PDF Oxu

Əsas

  • 14

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olmuşdur. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmışdır.
Bu tarixi faciə ilə bağlı fikirlərimizi bölüşmək, tarixin səhifələrini vərəqləmək üçün "Dünya Azərbaycanlılarının  Həmrəyliyinə  dəstək" cəmiyyətinin prezidenti Tofiq Əlizadə ilə əlaqə yaratdıq:
- Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin tarixini xatırlayarkən, xalqımıza qarşı törədilən vəhşilik və cinayətlər qəzəb hissi oyadır. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi əsrləri əhatə etsə də, bu barədə əsil həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.
Hadisələri ardıcılıqla izləsək, başımıza gətirilən olaylar, tarixdə, demək  olar ki, eyni ssenari üzrə cərəyan edir. Keçən 100 il ərzində minlərlə ziyalılarımızı  məhv  etməklə, əlifbamızı bir neçə dəfə dəyişməklə biz azəri türklərinin sonsuzlaşdırmaq iddiasında olan qüvvələr, qərəzli mövqeləri ilə kim olduqlarını tarix boyu sübut etmişlər. Şükürlər olsun ki, milli genefonumuzu, adət-ənənələrimizi qoruyub  saxlaya  bilmişik. Biz artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil,  bütün  türk  dünyasına  torpaq iddiaları ilə çıxış  etmiş və indi də etməkdədirlər.
1917-ci ildə Rusiyada çar hökuməti  devrildikdən  sonra, Almaniya  və  Avstriya cəbhələrində xidmət  edən minlərlə erməni əsgəri öz  silahları  ilə  daşnaqların  niyyətlərini həyata keçirmək üçün Bakıda  cəmləşmişdilər. Tarixə nəzər salsaq, görərik ki, bəzən böyük dövlətlər müharibə ocaqlarının yaranmasında ermənilərdən  istifadə  ediblər. 1921-ci ildə Daşnaqsütyun partiyası və onun  ideoloqları Fransaya  köçəndən  sonra, bu terrorçu partiyanın Sovet İttifaqındakı  fəaliyyətinə Anastas Mikoyan başçılıq etmişdir.
1920-ci ilə kimi Azərbaycanın  ərazisi 114 min kv km  idi. O vaxt Azərbaycan rəhbərliyində olan N.Nərimanov Lenin tərəfindən  hiyləgərcəsinə aldadılmışdı. N.Nərimanov Leninə ünvanladığı məktubda yazırdı: "Yoldaş  Lenin,   Azərbaycanda  daşnak  siyasəti  hər  yeri bürüyüb. Stalin və Orconikidze biz türklərə inanmır, Azərbaycanın taleyini ermənilərə  tapşırır. 1923-cü  ildə  Lenin,  Stalin  və  erməni daşnak kommunistləri Qarabağ torpaqlarının  dağlıq  hissəsində 4400 kv km ərazisində  Dağlıq Qarabağ Muxtar Vilayəti, yəni, indi  də, Azərbaycana sonu bilinməyən  problemlər  yartdılar.
Tarixi  sənədlər  sübut  edir  ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik  təmizlənmə  və  soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətllərə yetirilmiş, ata-baba yurdlarından  deportasiyalara  məruz  qalmışlar. 1941-ci  ildə Sovet  İttifaqının  rəhbəri  Stalin SSRİ sərhədlərini düşmənlərdən qorumaq  üçün İrana, əsasən də,  Cənubi  Azərbaycana qoşun yeritdi. O zaman Azərbaycana rəhbərlik edən Mircəfər Bağırov Stalinə İranla bağlı verdiyi hesabatında göstərir ki, İran dövlətinin böyük  bir  hissəsi Rusiya - İran (1928) müharibəsinə kimi qədim Azərbaycan torpaqları olmuşdur. Həmin ərazilərdə tarixən Azərbaycan xanlıqları hökm  sürmüşdür. O vaxt  Stalin bu məsələyə maraq  göstərərək  demişdir: "Madam  ki, bu  torpaqlar  Azərbaycan  torpaqlarıdır,  onda  bu torpaqları  Rusiyaya   qatmaq olar".  Lakin  sonra  ingilis kəşfiyyatı, Anastas  Mikoyan və  Beriya Stalini inandırmağa çalışdırdılar ki, bu boyda Azərbaycan türk dövləti yaratmaq olmaz. Çünki bu dövlət gələcəkdə Cənubi Qafqazda  Ermənistan, Gürcüstan və Şimali  Qafqazdakı  xalqlar üçün çox böyük təhlüklər törədə bilər. Həmçinin, Mikoyan Stalinə  demişdir  ki, Azərbaycan  böyük  dövlət  olarsa, gələcəkdə, Türkiyə  ilə  birləşə bilər və dünyanın ən qüdrətli və güclü dövlətlərindən biri olar və nüfuzca yeni  bir, türk  dövləti  yarana  bilər. Ona  görə  də  Stalin, İkinci Dünya müharibəsi qurtarandan sonra sovet  qoşunlarını cənubi Azərbaycan ərazisindən çıxartdı. Əslində, məsələ dünyanın iki qalib dövlətləri sayılan ABŞ və SSRİ-nin Azərbaycanın yenidən bölünməsi ilə bağlı idi.
