Xalq demokratik dəyərlərə dəstək olduğunu sübut etdi
Sabunçu rayon seçiciləri Referendum Aktına yüksək qiymət verdi
Ölkəmizin ictimai-siyasi həyatında olduqca mühüm və əhəmiyyətli hadisələrdən biri olan martın 18-də keçirilmiş referendum xalqın yüksək dəstəyi ilə öz layiqli qiymətini aldı. Demokratik dəyərlərə daima sadiqlik nümayiş etdirən Azərbaycan xalqı öz xoşbəxt gələcəyi naminə növbəti dəfə böyük humanistlik nümayiş etdirdi. Beynəlxalq ictimaiyyətin böyük diqqəti və xalqın böyük fəallığı ilə reallaşan Referendum Aktı dövlətçiliyimizin gələcək qarantı naminə naminə atılan ən böyük addımlardan biri idi.
Öz müqəddəratını möhkəm iradəsi ilə həll edən uca millətimiz Konstitusiyanın 29 maddəsində nəzərdə tutulan 41 dəyişikliyin hər birinə yüksək qiymət verməklə dövlətimizin daha mütərəqqi ideyalarla bundan sonra daha mütəşəkkil formada idarə olunmasına layiqli qiymətini verdi. Ölkəmizin hər bir bölgəsində böyük ictimai təşəbbüslə reallaşan Refrendum Aktı Sabunçu seçiciləri tərəfindən də ən yüksək qiymət aldı. Rayon ərazisində fəaliyyət göstərən bütün dairə və məntəqələrdə seçicilərin aktivliyi və fəallığı "Səs" qəzeti olaraq aparmış olduğumuz müşahidələrdə və keçirdiyimiz ictimai sorğularda bir daha öz təsdiqini tapmış oldu.
Sabunçu rayon ərazisində fəaliyyət göstərən 26, 27, 28-ci dairələrdə seçkinin gedişatını yüksək səviyyədə təmin etmək üçün bütün zəruri tədbirlər görülmüş və prosesin keçirilməsi müddətində qarşıya çıxan istənilən neqativ halın qarşısının alınması məqsədilə vacib olan işlər görülmüşdür. Ümumilikdə isə, rayon ərazisində fəaliyyət göstərən 92 seçki məntəqəsinin hər biri prosesin keçirilməsi üçün yüksək səviyyədə idi. Seçki başlanan saatdan hər bir məntəqə normal mövcud iş planı ilə açılmış, seçki qutuları möhürlənmiş və seçicilərin sərbəst formada öz iradələrini ifadə etmək üçün lazımi şərait yaradılmışdır.
Sabunçu rayonu 26 saylı seçki dairəsinin 19 saylı seçki məntəqəsində də səsvermə tam sərbəst və demokratik şəraitdə keçirilirdi. Məntəqə sədri Məleykə Hüseynova məntəqədə 1322 seçicinin qeydiyyatda olduğunu saat 10-a qədər isə onlardan 374 nəfərinin səs verdiyini bildirdi. O, qeyd etdi ki, səsverməni müşahidə edən müxtəlif təşkilatların nümayəndələri seçkinin gedişatı ilə bağlı heç bir irad və təkliflərini bildirməyiblər. Həmin məntəqədə səs verən Sabunçu rayon sakini Nəbi Süleymanov da seçkinin normal şəraitdə keçdiyini və heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirdi. 26 saylı Sabunçu birinci seçki dairəsinin 20 saylı məntəqəsində də seçki prosesi çox şəfafa və demokratik şəraitdə keçirilirdi. Məntəqə sədri Xuraman Abbasova siyahı üzrə 1496 seçicinin qeydiyyatda olduğunu və saat 10.30-a qədər 482 seçicinin məntəqəyə gələrək səs verdiyini bildirdi. Həmin məntəqədə "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupundan müşahidəçi olan Mahirə Ağaməmmədova, seçki prosesini tam dəqiqliklə izlədiklərini, heç bir pozuntu müşahidə olunmadığını söylədi. "Davamlı İnkişaf" referendum üzrə Təşviqat Qrupundan müşahidəçisi Sevinc Rzaquluzadə seçkinin şəffaf keçdiyini bildirdi.
