PDF Oxu

Əsas

  • 12

Sabunçu ictimaiyyəti vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına dəstək verəcək

Sabunçu ictimaiyyəti vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına dəstək verəcək

Elçin Eyvazov, YAP Sabunçu rayon gənclər birliyini sədri:
- Tarix boyu Konstitusiya hər bir xalqın sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında formalaşdıran ali sənəd olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin siyasi sistemini müəyyənləşdirmiş ümumbəşəri demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva etmişdir. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqillik idealına qovuşduqdan sonra dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyanı referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki dövlətin, habelə, xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən əsas qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir.

Xədicə Eminova, Sabunçu rayon 170 saylı məktəbin direktoru:
- Ümumbəşəri demokratik dəyərlərə əsaslanan Azərbaycan Konstitusiyası respublikanın gələcək inkişaf prioritetlərini dəqiq şəkildə müəyyənləşdirmiş, mütərəqqi prinsiplər əsasında addımlamasına real zəmin yaratmışdır. Konstitusiyada Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq başlıca məqsədlər kimi irəli sürülmüşdür. Xalqın iradəsinin ifadəçisi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bəşəri dəyərlərə sadiqlik göstərərək bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti təcəssüm olunmuşdur. Xalqın tarixi gələcəyi, tərəqqisi və inkişafı üçün böyük əhəmiyyət kəsb edən bu fundamental sənədin hazırlanmasında ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş iclasında dərin məzmunlu nitq söyləyən Heydər Əliyev demişdir: "Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış Konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır".

Digər xəbərlər