31 MART SOYQIRIMI-ERMƏNİ FAŞİZİMİNİN İÇ ÜZÜ
1998-ci ildən etibarən Azərbaycan xalqı martın 31-ni rəsmi dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı "böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.
Lakin bu məsələyə əsil hüquqi-siyasi qiyməti Azərbaycanın öz müstəqilliyinə qovuşduqdan sonra vermək mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam, erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın azərbaycanlıların qan yaddaşı olduğu önə çəkilib.
İlk növbədə, qeyd olunmalıdır ki, bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. S.Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və həmçinin, Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə "Türkiyə Ermənistanı" yaratmaq səlahiyyəti verilmişdi. I Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər ermənilərin azğın planlarına uyğun idi. Lakin Brest-Litovsk (mart, 1918-ci il) sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya qoşunları işğal etdikləri Qars, Ərdəhan və Batumini tərk etməli idi. Bu ərazilər Türkiyəyə qaytarıldı. Öz növbəsində, Türkiyə dövləti həmin vilayətlərin boşaldılmasını tələb etdi. İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi. S.Şaumyan həmin qüvvələrdən azərbaycanlılara qarşı istifadə etmək qərarına gəldi. Həmin dövrdə isə Bakıda çox az sayda könüllü müsəlman əsgərləri var idi. Bu vəziyyətin özü də S.Şaumyana mənfur siyasətini həyata keçirmək üçün əlverişli imkan verirdi. Böyük qırğınlara başlamağa isə yalnız bəhanə lazım idi. Nəhayət, bəhanə tapıldı. Müsəlman əsgərlərinin Lənkəranda olan könüllülərə silah göndərmək istəməsi S.Şaumyan bu bəhanəni verdi. O, Lənkərana silah göndərilməsinin qarşısını almaq əmri verdi. Başlanan atışmada ölən və yaralananlar oldu. S.Şaumyana bu hadisəni bəhanə edərək ruslarla erməniləri azərbaycanlılara qarşı mübarizəyə sövq etdi və "sovet hökumətinə qarşı çıxan" azərbaycanlılara qarşı Bakıda görünməmiş qırğınlar başlandı.
Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil aldı. Üç gün ərzində Bakıda 17 min insan qətlə yetirildi. S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 mln man-lıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə"nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Əməkçi" qəzeti, 231, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi "vətəndaş müharibəsi", "əks-inqilabi qiyam" kimi saxtalaşdırılan mart hadisələri bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırım siyasəti idi. Bu qırğının təşkilatçısı S.Şaumyan RSFSR XKS-yə 13 aprel 1918-ci il tarixli məktubunda etiraf edərək yazırdı: "Bizim süvari dəstəyə edilən silahlı hücumdan, biz bir bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi". Göründüyü kimi, azərbaycanlılara qarşı aşkar genosid həyata keçirən ermənilər, Bakı da daxil olmaqla bütün Azərbaycanı özlərinin ərazisi etmək niyyətində idilər.
Biz isə uzun illər bu gerçək tarixdən məlumatsız olmuşuq, saxta ideoloji ehkamlar və beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənib. Halbuki hələ 1918-ci il iyulun 15-də Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qətliamlarla bağlı çoxsaylı sənədlər, materiallar toplamışdı. 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdi. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri də yarımçıq qoydu və Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilmədi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasropu vasitəsilə, istərsə də, Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma "soyqırımı" kampaniyasına geniş vüsət verdilər.
Sonrakı illərdə də Azərbaycan ərazisində törədilən terror-təxribat faktlarına Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. 16 sentyabr 1989-cu il- "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 18 fevral 1990-cı il- Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur. 11 iyul 1990-cı il- "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır. 10 avqust 1990-cı il- "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şamxor-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır. 30 noyabr 1990-cı il - Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır. 9 yanvar 1991-ci il- "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvet Manqasaqyan və Qaqik Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il- Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır. 19 iyun 1991-ci il- "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır. 31 iyul 1991-ci il- Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. 2 avqust 1991-ci il- Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır yaralanmışdır. 21 avqust 1991-ci il- Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır. 8 sentyabr 1991-ci il- "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır. 26 sentyabr 1991-ci il- "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır. 19 oktyabr 1991-ci il- Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır. 20 noyabr 1991-ci il- Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur. 26 dekabr 1991-ci il- Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır. 8 yanvar 1992-ci il- Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə sərnişin daşıyan dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır. 28 yanvar 1992-ci il - "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülkü helikoptel vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə 44 nəfər həlak olmuşdur.
Təbii ki, bütün bunlar erməni terror təşkilatlarının törətdikləri qanlı faciələrin tam olmayan siyahısıdır. Bunları sadalamaqda məqsədimiz odur ki, xalqımızın qan yaddaşı susmasın, gələcək nəsilləri də məhz bu ruhda tərbiyə edək.
(ardı var)