20 saylı məntəqədə "Zəka" referendum üzrə Təşviqat Qrupunun müşahidəçisi olan Samirə Quliyeva da seçkinin pozuntusuz davam etdiyini vurğuladı.
Sabunçu 26 saylı I seçki dairəsinin 22 saylı seçki məntəqəsində də səhər saat 8-dən başlayaraq, seçkinin normal şəraitdə davam etdirildiyini bildirən məntəqə sədri Qabil Abbasov hər bir seçicinin sərbəst formada öz mövqeyini ifadə etdiyini bildirdi. O, bildirdi ki, rəhbərlik etdiyi məntəqədə 1487 nəfər seçicinin qeydiyyatda olduğunu və saat 10:33-ə qədər 448 seçicinin səs verdiyini, heç bir qanun pozuntusu olmadığını vurğuladı.
26 saylı Sabunçu I seçki dairəsinin 21 saylı seçki məntəqəsində də yüksək seçki fəallığı müşahidə edilirdi. Seçicilərin saat 9-dan etibarən, daha aktiv şəkildə səs verməyə gəldiyini bildirən məntəqə sədri Səməndər Məmmədov 1480 seçicinin qeydiyyatda olduğunu və 10:49-a qədər 562 nəfər seçicinin səs verdiyini söylədi.
21 saylı seçiki məntəqəsində səs verən seçici Reyhan Məmmədova prosesin çox şəffaf və ürəkaçan formada keçdiyini qeyd etdi. O bildirdi ki, Konstitusiyanın dəyişdiriləcək maddələri barəsində ətraflı məlumat toplayıb, ona görə də, onun səsvermədə daha rahat iştirakı mümkün oldu.
Seçici Paşa İsmayılov da 22 saylı seçki məntəqəsində səs verdiyini və heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirdi.
Sabunçu 26 saylı I seçki dairəsinin 24 saylı seçki məntəqəsində və seçici kütləviliyi müşahidə edilirdi. Məntəqə sədri Ramiz Osmanov siyahı üzrə 1223 seçicinin qeydiyyatda olduğunu və 11:05-ə qədər 514 nəfərin səs verdiyini bildirdi. Eyni zamanda, 26 saylı I seçki dairəsinin 26 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunmaqda idi. Məntəqə sədri Xumar Məmmədova 1483 seçicidən saat 11:30-a qədər 642 seçicinin səs verdiyini söylədi.
27 saylı Sabunçu II seçki dairəsinin 26 saylı seçki məntəqəsində də seçkinin gedişatında heç bir qanun pozuntusuna yol verilmədiyi müşahidə olunurdu. Məntəqə sədri Şahin Bəylərov qeydiyyatda olan 1343 seçicidən saat 11:44-ə qədər 639 seçicinin səsvermədə iştirak etdiyini bildirdi. Həmin məntəqədə səs verən Akif Niftəliyev seçkidən razılığını ifadə edərək, prosesin şəffaf keçdiyini söylədi.
Seçici Tamella Daşdəmirova da seçkidə iştirakın hər bir səsvermə hüququna malik olan vətəndaşın vəzifəsi olduğunu qeyd edərək, yaradılmış münbit şəraitdən razılığını ifadə etdi.
27 saylı Sabunçu II seçki dairəsinin 25 saylı seçki məntəqəsində də seçki prosesinin tam demokratik şəraitdə keçirildiyini müşahidə etmək olurdu. Məntəqə sədri Rəsmiyyə Quliyeva seçkidə iştirak edən seçicilərin yüksək aktivlik nümayiş etdirdiklərini və heç bir irad və təkliflərini ifadə etmədiklərini söylədi. Həmin məntəqə üzrə 1387 seçicinin qeydiyyatda olduğunu bildirən R.Quliyeva vətəndaşların kütləvi şəkildə səs verəməyə gəldiklərini söylədi.
