PDF Oxu

Əsas

  • 12

AKP-ERMƏNİSTAN GİZLİ İŞ BİRLİYİ

AKP-ERMƏNİSTAN GİZLİ İŞ BİRLİYİ
AKP hökumətinin milli maraq və mənafelərə zidd olaraq türkün qan düşməni,  Qars, İqdır, Van və Xocalıda minlərlə türkü qanına qəltan edən, yüzlərlə türk diplomatı və ziyalısını terrora məruz qoyan, Azərbaycanın 20 faiz ərazisini işğal edən və Türkiyəyə qarşı da ərazi iddiasında bulunan erməni diasporu ilə gizli işbirliyi artıq qardaş ölkənin özündə də nifrətlə qarşılanır. Xüsusilə, Türkiyə Böyük Millət Məclisində təmsil olunan müxalifət partiyalarının liderləri AKP hökumətinin bu  mənfur və ləyaqətsiz siyasətini kəskin tənqid edirlər.
Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal öz partiyasının qrup toplantısında AKP-nin Ermənistanla münasibətlər qurmaq istəyərkən Azərbaycanı incik saldığını vurğulayıb: "AKP hökumətinin Ermənistan siyasəti nəticəsində Azərbaycan qəlb qırıqlığı, can sıxıntısı yaşamağa başlayıb. Azərbaycanın dövlət başçısı  bu səbəbdən İstanbuldakı toplantıya gəlmədi. Ermənistanla dostluğu təmin etdikmi - bilmirəm, amma Azərbaycanı küsdürməyi bacardıq".  D.Baykal Azərbaycanı diqqət mərkəzində saxlamağın lazım olduğunu həmişə deyib: "Onun-bunun istiqamətləndirməsi ilə həmən Ermənistanla diplomatik əlaqələri başlamaq təlaşına girərək, bu böyük avantajı itirməməliyik deyə  israrla bildirirdim".
"Ermənistanla başlayan dialoq prosesi təhlükəlidir. Ermənistanın Konstitusiyasında və Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Ermənistan bizim sərhədlərimizi tanımır, Türkiyənin şərq hissəsini Qərbi Ermənistan adlandırır, Ağrı dağını milli simvol kimi görür və beynəlxalq miqyasda Türkiyəyə qarşı qarayaxma kampaniyası aparır. Türkiyə haqlı olaraq bunlardan vaz keçməsini Ermənistanın qarşısında şərt kimi qoyur. Amma hakim Ədalət və İnkişaf Partiyası heç  bir şərt olmadan sərhədləri açmaq istəyir". Bu sözləri isə Türkiyənin "Akşam" qəzetinə müsahibəsində MHP-nin sədr müavini, millət vəkili, sabiq diplomat Dəniz Bölükbaşı deyib. O bildirib ki, AKP hökumətinin niyyəti Ermənistanla sərhədi mərhələli şəkildə açmaqdır: "Əvvəlcə sərhədi tranzit məqsədilə açmaq, sonra ikitərəfli ticarət, daha sonra diplomatik  pasportu olanlar, ən sonda isə bütün insanlar üçün açmaq və diplomatik əlaqə qurmaq istəyirlər. Birbaşa Ermənistana səfir təyin etmək çətin olduğu üçün Tbilisidəki səfiri Yerevanda akkreditə etmək, Ermənistanın Tbilisidəki səfirini isə Ankarada akkreditə etmək niyyəti var. Digər mövzular masada qalmaqda davam edəcək. Hökumət sadəlövh düşüncə içindədir. Düşünürlər ki, diplomatik əlaqə qurduqdan sonra Ağrı dağının simvol kimi istifadə olunmasını aradan qaldıra və sərhədimizi tanıtdıra bilərik. Torpaqlarımızın bir hissəsinə Qərbi Ermənistan deyən bir tərəf bundan vaz keçirsə,  onunla əlaqə  yaratmaq qətiyyən olmaz. Bu, namus məsələsidir".
CHP-dən olan millət vəkili Şükrü Ələkdağ  isə türk xalqını  narahat edən məsələlər sırasında qondarma "erməni soyqırımı" və Dağlıq Qarabağ münaqişəsinin olduğunu deyib. O, "Ermənistanla sərhədlərin açılmasına yol vermək olmaz" - deyərək, bu məsələnin yalnız Dağlıq Qarabağ  məsələsi öz həllini tapdıqdan sonra etməyi lazım sayıb.
MHP-dən olan millət vəkili Mithat Melen də 1915-ci il hadisələrinə toxunaraq problemin Ermənistanla deyil, erməni diasporu ilə olduğunu dedi. M.Melen Amerikanın qondarma soyqırımı ilə bağlı qətnamə qəbul etməsinin kasıb Ermənistanın marağında olmadığını bildirib. O, İstanbulda 80 min erməninin işlədiyini də xatırladıb. Daha sonra M.Melen "Ermənistanla ticari münasibətlər qurularkən, biz gərək Azərbaycanın Dağlıq Qarabağla bağlı maraqlarını yaddan çıxarmayaq" deyib. O, Türkiyənin Azərbaycan vasitəsilə nəql olunan enerji resurslarına ehtiyacı olduğunu da bildirib.
