1988-ci ildən ölkədə gedən anormal proseslər, daxili ziddiyyətlər, hakimiyyət uğrunda çəkişmələr, siyasi və hərbi səriştəsizlik, nəticə etibarilə, nəinki Dağlıq Qarabağın, bu ərazidən kənar olan bir neçə rayonun, o cümlədən, Kəlbəcərin düşmən tərəfindən işğalına gətirib çıxartdı. AXC-Müsavat cütlüyünün xalqın taleyinə və sərhədlərimizin müdafiəsinə laqeyd münasibəti respublikamızı çox böyük faciələrlə üz-üzə qoydu.
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğalından 16 il ötür. Rayonun işğalı zamanı 458 nəfər həlak olub, rayonun yüzlərlə sakini, o cümlədən, qadın, uşaq və qoca əsir götürülüb. 1993-cü il martın 10-da Ermənistan silahlı qüvvələri Basarkeçər və Ağdərə istiqamətindən Kəlbəcər rayonuna hücuma keçiblər. 20 gündən artıq gedən döyüşlərdən sonra Kəlbəcər rayonu aprelin 1-dən 2-nə keçən gecə ermənilər tərəfindən işğal olunub, 52000 kəlbəcərli öz yurdlarını tərk etmək məcburiyyətində qalıblar. İşğal nəticəsində 55 hərbçi və yüzlərlə mülki şəxs şəhid olub, 321 nəfər əsir və girov götürülüb. İşğal nəticəsində 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, bu ərazilərdə olan 97 məktəb, 9 uşaq bağçağı, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana dağıdılıb, 52 min soydaşımız məcburi köçkün düşüb. Hazırda Kəlbəcər rayonunun 2,185 kv km ərazisi, hələ də Ermənistan silahlı qüvvələrinin nəzarətindədir. Kəlbəcərin işğalı nəticəsində Azərbaycan büdcəsinə 703,5 mlrd man-lıq ziyan dəyib. Ermənilərin hücumu zamanı 220 nəfər kəlbəcərli həlak olub.
Kəlbəcərin işğalının 16 illiyi ilə bağlı ölkə tarixçiləri Azərbaycan torpaqlarının işğalının və bu işğal nəticəsində maddi-mədəniyyət abidələrimizin, milli-mənəvi dəyərlərimizin məhv edildiyini vurğuladılar.
Tarixçi-alim Nazir Əsədov:
- 200 ildən artıq bir müddət ərzində Azərbaycan ərizilərinə yerləşdirilmiş ermənilər son vaxtlara qədər torpaqlarımıza qarşı iddialar edərək, erməniləşdirmə siyasəti həyata keçiriblər. Ermənilər bu planın həyata keçirilməsi üçün onlara köməklik göstərən böyük dövlətlərin qulluğunda müntəzər olmuşdular. Bu tarixi proseslər ona gətirib çıxarırdı ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı qırğınlar, soyqırım, deportasiyalar həyata keçirilmişdi. Tarixi ərazilərimizdən sıxışdırılıb çıxarılan soydaşlarımız ermənilərin özləri üçün "böyük Ermənistan" yaratmaq istəyinin qurbanına çevrilmişdilər. Azərbaycanın tarixi, əzəli və əbədi topaqları olan Qarabağı mənimsəmək, erməniləşdirmək bunların qarşısında duran ən başlıca vəzifə olmuşdu. Nadan qonşular hələ 1923-cü ildən - Dağlıq Qarabağ Muxtar Vilayəti yaranandan bəri Kəlbəcərə göz dikmişdilər. Bu bölgənin qeyri-adi gözəlliyi, nadir təbiəti, əlverişli coğrafi mövqeyi, saysız-hesabsız mineral mənbələri, yeraltı və yerüstü sərvətləri daim ermənilərin diqqətini cəlb etmiş, zaman-zaman Kəlbəcərin Ermənistana birləşdirilməsi üçün məkrli, əsil ermənisayağı mübarizə aparmışlar. 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ermənilərin bu məkrli planları alt-üst edilmişdir. Ulu öndər Kəlbəcərin hərtərəfli möhkəmlənməsinə, onun iqtisadi qüdrətinin artırılmasına xüsusi qayğı göstərmişdir.
AXC-Müsavat cütlüyü öz xalqı qarşısında daha bir tarixi cinayətə imza ataraq, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalına imkan vermişdir. Kəlbəcərin işğalı Azərbaycana böyük fəlakətlər gətirdi. Hərbi üstünlüyün ermənilərin tərəfinə keçməsinə və bununla da Ağdamın, Zəngilanın, Qubadlının, Cəbrayılın və Füzulinin işğalına şərait yaratdı. Beş il düşmən qarşısında əliyalın olsa da, mərdliklə dayanan, bir qarış torpağını belə ona verməyən, yurdunun canlı sipərinə çevrilən igid kəlbəcərlilər və Azərbaycanın qala qapısı olan Kəlbəcər daxili çəkişmələrin, xəyanətlərin qurbanına çevrildi. Məğrur dağlar diyarı beş gün ərzində boşaldılaraq düşmənə təslim edildi. Əlbəttə, bu, olmaya da bilərdi. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Kəlbəcəri müdafiə etmək mümkün idi. Əgər vaxtilə bunu edə bilməmişiksə, bu, xalqın, millətin günahı deyildir, xalqa xəyanət edənlərin günahıdır".
