PDF Oxu

Əsas

  • 14

TÜRK DÜNYASI TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN AÇILMASININ ƏLEYHİNƏDİR

TÜRK DÜNYASI TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN AÇILMASININ ƏLEYHİNƏDİR

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkətinin prezidenti Ali Ağan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının əleyhinədir. A.Ağanın sözlərinə görə, regionda iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün dövlətlər arasında siyasi əlaqələr yaxşı olmalıdır: "Lakin bir Türkiyə vətəndaşı olaraq, mən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının əleyhinəyəm. Azərbaycan Türkiyə ilə qardaş ölkədir, dost tapmaq olar, amma qardaş yox.    Ermənistan Azərbaycanın 20% torpağını işğal edib ki, bu da, milyonlarla insanın qaçqın və köçkün olmasına səbəb olub. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü uydurma "erməni soyqırımı" məsələsi və Qarabağ münaqişəsi problemləri aradan qalxmayınca, sərhədlərin açılmasının əleyhinəyəm".

TÜRK İŞ ADAMLARI VƏ TƏLƏBƏLƏR ETİRAZ AKSİYASI KEÇİRİBLƏR

Azərbaycandakı türk iş adamları və tələbələr Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq aksiya keçiriblər. Əllərində "Qarabağı unutma", "Öncə Qarabağ" sözləri yazılmış plakatlar tutan aksiya iştirakçıları sərhədlərin açılmaması üçün Türkiyə prezidenti Abdullah Gülə müraciət də ünvanlayıblar: "Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və bir milyona yaxın azərbaycanlı Dağlıq Qarabağdakı yurdlarından uzaqda yaşamaq məcburiyyətində qalıblar. Masada heç bir şey Qarabağdan önəmli deyil, çünki Dağlıq Qarabağ əsil Azərbaycan torpağıdır və heç bir şey uğrunda Vətən torpaqlarından vaz keçilməz. Bir burada imzası olanlar Dağlıq Qarabağ probleminin həll olması yolunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətini sonadək dəstəkləyirik". Müraciət müəllifləri hər iki xalqın ortaq problemi olan Dağlıq Qarabağın geri alınması və qaçqınların öz evlərinə dönə bilməsi üçün Türkiyənin indiyədək olan dəstəyinin və qardaşlıq münasibətinin davam etməsinin və Ermənistanla sərhədlərin açılmamasının milli mənafelərimiz üçün önəmli məqam olduğunu bildiriblər. Aksiyada toplanan imzalar Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunub. Azərbaycanlı iş adamı Murat Əroğlu açıqlamasında bildirib ki, etiraz aksiyası üç gün davam edəcək. Sabah aksiyanın Hüseyn Cavid parkında və Xocalı soyqırımına həsr olunmuş abidənin önündə keçirilməsi nəzərdə tutulur. Aksiyada azərbaycanlılar da iştirak ediblər.
    
QARABAĞ VƏ RESPUBLİKA UĞRUNDA HƏRƏKAT BƏYANATLA ÇIXIŞ EDİB

"Qarabağ və Respublika Uğrunda Hərəkat" Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlarla əlaqədar bəyanatla çıxış edib. Bəyanatda Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyənin qeyd-şərtsiz Ermənistanla sərhədlərin açılmasına razılıq verməsinin Türkiyə və Azərbaycana qarşı əsassız iddialarla çıxış edən Ermənistanın mövqeyinin möhkəmləndirilməsinə xidmət etdiyi bildirilir. Hərəkata daxil olan partiyalar, həmçinin, Türkiyə - Azərbaycan arasında strateji müttəfiqliyin və iki qardaş dövlət arasında münasibətlərinin korlanmasının Cənubi Qafqazda Rusiya və Ermənistanın maraqlarına xidmət edəcəyini nəzərə alaraq, sərhədlərin qeyd-şərtsiz açılmasını yolverilməz hesab ediblər: "Türkiyə rəsmi dairələrinə, Türkiyə ictimaiyyətinə və türk xalqına müraciət edərək, Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasını həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına cavab vermədiyini, Türkiyəni bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa və uzlaşdırıcı siyasət yürütməyə çağırırıq. Hesab edirik ki, Türkiyə ilə Azərbaycan arasında hər hansı soyuqluğun yaranmasına imkan versək, bundan yalnız türk düşmənçiliyi qazanacaq və buna görə gələcək nəsillər bizi bağışlamayacaq. İstər Azərbaycanda, istər Türkiyədə, istərsə də başqa ölkələrdə bəzi qüvvələr yaranmış vəziyyətdən sui-istifadə edərək, Azərbaycanla Türkiyə arasında qarşılıqlı etimadı sarsıtmağa, ölkələrimiz arasında münasibətləri pozmağa, bununla da Azərbaycanı və Türkiyəni təkləyərək başqa güclərin regiona hakim olmasına çalışırlar". Hərəkat Türkiyə xalqını, dövlət adamlarını, siyasi partiyalarını, ziyalılarını Türkiyənin Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasına "yox" deməyə çağırıb.
    