Digər MHP-çi deputat Şükrü Ələkdağ da Türkiyə-Ermənistan münasibətlərinin açılması məsələsinə münasibət bildirib: "Qarabağ məsələsi həll olunmadan Türkiyə Ermənistanla sərhədləri açmamalıdır. Türk xalqı buna icazə verməz. Belə durumun yaranması Türkiyənin Azərbaycanı itirməsi deməkdir. Bəs o zaman bizim "bir millət, iki dövlət" sözümüz harada qaldı? Nə tez bunu unutduq? Biz Ermənistanla münasibətlərin bərpasına qarşı çıxmırıq. Amma bunu Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra etmək lazımdır. Əgər sərhədlər açılsa, biz Azərbaycanı yalqız buraxmış olarıq və Azərbaycanın dialoq prosesində gücü azalar". Ş.Ələkdağ Türkiyənin Ermənistanla danışıqlarda üç mövzunun - Dağlıq Qarabağ münaqişəsi, qondarma "erməni soyqırımı" və sərhədlərin açılması məsələsinin müzakirə olunduğu fikrinə belə münasibət bildirib: "Əgər bu üç məsələ, eyni zamanda, həllini taparsa, o zaman bir söz demək olmaz. Amma iki ölkə arasında sərhədlər 2009-cu ildə açılmayacaq".
Beləliklə, göründüyü kimi, Türkiyə cəmiyyətində də AKP iqtidarının Ermənistanla apardığı gizli danışıqlarda ciddi anlaşmalar əldə etmək üzrə olduğunu təsdiqləyən  ciddi  narahatlıqlar  yaşanmaqdadır.  Xüsusilə, Türkiyənin "Star"  qəzetinə istinadən yayılan məlumatda bildirilir ki, sənəddə iki ölkə arasında sərhədlərin açılması, ticarət əlaqələrinin başlanması və 1915-ci ildə baş verən hadisələrin ortaq tarix komissiyası tərəfindən araşdırılması nəzərdə tutulur. Qəzet iddia edir ki, sazişin mətni aprelin 24-dən əvvəl açıqlanacaq. Bu prosesə paralel olaraq, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirəcək. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas şərt olmadığı göstərilib.
Görünür, AKP iqtidarı Ermənistana olan sonsuz rəğbət və sevgisini qondarma erməni "soyqırımı"nın ildönümü ərəfəsində onlara bir jest kimi təqdim etmək fikrindədir. Həqiqətən də, türkün qanını içib, yurdunu talan edən erməniyə bundan gözəl hədiyyə ola bilməz. Çox güman ki, Serj Sarkisyan ürəyinə yağ kimi yayılan bu addımın qarşılığında Rəcəb Tayyib Ərdoğanın, Əli Babacanın döşündən medal da asacaq. Nə qədər olmasa da, erməni üçün türkü türkün əli ilə vurmaqdan gözəl nə ola bilər?  Məsələni bu həddə gətirən hadisələrin ümumi prinsiplərini də nəzərdən keçirmək maraqlı olardı.  Nə qədər acınacaqlı olsa da, Türkiyə-Ermənistan yaxınlaşmasını təsdiq edən amillər bunlardır:
1. Türkiyə və Ermənistan rəhbərliyi arasında təmaslar gücləndirilib, xarici işlər nazirlikləri səviyyəsində, mütəmadi olaraq, ikitərəfli müzakirələr aparılır.
2. Türkiyə xarici siyasət idarəsi danışıqlar prosesinə müdaxiləni məqsədəuyğun hesab etmir, artıq Azərbaycan haqqında "qardaş ölkə" deyil, "üçüncü ölkə" ifadəsini işlədir.
3. Türkiyə rəhbərliyi danışıqların gedişi barədə heç bir açıqlama vermir, Azərbaycan mediasının, ictimaiyyət nümayəndələrinin, Türkiyə millət vəkillərinin çoxsaylı sorğuları cavablandırılmır.
4. "Həpimiz Hrant Dinkik", "Ermənilərdən üzr istəyək" kampaniyaları, Türkiyənin dövlət naziri Egemen Bağışın İstanbuldakı erməni məktəblərinin birində ermənilərin fəal nümayəndələri ilə görüşü zamanı, Ermənistan və ermənilər haqqında işlətdiyi xoş fikirlər və digər olaylar ictimai rəyin dəyişdirilməsi istiqamətində atılan addımlardır.
5. Xocalı soyqırımı ilə bağlı qətnamənin parlamentdə müzakirəsinin əngəllənməsinə cəhd, məktəblərdə "Sarı gəlin" filminin nümayişinin qadağan edilməsi AKP hakimiyyətinin mövqeyini göstərən məsələlərdir.
