PDF Oxu

Əsas

  • 10

ABŞ-da “Kosovodan sonra Qarabağın yolu” mövzusunda müzakirələr təşkil olunub

ABŞ-da “Kosovodan sonra Qarabağın yolu” mövzusunda müzakirələr təşkil olunub
ABŞ-ın Miçiqan Universitetinin Erməni Araşdırmaları Proqramının rəhbəri Jerar Lebardyanın təşkilatçılığı ilə "Kosovodan sonra Qarabağın yolu" mövzusunda müzakirələr təşkil olunub.

Seminarda çıxış edən Rusiyanın erməni mənşəli eksperti Andranik Miqranyan bildirib ki, Rusiyanın ilk olaraq Abxaziya və Cənubi Osetiyanı tanımaq niyyəti olmayıb: "Lakin Mixail Saakaşvilinin kəskin bəyanatları, bunun arxasınca davam edən avqust hadisələri rəsmi Moskvanı radikal addımlar atmağa vadar edib". Onun sözlərinə görə, hadisələrin belə inkişafında rəsmi Vaşinqtonun da mühüm rolu var. A.Marqaryanın qənaətinə görə, Amerikanın son 15 ildə xarici siyasi kursunda silaha əl atması, Yuqoslaviya, İraq, Əfqanıstanda reallaşdırdığı hərbi əməliyyatlar II Dünya müharibəsindən sonra yaranan beynəlxalq hüquq sistemini sarsıdıb. Nəticədə, Rusiya da bir sıra xarici münaqişələrin həll olunmasında silaha əl atmağı qəbahət saymayıb.

Kosovonun müstəqilliyinə toxunan A.Miqranyan onu bildirib ki, Kosovonun digər münaqişələr üçün president olmaması barədə qərb diplomatlarının bəyanatı reallığı əks etdirmir: "Əgər siz Kosovo münaqişəsini Tbilisi ilə Suxumi, Tbilisi ilə Sxinvali və ya Bakıyla Stepanakert (Xankəndi) arasında münasibətlərilə müqayisə etsəniz, heç bir fərq tapa bilməzsiniz". Digər tərəfdən A.Miqranyan sabiq Sovet İttifaqı dövründə sərhədlərin süni olaraq kommunist rejimi tərəfindən çəkildiyini, həmin ölkədə yaşayan insanların iradəsinə zidd olduğunu deyib: "Bütün bu səbəblərə görə də Dağlıq Qarabağın öz müqəddəratını həll etmək hüququ var".

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov isə A.Miqranyanın fikirlərinin səhv olduğunu bildirib: "Kosovo bizim regionda olan münaqişələrə, xüsusən də, Dağlıq Qarabağ münaqişəsinə president deyil. Əvvəla, Kosovonun taleyi ilə bağlı qərarı birtərəfli qaydada Qərb qəbul edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində nə ABŞ, nə Rusiya, nə də bəzi böyük Avropa dövlətləri həlledici səsə malik deyil".

E.Süleymanov Kosovo münaqişəsində qonşu Albaniyanın Kosovonu işğal etmədiyini və Albaniyanın indiki siyasi liderlərinin də Kosovodan çıxmadığını diqqətə çatdırdı: "Ermənistan bütün formalarda Dağlıq Qarabağ münaqişəsində təmsil olunub, həmçinin beynəlxalq aləm tərəfindən münaqişə tərəfi kimi tanınır. Eyni zamanda, Kosovo NATO-nun regionda apardığı əməliyyatdan sonra uzun illər səlahiyyətli beynəlxalq qurumlar tərəfindən idarə olunub, bu da həmin əraziyə az da olsa hər hansı legitimlik verir".

Kosovoda hərbi cinayətlərin yerli sakinlərə qarşı rəsmi Belqrad tərəfindən həyata keçirildiyini nəzərə çatdıran baş konsul, Dağlıq Qarabağda hərbi cinayətlərin də məhz qonşu Ermənistanın əli ilə baş verdiyini qeyd edib: "Ermənilər Xocalıda insanlığa qarşı cinayət törədiblər. Sabiq sovet parlamentinin ölkənin bölgələrinin öz iradəsinə uyğun olaraq ayrılma hüququ verən qanuna istinad etmək düz deyil. Çünki nə Dağlıq Qarabağ, nə də digər separatçı rejimlər həmin qanuna uyğun olaraq rəsmən onlara müstəqilliyin verilməsi barədə müvafiq orqanlara müraciət etməyiblər".

Baş konsul azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamaq istədiklərini, ölkədə mövcud olan iqtisadi imkanlardan Azərbaycanın erməni vətəndaşlarının da istifadə etməsinə müsbət baxdığını bildirib. Lakin baş konsul bunun üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını mütləq meyar olduğunu da vurğulayıb.

Digər xəbərlər