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİDƏ ERMƏNİSTANLA SƏRHƏDLƏRİN AÇILMASI MƏSƏLƏSİ İLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILIB

Dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komissiyasında Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələr aparılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müzakirələr zamanı millət vəkilləri arasında ciddi mübahisələr olub. Komissiyanın müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvləri sərhədlərin açılmasına etiraz ediblər.
CHP-dən olan millət vəkilləri "Ermənistan Azərbaycana təcavüzünü dayandırmadan, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmadan, qondarma "soyqırımı" iddialarından vaz keçmədən, Türkiyənin ərazi bütövlüyünü tanımadan sərhədlər açılmamalıdır" deyə bildiriblər. Deputat Canan Arıtman "AKP tələsik sərhədləri açmaq istəyir, Azərbaycanı küsdürmək olmaz" - deyib. Onlar bununla bağlı hazırladıqları layihənin komissiyada səsverməyə çıxarılmasını istəyiblər. Komissiyanın sədri Murad Mərcan isə belə bir səlahiyyətinin olmadığını deyib. Onlara MHP millət vəkilləri də dəstək verib. Millət vəkilləri israrından sonra komissiya sədri əsəbiləşərək iclası tərk edib.

AZƏRBAYCAN TÜRKİYƏ ÜÇÜN FÖVQƏLADƏ DƏRƏCƏDƏ ÖNƏMLİDİR

Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq mətbuat katibi Turqut Ər ölkəsinin son vaxtlar Ermənistanla sərhədlərin açacağına dair müzakirə edilən xəbərlərlə bağlı Lent.az-a müsahibə verib. Müsahibə deyilir: "Azərbaycan və Azərbaycan ictimaiyyəti, təbii ki, Türkiyə üçün fövqəladə dərəcədə önəmlidir. Ancaq Türkiyə və türk dünyası üçün daha da önəmli olan türk dünyasının birlik və bərabərliyidir. Bu birlik və bərabərlik isə türk dünyasını meydana gətirən dövlətlərin milli mənfəətlərin daima öndə tutulmasıdır. Bu milli mənfəətlər bütün türk dövlətlərinin və türk toplumlarının milli siyasətləri olmalıdır. Azərbaycanın illərdir haqsız yerə torpaqları işğal olunaraq evindən, yurdundan, obasından edilmiş 1 milyon insanı var. Onlar hələ də öz yerlərinə dönməyiblər. Hansı ki, bu iş belə qalacaq da deyil. Türkiyə bir milli siyasət olaraq onların öz torpaqlarına dönmələrini ermənilərə bir şərt olaraq qoyub. Nə üçün? Ona görə ki, bu, haqsızlıqdır, dünyada ən böyük cinayətdir. Türkiyənin Ermənistanla əlaqələr qurması üçün bu və başqa şərtlərin yerinə yetirilməsi lazımdır. Türkiyənin başqa şərtləri isə Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq, "soyqırımı" iddialarından vaz keçməsi və türk dünyası ilə normal davranmalarıdır. Türkiyə bunları şərt olaraq qoyub və bu şərtlər hələ də qüvvədədir - mənim gördüyüm, bildiyim qədər bu, belədir. Türkiyənin bundan vaz keçməsi mümkün deyil, imkan daxilində deyil. Çünki Türkiyə Cümhuriyyətini meydana gətirən toplum buna hər zaman qarşı olub, bundan sonra da qarşı olacaq. Türkiyə iqtidarının belə risqə gedəcəyi qənaətində deyiləm. İstər ABŞ desin, istər İngiltərə desin, istər Avropa Birliyi desin, ümumiyyətlə, kim deyir-desin, bu, Türk dünyasına qarşı edilən bir cinayət olar. Azərbaycan dövləti, Azərbaycan xalqı açıq şəkildə buna qarşı çıxmalıdır ki, Türkiyədəki buna qarşı olanlar, vətənsevərlər də qalxaraq bu işə, bu siyasətə qarşı