AMEA-nın tarix institutunun "Qarabağ tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev:
- 1993-cü il mart ayının 27-dən aprelin 2-nə qədər ermənilər tərəfindən aramsız hücumlara məruz qalan Kəlbəcər rayonu işğal edildi. Ermənipərəst qüvvələr Kəlbəcərə hücum edənləri yerli ermənilər kimi qələm versələr də, sonradan bunun tamam başqa bir siyasi oyun olduğu aşkara çıxdı. Tarixi faktlar sübuta yetirdi ki, Ermənistanın Vardanes rayonundan hücuma keçən silahlı birləşmələr Kəlbəcəri işğal edib. Sonrakı proseslərdə də BMT-də qərar qəbul edilərkən, beynəlxalq təşkilatlar məsələyə qarışanda da, bəzi irticaçı qüvvələrin köməyi ilə ermənilərin bu hücumu Dağlıq Qarabağda yaşayan ermənilərin hücumu kimi qələmə verildi. Bu da ermənilərin üzdəniraq siyasəti nəticəsində etnik toqquşma kimi qiymətləndirilirdi. Bu hadisə o zamana qədər davam etdi ki, nəhayət, Azərbaycan dövlətinin böyük tələbi və müraciətləri ilə bağlı BMT qərar qəbul etdi.
Kəlbəcər rayonunun işğalı nəticəsində maddi-mədəniyyət abidələrimiz məhv edildi, həmin ərazidə öz mövcudluğunu saxlayan tarixi dəyərlərimiz tamamilə sıradan çıxdı. Müasir dövrümüzə qədər qorunub saxlanılmış bir çox milli ornamentlər ermənilər tərəfindən mənimsənildi. Respublikada analoqu olmayan nadir zənginliyə malik rayon tarix-diyarşünaslıq muzeyinin minlərlə qiymətli eksponatı düşmən əlinə keçdi və indi onlar dünyanın müxtəlif ölkələrində Ermənistanın qədim eksponatları kimi təqdim edilir.
Kəlbəcərin işğalında siyasi mənada çox günahkar tapmaq olar. Amma ilk növbədə, XIX əsrdən başlayaraq rus imperiyası tərəfindən bu günə qədər silahlandırılan Ermənistan Azərbaycanın tarixi ərazilərini işğal etməklə öz ərazilərini genişləndirməyə səy göstərir. Birinci növbədə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında rus imperiyası günahkardır, ikinci, Avropa ölkələrinin içərisində yerləşən irticaçı qüvvələr və o vaxtkı başıpozuq ölkə rəhbərləri, səriştəsiz ordu komandirləri birbaşa məsuliyyət daşıyırlar.
İnanırıq ki, Azərbaycan dövlətçiliyinin yürütdüyü daxili və xarici uğurlu siyasəti, ölkə başçısı İlham Əliyevin möhkəm iradəsi sayəsində bütün işğal olunmuş ərazilərimiz mənfur düşmənlərdən azad ediləcək. Həmin ərazilərdən qaçqın və məcburi köçkün düşmüş vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq.
BDU-nin dosenti Leyla Gərayzadə:
- Kəlbəcərin işğalı Azərbaycan tarixində ən qaranlıq səhifələrdən biridir. Bu tarixi coğrafi rayon ölkəmizin ən strateji mövqelərindən biri hesab olunurdu. Ermənilər 1993-cü il aprel ayının 2-də Kəlbəcəri işğal etməklə, Dağlıq Qarabağda apardıqları təcavüzkar planlarına növbəti uğurlarını əlavə etdilər. Həmin əraziləri mənimsəmək iddiası ilə yaşayan ermənilər bu istəklərinə çatmaq üçün, ilk növbədə, Kəlbəcəri və digər əlverişli coğrafi mövqedə yerləşən rayonlarımızı ələ keçirdilər. Erməni tarixçiləri müasir dövrümüzdə beynəlxalq ictimai rəyi çaşdırmaq üçün cəfəngiyyat dolu məlumatlar yayırlar ki, guya Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını həll etmək üçün Kəlbəcəri işğal ediblər. Bir çox ermənipərəst qüvvələr də onların bu yalanına aldanaraq onlara dəstək çıxmışdılar. Hətta belə bir şərait yaratmışdılar ki, BMT-də bu məsələ ilə bağlı qətnamə qəbul etmək artıq reallaşsın. Lakin sonradan tarixi faktlar əsasında məlum oldu ki, Kəlbəcər erməni silahlı birləşmələri tərəfindən işğal olunub.
Azərbaycan hökumətinin siyasi iradəsi sayəsində ermənilərin bütün yalanları ifşa edildi. Kəlbəcərin tarixi Azərbaycan ərazsisi olması təsdiqləndi. Hər kəsə məlumdur ki, qonşuluqda yerləşən erməni qəsbkarları həmişə öz ərazilərini böyütmək və "böyük Ermənistan" yaratmaq istəyi ilə topaqlarımıza təcavüz etmişdir. Bir çox tarixi mədəniyyət abidələrimizi saxtalaşdıraraq, öz adlarına çıxarmaq üçün müxtəlifə vasitələrdən istifadə etmişlər.
Onu da qeyd edim ki, kəlbəcərli məcburi köçkünlər hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Onların yaşayış şəraitinin yaxşılaşdırılması, işlə təminatı, sosial-məişət problemlərinin həlli sahəsində ardıcıl tədbirlər həyata keçrilir, Dövlət Proqramı mərhələ-mərhələ icra edilərək uğurlu nəticələr qazanılır. Məcburi köçkünlər bütün hüquqlardan normal qaydada istifadə edir, təhsil alır, işləyir, öz adət-ənənələrini yaşadırlar. Kəlbəcərlilər həmişə ulu öndər Heydər Əliyev siyasətinin dönməz dəstəkləyicisi olublar, unudulmaz rəhbərimizin ideyalarına daim öz sədaqətlərini nümayiş etdiriblər.