PDF Oxu

Əsas

  • 22

Problemlər Ermənistanla hansısa şərtlər daxilində həll oluna bilər

Problemlər Ermənistanla hansısa şərtlər daxilində həll oluna bilər
Son zamanlar Türkiyənin Ermənistanla münasibətlərini tənzimləmək istəyi, hakimiyyətin bu istiqamətdə atdığı bir sıra addımlar Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Aprelin 24-də imzalanması nəzərdə tutulan sazişdən sonra sərhədlərin açılması məsələsi isə hər iki ölkənin mətbuatında geniş təhlil olunur.
Politoloq Cümşüd Nuriyev hesab edir ki, Türkiyənin qarşısında strateji məqsədlər durur. Bu məqsədlərə Kipr məsələsinin həlli, Türkiyənin Avropa Birliyinə daxil olmaq məsələsi, ermənilərin haqsız iddialarına qarşı mexanizmlərin qurulması və sairələr daxildir: "Həm Qərbi Avropa, həm də ABŞ-dan gələn həmlələrin qarşısını almaq üçün Türkiyənin qarşısında strateji məqsədlər durur. Bunun üçün, ilk növbədə, atılmalı addımlardan biri də, çox böyük potvensialı olmasa da, güclü lobbiçiliyi sayəsində dünyada təmsil olunan Ermənistanla münasibətləri yoluna qoymaqdır. Çünki bu strateji məqsədlərə çatmaq yolunda əsas maneələrdən biri Ermənistandır. Ermənistan Türkiyə üçün həm ABŞ-Türkiyə münasibətlərinin korlanmasında, həm Rusiya-Türkiyə münasibətlərində, həm də Qərbi Avropa ilə münasibətlərində rol oynayır. Çoxları elə başa düşür ki, AB-yə qoşulmaq asandır. Türkiyə özünü Avropa sivilizasiyasının bir hissəsi sayır. Bu problemlərin hamısını həll etmək üçün isə erməni məsələsini həll etmək lazımdır".
C.Nuriyev onu da bildirdi ki, danışıqlarda Dağlıq Qarabağ məsələsi ilə bağlı bizim əleyhimizə elə bir prinsip yoxdur: "Danışıqların açıqlanan tərəflərinə baxsaq, orada göstərilib ki, Türkiyə ilə Ermənistan arasında ortaq bir tarix qurumu yaradılır. Təbii ki, bu da həm Türkiyənin, həm də Azərbaycanın maraqları baxımından düzgündür. Türkiyə bu məsələni bir neçə dəfə Ermənistanın qarşısında qoymuşdu. Ermənistan da bunu qəbul edir. Digər tərəfdən Ermənistan qarşısında Türkiyə ərazisinə iddiaların aradan qaldırılması ilə bağlı şərtlər qoyulub ki, Ermənistan bununla da razıdır. Əsas prioritet məsələlərdən biri qondarma erməni soyqırımının dünyada qəbul olunmamasına çalışmaq və bu məsələni ortadan qaldırmaqdır ki, Ermənistan hardasa buna da razılıq verir. Təbii ki, bu şərtlər çərçivəsində Türkiyənin Ermənistanla danışıqlar aparmasında bizin maraqlarımıza zidd olan bir məsələ sərhədlərin açılması məsələsi ola bilər".
Politoloq onu da vurğuladı ki, problem Ermənistanla hansısa şərtlər daxilində həll oluna bilər: "Türkiyə dövləti Ermənistandan istədiyini almasa, addım atmaz. Türkiyə Ermənistanın şərtlərini yox, öz şərtlərini ortaya qoyur. Yəni ki, daha çox öz şərtlərini diqtə edir. Çünki bu dəqiqə Türkiyə diqtə edən bir dövlətdir. Ona görə də biz bu məsələdən qorxmamalıyıq".
Politoloq Elman Nəsirov bildirdi ki, Dağlıq Qarabağ, eləcə də Türkiyənin Ermənistanla olan problemlərinin həll olunması istiqamətində danışıqlar gedir: "Bir var Ermənistanla yaxınlaşıb problemləri çözəsən, bir də var qarşılıqlı ittihamlarla çıxış edəsən. Bu danışıqların nəticəsindən nə isə əldə edəsən. Məsələ belə qalanda, onsuz da, heç bir tərəfin maraqlarına xidmət etmir. Türkiyə təzyiqlər altında, Qarabağ məsələsi də eyni vəziyyətdə qalacaq. Türkiyə ilə Ermənistanın hardasa siyasi bir çözüm tapması Dağlıq Qarabağ məsələsinin həllinə müəyyən təkan verəcək. İqtisadi əlaqələr, Türkiyənin Ermənistanı özündən asılı vəziyyətə salması da bu məsələnin həllində təsir mexanizmi ola bilər. Sərhədlər açılsa belə, Türkiyə Ermənistandan asılı vəziyyətdə deyil, əksinə olacaq. Sərhədlər açılsa belə, yenə də iqtisadi təsir mexanizmləri qalacaq. Bu dəqiqə heç kim nə Ermənistanın ərazisindən boru keçirmək və yaxud başqa bir fikirdə deyil. Sərhədlərin açılacağı təqdirdə belə, Türkiyə Ermənistanın qarşısına elə şərtlər qoya bilər ki, Dağlıq Qarabağ məsələsində nə Azərbaycan, nə də Türkiyə uduzmaz".
E.Nəsirov onu da bildirdi ki, Türkiyənin Azərbaycanı zərbə altında qoyacağına inanmıram. Bir də onu düşünürəm ki, artıq şərait yaranıb və Azərbaycan qısa zamanda Türkiyə ilə strateji hərbi müttəfiqlik haqqında müqavilə imzalamalıdır: "Belə müqavilə Rusiya ilə Ermənistan arasında var. Bu balansı yaratmaq, Türkiyə ilə münasibətləri daha da sıxlaşdırmaq üçün starteji hərbi müqavilənin imzalanması çox vacibdir. Azərbaycan regionda öz hərbi balans siyasətini axıra kimi qorumalıdır. Təbii ki, bu da hər iki ölkənin hökumətlərinin üzərinə düşən vəzifədir".

Digər xəbərlər