olsunlar. Uzun zamandır Türkiyədəki qəzet qurumları, iqtidar partiyası da daxil olmaqla siyasi qurumlar, millət vəkilləri buna qarşı çıxıblar. Həmçinin, mən də şiddətli şəkildə buna qarşıyam. Hər zaman, Azərbaycanın hər halında Türkiyə bu ölkənin yanında olmalıdır, bu milli siyasəti davam etdirməlidir:"Hazırda Türkiyədə iqtidarın sərhədlərin açılması ilə bağlı addım atması bir rəvayətdir. Ancaq digər tərəfdən, belə bir addımın atılacağı görünür kimidir. Sizin dediyiniz, yəni səsini duymadığınız, mövqeyini eşitmədiyiniz əhali buna qarşıdır. Küçələrdə, şəhərlərdə, kəndlərdə hansı insandan soruşsanız, hansı yaşda, hansı təhsildə olmasından asılı olmayaraq, sərhədin açılmasına qarşı çıxarlar. Türkiyədəki əhalinin durumu, mövqeyi budur. Yəni, mövqe belədir ki, hər zaman, Azərbaycanın hər halında Türkiyə xalqı, Türkiyə ictimaiyyəti yanında olacaq. Misal kimi deyirəm: Mən Türkiyə Qəzetçilər Federasiyasının üzvüyəm, bu təşkilatın bəzi orqanlarında da işləyirəm. Bu təşkilatın təxminən 20 min üzvü var. Bir ay öncə bizim sədrimiz "Yeni Müsavat" qəzetinə müsahibə verdi. O dedi ki, biz həmişə Azərbaycanın yanındayıq, sərhəd məsələsinə heç kim cürət edə bilməz, heç kim yol verə bilməz. Mən yazıçıyam, kitablarım var. Oturub araşdırmalar aparıram, yazıram, illərdir bu məsələ ilə işləyən bir insanam. Yəni, Türkiyədəki real vəziyyəti, durumu bilirəm.   Əgər kimsə belə bir addım atarsa, Türk dünyası üçün də, Türkiyə üçün də, Azərbaycan üçün də böyük bir yanlışlıq edər, böyük bir xəta edər".
Turqut Ər onu da qeyd edib ki, Azərbaycanlı qardaşlarımız, o böyük, gözəl insanlar narahat olmasınlar. Türkiyə Cümhuriyyətini yaradan insanlar, türk insanları Azərbaycanın bu milli məsələsində onların yanındadır. Bundan narahat olmasınlar. Sərhədin açılması kimi addımı heç kim ata bilməz, əgər edərsə, bundan geri döndərərlər. Türk insanı döndərər.
    
SƏRHƏdLƏRİN AÇILMASI TÜRKİYƏ-AZƏRBAYCAN ƏLAQƏLƏRİNƏ CİDDİ ZƏRBƏ VURACAQ

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) baş katibi Rəşad Rəsullu da sərhədlərin açılması məsələsinə münasibət bildirib: "Türkiyə - Ermənistan sərhədlərinin açılması Azərbaycanla Türkiyə arasında mövcud iqtisadi əlaqələrə ciddi zərbə vuracaq. Ermənistan hökuməti sərhədlərin açılması üçün irəli sürülən şərtlərə əməl etmədən iki ölkə arasında sərhədlərin açılması yalnış addım olacaq". SİA-ya açıqlamasında Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsinin daha öncə də gündəmə gəldiyini xatırladan R.Rəsullu o zaman Türkiyə sərhədlərin açılması üçün Ermənistanın Türkiyəyə qarşı ərazi idialarından əl çəkməsini, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını, qondarma "soyqırımı" məsələsini qapatmasını şərt kimi irəli sürmüşdü. "Bəs indi nə dəyişib, Ermənistan bu şərtlərdən hansına əməl edib ki, AKP hakimiyyəti sərhədləri açmağa çalışır? Biz ATİB olaraq bu məsələ ilə bağlı yaydığımız bəyanatda da bildirmişik ki, indiki məqamda sərhədlərin açılması yalnış addım olacaq" deyə R.Rəsullu qeyd edib. Onun sözlərinə görə, ATİB sərhədlərin açılmasına qarşı işləri davam etdirəcək. Baş katib sabah İstanbulda başlanacaq Türk İş adamları Qurultayında da bu məsələnin qaldırılacağını bildirib.

Digər xəbərlər