Azərbaycanın taleyi  ilə  bağlı olan bu tarixi  məsələlərin öyrənilməsi 70 ildən çox müddətdə qadağan edilmiş, tədqiqatçılar məxfi arxivlərə yaxın  buraxılmamışdır. ABŞ prezidenti Trumen 21 mart 1946-cı il  tarixində  SSRİ-yə  şifahi  ultimatum verərək, Stalindən sovet  hərbi qüvvələrini İrandan  çıxarılmasını  tələb  edirdi. Tarixin  elə  sirləri var  ki, onun  açılmasına və xalqa  çatdırılmasına 50-100 ildən sonra icazə verilir. Ona görə də, bu hadisələr uzun müddət bizlərdən gizli saxlanmışdır. 1980-cı illərin  əvvəllərində  sovet  qoşunlarının Əfqanıstan torpaqlarına basqını zamanı, ABŞ-ın bəzi  jurnallarında 1946-cı ildə olan  Azərbaycan böhranından  yazılmışdır.
XX əsrin əvvəllərində türklərin başlarına gətirdikləri qanlı faciələrdən  doymayan ermənilər, illər uzunu fürsət  düşdükcə, xaricdəki türk diplomatlarına və iş adamlarına qarşı terror  əməliyyatları aparmışlar. Məsələn, 1973-cü ildə ABŞ-in  Kaliforniya  ştatında  78  yaşlı erməni mühacir daşnakı Qurgen  Yanıkyan  Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Bayraqdarı  qətlə  yetirmişdi. Bu qoca erməni türklərdən 1915-ci ilin heyfini  çıxmaq üçün gənc erməni daşnaklarına örnək olmaq istəmişdi.
1975-ci ildə  Avstriyanın  paytaxtı  Vyanada  3  erməni  terrorçusu  Türkiyə  səfirliyinə  soxularaq, Tunameçilini  öldürmüşdülər. Həmin  ildə,  yəni, 1975-ci ildə, Parisdə erməni terrorçuları Türkiyənin  Fransadakı səfiri İsmayıl Erazı və onun sürücüsünü avtomobilində  güllələmişdilər. 1977-ci ildə İstanbulun  Yeşil göy  hava limanında  erməni terrorçularının törətdikləri güclü bomba partlayışı  nəticəsində 5 nəfər  ölmüş, 42 nəfər  yaralanmışdı. 1977-ci ildə  Türkiyənin İtaliyadakı  səfiri Taha Karim səfirliyin qarşısında  2  erməni terrorçusu tərəfindən qətlə yetirilmişdi. 1978-ci ildə İspaniyanın  paytaxtı  Madriddə 3 erməni  terrorçusu Türkiyə  səfiri  Zəki  Güneralınin   şəxsi  maşınına  hücum  edib  onu  xanımı  ilə  birlikdə qətlə yetirmişdilər. 1979-cu ildə  yenə  də  Paris  şəhərində  Türkiyə  səfirliyinin  attaşesi  Yılmaz  Şolnan  parkda  gəzinti  zamanı   ermənilər  tərəfindən  öldürülmüşdü.
1980-ci ildə  Romada, Afinada, 1981-ci ildə Cenevrədə və  dünyanın  bir çox  ölkələrində türk səfirlərini qətlə yetirdilər. Ancaq türk  millətçilərinin ciddi və  güclü müqaviməti  nəticəsində  erməni  terorçularını susdurmaq mümkün oldu.
XX əsrin  əvvəllərindən  Anadolu və azəri  türklərinə  qarşı  törədilən  cinayətlərdə əlləri  qana batan Anastas Mikoyan, 1967-ci illərə kimi, daşnak  partiyasının SSRİ-dəki  rəhbəri  olmuşdur. Onu  da  qeyd  edək   ki,  Anastas Mikoyan Stalin dövründə və sonralar  SSRİ-nin  hakimiyyət  rəhbərliyində həmişə  ikinci  şəxs  olmuş,  ermənilərə  dayaq  olaraq,  onların  irəli  vəzifələrə  çəkilməsində  mühüm  rol  oynamışdır. 1918-ci  ildə  Bakıda, Qubada və başqa yerlərdə azəri  türklərinin  vəhşicəsinə  qırılmasına  əmr  verən  daşnak  ideoloqu   Stepan  Şaumiyan olmuşdur.
