Dünən Nərimanov rayonu Böyük Şor qəsəbə sakinləri ilə 18 mart Referendum Aktı ilə bağlı "Yeni Azərbaycan" Təşviqat Qrupunun görüşü keçirildi.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev açaraq, bildirdi ki, artıq bir neçə gündür ki, referendumla bağlı təbliğat kampaniyalarının keçirilməsinə start verilib. Belə bir Referendum Aktının qəbul olunması müasir dövrümüzün tələbidir. Çünki Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi xalqımızın sosial sifarişidir və hər birimizin yüksək həyat səviyyəsində yaşamasına, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Xalqımızın mənafeyini müdafiə edən hər kəs ona verilən bu konstitusion hüquqdan istifadə edərək, referendumda yaxından iştirak etmək iqtidarındadır.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Kərim Kərimov qeyd etdi ki, referendum xalqın sosial sifarişidir. Konstitusiyada edilən əlavə və dəyişikliklər demokratik proseslərin sürətlənməsinə imkan açacaq. Daim inkişaf edən dövlətimizdə 29 maddənin hər biri cəmiyyətimizin maraqlarını ifadə edəcəkdir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum 7 il bundan öncə 2002-ci il avqustun 14-də keçirilmişdi. Lakin xalqın sifarişi olaraq, zamanın tələbindən irəli gələn zərurətdən bu gün də referendumun keçirilməsinə ehtiyac yaranıb. Yeniliklər aparılmasa, güclü islahatlar keçirilməsə, cəmiyyətimiz inkişaf edə bilməz. Ölkə inkişaf etdikcə, Konstitusiya da inkişaf etməlidir. Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri də 101-ci maddənin V hissəsinin yeni redaksiyada verilməsidir. Təklif olunan dəyişikliklə bir şəxsin iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının prezidenti seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Bu məhdudiyyətin Konstitusiyadan götürülməsi demokratik prinsiplərə tam uyğundur. Əgər hakimiyyətin mənbəyi xalqdırsa, onun seçim baryerini əlindən almaq olmaz. Xalq iki dəfə seçilmiş, lakin yenə də prezident görmək istədiyi bir şəxsə səs vermək istəyirsə, bu, onun iradəsinin ifadəsi və demokratiyanın mahiyyətidir. Konstitusiyanın 29 maddəsində edilən hər bir əlavə və dəyişikliklər insanların sosial rifahının yuksəlməsinə zəmin yaradacaq. 18 mart referendumunda iştirak etmək hər bir vətəndaşın mənəvi borcudur.
Olimpiya Komitəsinin vitse-prezidenti, dünya çempionu Xəzər İsayev çıxış edərək, ümummilli lider Heydər Əliyev cənablarının layiqli davamçısı, İlham Əliyevin 5 il hakimiyyətdə olduğu müddətdə Azərbaycanda əsaslı dönüş yaratdığını bildirdi. O, respublikamızın sivil, inkişaf etmiş dövlət sırasında olmasını qeyd etdi. Azərbaycanın bu müddət ərzində çox böyük inkişaf dövrü keçdiyini vurğuladı. X. İsayev keçiriləcək ümumxalq referendumun xalqın ümumi mənafeyini istəklərinin müdafiə edəcəyinə tam əminliyini bildirdi. Hər bir kəsin dövlətimizin inkişafı, tərəqqisi naminə keçiriləcək referendumda yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.
"Hüquq və Demokratiya" Təşviqat Qrupu Nərimanov rayon ictimaiyyəti ilə görüş keçirdi
Tədbirdə çıxış edən Vəkillər Kollegiyası rəyasət heyətinin üzvü, "Hüquq və Demokratiya" Təşviqat Qrupunun üzvü Abbas Əliyev keçiriləcək referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir neçəsinə hüquqi cəhətdən aydınlıq gətirdi.
O, qeyd etdi ki, ölkəmizin siyasi-iqtisadi və sosial-mədəni həyatında baş verən dəyişikliklərin qanuni nəticəsi olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin möhkəmlənməsində, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirilməsində, demokratik dəyərlərin cəmiyyətimizdə intişar tapmasında mühüm rol oynamış, insan hüquq və azadlıqlarının təmini üçün əlverişli şərait yaratmış, habelə, cəmiyyətdə bütün sahələrin inkişafına təkan vermişdir.
Konstitusiyaya 2002-ci ildə çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Amma Azərbaycanın inkişafı, sürətlə həyata keçirilən iqtisadi və siyasi islahatlar, demokratik tərəqqi sahəsində əldə edilən uğurlar bu gün Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirib. Konstitusiya islahatı, yeni Konstitusiyanın qəbulu və ya Konstitusiya qanunlarının təftişi demək deyildir. Bu islahatın məğzi Konstitusiyada öz əksini tapmış müddəaları genişləndirmək, insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaratmaq və beləliklə, Azərbaycan dövlətinin konstitusion əsaslarını daha da möhkəmləndirməkdir. Məqsəd Ana Qanunu dəyişdirmək yox, sadəcə, Konstitusiyada olan müddəaları dövrün, zamanın tələbinə, eləcə də Azərbaycanın dünyadakı yerinə, milli və beynəlxalq qanunvericiliyin müddəalarına uyğun olaraq təkmilləşdirməkdir. Konstitusiya təkcə bir hüquqi akt deyil, həm də ideoloji sənəddir, milli qanunvericiliyin mənbəyidir. Ona görə də bu sənədə edilən hər hansı bir dəyişikliyə çox ciddi münasibət bəslənilməlidir.
Son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı dövlətimizin sosial siyasətinin də güclənməsinə yol açmışdır. Elə buna görə də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdən biri sosial siyasətin konstitusion təsbitidir. Bu, iqtisadi nailiyyətlərin insanların sosial rifahına yönəldilməsini dövlətin həm də hüquqi öhdəlik qismində üzərinə götürməsi deməkdir. Konstitusiyanın 15-ci maddəsinə "sosialyönümlü" ifadəsinin daxil edilməsilə Azərbaycan iqtisadiyyatının sosial yönümlü iqtisadiyyat kimi konstitusion-hüquqi təsbitinin nəzərdə tutulması dövlətin sosial siyasətindən qaynaqlanır.
17-ci maddəyə təklif olunan əlavələr hər bir uşağın fiziki və mənəvi baxımdan normal böyüməsi məqsədi ilə daha geniş hüquqi və digər tədbirlərin həyata keçirilməsinə imkanlar açacaq. Təklif olunan əlavə və dəyişikliklərin bir qismi Konstitusiya ilə insan hüquqları və azadlıqlarının təminatının daha da möhkəmlənməsinə xidmət edəcək.