Qeyd edək ki, Türkiyə parlamentinin xarici işlər komissiyasında məsələ qaldıran Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Canan Arıtman bütün bunlardan hiddətlənərək deyib: "Xarici işlər naziri Əli Babacanın Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarla bağlı parlamentə çağırılması tələbi AKP-nin ciddi narahatlığına səbəb olub. Hökumət Əli Babacanın parlamentdə Türkiyə iqtidarının Ermənistana yönəlik siyasətdə işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması tələbindən vaz keçməsi haqda yayılan xəbərlərlə bağlı izahat verməsini əngəlləməyə çalışır".
ABŞ-dan da narahatlıq dolu xəbərlər gəlməkdədir. Belə ki, ABŞ Konqresindəki Türkiyə dostluq qrupunun həmsədri konqresmen Robert Vexler bəyan edib ki, yaxın zamanlarda Türkiyənin Ermənistanla sərhədləri açması gözlənilir. O, bu yaxınlarda Türkiyədə səfərdə olub və baş nazir R.Ərdoğan da daxil olmaqla ölkə rəhbərliyinə daxil olan şəxslər parlament üzvləri ilə görüşlər keçirib. Konqresmen Vaşinqtonda, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki toplantıda çıxışında deyib ki, bu optimistliyi Türkiyədə apardığı söhbətlərə söykənir. Əslində, Türkiyə ilə Ermənistan arasında iqtisadi ticarət əlaqələrinin olmadığı haqda məlumatlar da formal xarakter daşıyır.
Belə ki, Türkiyə iş adamlarının Ermənistanda geniş biznes qurması, Türkiyədən il ərzində minlərlə yük maşınlarının Ermənistana keçdiyi və Türkiyə istehsalı olan mallar apardıqları faktdır. Həmçinin, son bir neçə ildə Ermənistandan Türkiyəyə, əsasən, xammalın gətirildiyi barədə məlumatlar var. Belə ki, bir neçə ay bundan öncə Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-ın "The Wall Street Yournal" jurnalına müsahibəsində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin 150 mln dol-a çatdığını qeyd edib. Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbəri Arsen Kazaryan isə Türkiyə ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin qurulması ilə bağlı aparılan danışıqlara dair açıqlamasında bildirmişdi ki, 2008-ci ilin 9 ayı ərzində Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 2,2 dəfə artaraq 185 mln dol-a çatıb.
Kaan Soyak adlı erməni mənşəli Türkiyə vətəndaşı da Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin qurulması istiqamətində ciddi fəaliyyət göstərir. Onun həmsədr olduğu Türk-Erməni İş Şurası genişmiqyaslı təbliğat quraraq Türkiyə ictimaiyətini Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin qurulmasının hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyinə inandırmağa çalışır. Şuranın gördüyü işlər arasında Ermənistan və Türkiyə biznes səyahətlərinin, mədəni və akademik mübadilə proqramlarının həyata keçirilməsi müşahidə olunur. Məsələnin mahiyyətinə varsaq, görərik ki, iqtisadiyyatı iflic vəziyyətinə düşmüş Ermənistana bu qədər canfəşanlıqla yardım əli uzadan Türkiyə, əslində, bir növ Azərbaycanın Ermənistan üzərindəki iqtisadi üstünlüyünə də zərbə vurmuş olur. Əslində, bu cür faktları çox sadalamaq olar. Hal-hazırda rəsmi Ankara müxtəlif vasitələrlə Türkiyə və Azərbaycan ictimaiyyətini inandırmağa çalışır ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir göstərə bilər.
Sözsüz ki, bütün bunlar çox üzücüdür. Lakin  buna baxmayaraq, Türkiyə müxalifətinin dediyi kimi, Azərbaycanı satan, onun mənafeyini erməni dığasına qurban verən bir iqtidar Türkiyədə uzun müddət hakimiyyətdə qala bilməz. Keçmişinə güllə atıb, tarixinə üz çevirən AKP-nin  mövcudluğuna, çox güman  ki, elə  bu məsələ son qoyacaq...

Digər xəbərlər