referendumu peşəkar səviyyədə işıqlandıracaq: "Bizim kifayət qədər seçki təcrübəmiz var. Beynəlxalq təşkilatların hesabatlarında da etiraf olunur ki, ötən seçkilərdə biz öz missiyamızın öhdəsindən uğurla gəlmişik. Seçkinin nə qədər incə və məsuliyyətli proses olduğunu yaxşı bilirik və işimizi elə quracağıq ki, heç kim hansısa bəhanə ilə bizi ittiham edə bilməsin".
Baş direktor bildirib ki, referendumla bağlı debatlar təşkil olunacaq. Burada qanun çərçivəsində qeydiyyatdan keçmiş təşviqat qrupları öz fikirlərini geniş auditoriyaya çatdıracaq. Səsvermə günü isə respublikanın bölgə mərkəzlərindən səsvermənin gedişi ilə bağlı canlı reportajlar veriləcək.
Görüşdə qərara alınıb ki, təbliğat-təşviqat kampaniyası başlamadan öncə, İctimai Televiziya və ATƏT-in Bakı ofisi birgə referenduma təklif olunan əlavə və dəyişikliklərlə bağlı teledebat təşkil etsin. Daha çox maarifləndirmə xarakteri daşıyan debatda müstəqil hüquqşunaslar və ekspertlər iştirak edəcək.