25 saylı məntəqədə səs verən Mahir Hüseynov Konstitusiyanın 29 maddəsində nəzərdə tutulan hər bir dəyişikliyə sərbəst formada öz mövqeyini ifadə etdiyini və seçkinin hər kəsin gözü önündə normal şəraitdə davam etdiyini bildirdi.
Seçici Rəşad Abbasəliyev, ümumilikdə, Sabunçu rayon ərazisində seçki prosesinin çox yüksək səviyyədə keçirildiyini və hər kəsin sərbəst mövqeyini ifadə etdiyini dilə gətirdi.
Sabunçu rayonu üzrə seçkinin prosesinin gedişini müşahidə edən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun vəkili, xalq şairi Zəlimxan Yaqub prosesin ürək açan və yüksək səviyyədə keçdiyini bildirdi. O, qeyd etdi ki, rayon ərazisində müşahidəçi kimi iştirak etdiyi seçki məntəqələrində insanların dəstə-dəstə seçkilərə gəldiyini və sərbəst formada öz iradələrinin ifadə etdiklərinin şahidi olmuşam.
Milli Məclisin üzvü, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas Sabunçu rayonu üzrə müşahidə etdiyi seçki məntəqələrində heç bir qanun pozuntusunun və neqativ halların baş vermədiyini söylədi. Onu da qeyd edək ki, Sabunçu rayonu üzrə 26 saylı I seçki dairəsinin sədri Hacı Əliyev, 27 saylı II seçki dairəsinin sədri Nadir Əjdərov, 28 saylı III seçki dairəsinin sədri Hacıbala Babayev seçki prosesinin, ümumilikdə, çox yüksək ictimai aktivlik şəraitində davam etdiyini söylədi.
Sabunçu rayonu ərazisində "Exit-poll" keçirən ELS Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndələri Eynur Kərimov və Əli Mamoyev vətəndaşların kütləvi şəkildə səsvermə məntəqələrində iştirak etdiyini, eyni zamanda, onların keçirdikləri sorğulara da böyük maraq göstərdiklərini bildirdilər.
Ümumilikdə, Sabunçu rayonu ərazisində 26 saylı I seçki dairəsinin 1 və 2 saylı seçki məntəqələrində, 27 saylı II seçki dairəsinin 4 saylı, 31 saylı və 8 saylı seçki məntəqələrində prosesin kütləvi seçici fəallığı ilə keçirildiyi müşahidə edilirdi. Eyni zamanda, Sabunçu 28 saylı III seçki dairəsinin 5 saylı və 19 saylı seçki məqtəqələrində də prosesin gedişi zamanı heç bir qanun pozuntusu qeydə alınmamış, seçki tam demokratik və şəffaf şəkildə keçirilmişdir.
Seçicilərlə apardığımız söhbət zamanı onlar seçkiyə gəlməyin hər bir vətəndaşın hüququ olduğunu və bu hüquqdan istifadə etməyin zəruriliyini bildirdilər.
Seçici Əliyev Bahəddin səs verdiyi seçki məntəqəsində ona heç bir təzyiq və göstərişin olmadığını sərbəst şəkildə prosesdə iştirak etdiyini söylədi.
Məmmədov Məcid də seçici olaraq səs verdiyi məntəqədə normal şəkildə öz iradəsini ifadə etdiyini bildirdi.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində seçkilərin gedişatını müxtəlif yerli təşkilatlarla yanaşı, beynəlxalq müşahidəçilər də izləyirdilər. Bolqarıstan parlamentinin nümayəndələri Gandev Dimitar və İvan Girizanov müşahidə etdikləri 10-dan artıq seçki məntəqəsində heç bir uyğunsuzluqlarla qarşılaşmadıqlarını, insanların referenduma yüksək aktivliklə qatıldıqlarını bildirdilər.