1918-ci il  sentyabr  ayının 20-si və 26-da  Bakı  bolşeviklərini Ağcaqum çöllərində  güllənməyə   aparılarkən yolda qəflətən Anastas  Mikoyan  və  Stepan  Şaumyan  yoxa  çıxmış, yenidən  Rusiyada  peyda  olmuşlar. SSRİ  zamanı isə bizlərə  Stepan  Şaumyan  qəhrəman  kimi  aşılanmış  və  onun Bakı  bolşevikləri  ilə  güllələndiyi  bildirilmiş, 70  il  ərzində onun kimi yüzlərlə  erməni qaniçənlərinin xatirələri əziz tutulmuşdu. Sonradan yenidənqurma və  müstəqillik  illərində  gizli  arxivlər  açılanda, məlum oldu ki,  çox  hiyləgər  erməni olan  Stepan  Şaumyan heç də  1918-ci ildə güllələnməmiş, əksinə, ingilis  gəmiləri  ilə  İrana  qaçmış,  oradan  da,  İngiltərəyə  gedərək qəribə bir  yaşayış məkanı seçərək, ömrünün sonuna kimi  Hindistanda  yaşamışdır.
İlk dəfə Qarabağ  məsələsi 1967-ci ildə baş qaldırsa da, o vaxt bu məsələ yatızdırılmışdı. 1987-ci ildə yenidənqurma məqamından istifadə edilərək, bu məsələni geniş mətbuata çıxaran  məhz erməni əsilli, SSRİ-nin o zamankı yalançı baş iqtisadiyyatçısı Aqanbeqyan olmuşdur. Sonrlar bu işlərə xeyir-dua verənlər Mixail Qorboçovun 1-ci  köməkçisi Şahnazaryan, SSRİ prokurorluğunun baş müstəntiqi Qdlyan, erməni ideoloqları, Silva Kapitukyan, rəssam Tiqranyan, türklərə qarşı kin və nifrətlər dolu olan "Ocaq" kitabının müəllifi Zori Balayan və başqaları Qarabağ məsələsində  öndə  dayandılar. Bu da  bir  faktdır ki, 1989-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ nəticəsində, xarici ölkələrdən,  əsasən də,  Qərbdən, Bolqarstandan, Suriyadan, Livandan, Beyrutdan və  başqa yerlərdən, insanlara təcili ərzaq çatdırmaq əvəzinə, təyyarələrlə  silahlar  daşınmışdır. Sonralar biz azəri türkləri  bu  silahların  Qarabağda  danışdıqlarını  gördük.
Bu gün Qarabağın probleminin dolaşıqlı açarı Rusiyada  axtarırıqsa, bu  açarın  gizli kodu isə ABŞ-dadır. Çünki bu gün dünyanın  hegemonu ABŞ-dır. O, xeyr-dua  vermədən bu məsələ öz  həllini  tapmayacaq. Yaddan  çıxartmayaq  ki, ABŞ  hələ də, "907- ci  maddə"ni aradan  götürməyib  və  BMT-nin  Qarabağ  məsələsi  ilə bağlı heç bir  qətnaməsi  yerinə  yetirilməyib. Tarix təkrar  olunur. 1988-ci ildən Azərbaycana qarşı  başlanan işğalçılıq  siyasəti 5-6 il gec  başlasa  idi   vətənimizi  bundan  da artıq  fəlakətlər gözləyə bilərdi. Belə ki, Qarabağ  hadisələrinin başlamadığı bir təqdirdə, hiyləgər və uzaqgörən  ermənilər və  onların  işbilənləri dövlət  müstəqilliyimizin  əldə  edilməsindən sonra başlayaraq, Azərbaycanda gedən özəlləşdirmə  proqramlarından istifadə edərək, xaricdə yaşayan milyonçu  ermənilər  və ya  onların  havadarları  ilə birgə, məmləkətimizin  bir çox  strateji sahələrinin sahibləri, o cümlədən də, neft  müqavilələrinin  şərikləri və ya  iştirakçıları   ola  bilərdilər. Onda biz azəri  türklərini,  indikindən də böyük  milli faciələr  gözləyə bilərdi? Dünya  erməniləri  Qarabağ məsələsini  əllərində  milli  bayraq  edərək, yenidən  birləşməyə və çoxlu  sayda olan  iri  kapitallara  malik  lobbilərindən  erməni büdcələrinə külli  miqdarlarda  maliyyə  vəsaitləri  toplaya bildilər.
İki il əvvəl türk və  Azərbaycan  diaspora təşkilat rəhbərlərinin toplantısında Azərbaycan  Prezidenti cənab  İlham  Əliyevin  çıxışı daha  önəmli  idi. Cənab  Prezident bildirdi  ki, əgər  ermənilər Azərbaycan  torpaqlarından çıxmasalar, bu  təqdirdə Azərbaycan silahlı qüvvələri ərazi  bütövlüyünü özü  təmin  edəcəkdir.  Bu sahədə  isə, istər vətəndə, istərsə də, yurd xaricində biz  Azərbaycan  türkləri zamanın imkanlarını əldən  verməməli, yuxarıda  qeyd  etdiyimiz tarixi  faktlardan düzgün və vaxtında  nəticələr  çıxarmalı və bütün ilboyu, milli faciələrimizin dünya  ictimaiyyətinə  çatdırılmasi  yolunda  mühüm  və  səmərəli  işlər  görməliyik.
Tariximizi unutmayaraq və ondan vaxtında düzgün nəticələr çıxardaq ki, tarixi səhvlərə bir də yol verib uduzmayaq.

Digər xəbərlər