Cənubi Qafqazda sosial proseslər
Sovetlər Birliyi dağıldıqdan sonra Cənubi Qafqazda yaranan müstəqil dövlətlər fərqli siyasi, iqtsiadi və sosial kurs götürdü. O zaman bunlardan hansının hansı perspektiv vəd etməsi haqda müxətlif fikirlər və rəylər səslənsə də, hər şeyi zamanın göstərəcəyi qeyd olunurdu. Budur, artıq zaman keçdi və üç Qafqaz ölkəsindəki siyasi, iqtisadi və sosial durum göz önündədir. Öncəki yazılarımızda bu üç ölkənin siyasi və iqtisadi müqayisəsini verməyə çalışmışıq. Bu yazıda isə, Cənubi Qafqazda son 15-20 ildə yaşanan sosial prosesləri və demoqrafik durumu təhlil etməyə çalışacağıq.
Ermənistan əhalisi ölkədən kütləvi miqrasiya edir
Cənubi Qafqaz ölkələri arasında ən ağır sosial durumun Ermənistanda olduğu heç kimə sirr deyil. İşğalçı ölkə müstəqillik əldə etdikdən sonra daim sosial böhran keçirir. Ermənistanda miqrasiyanın yüksək səviyyəsi bu ölkənin ciddi problemlərindən biri kimi daim araşdırma mövzusudur. Bu proses Ermənistan İnzibati İdarəetmə Nazirliyinin qaçqın və məcburi köçkünlərlə iş üzrə agentliyinin daimi nəzarətindədir.
Adıçəkilən qurumun rəsmi statistik göstəricilərinə görə, 1990-2005-ci illərdə Ermənistanı 1 mln nəfər tərk edib. "İcma və hüquq" qeyri-hökumət təşkilatının apardığı monitorinqin nəticələri son illər ərzində bu prosesin nisbətən səngidiyini göstərir. Açıqlanan son rəqəmlərə görə, 2003-cü ildən başlayaraq Ermənistanı 200 min nəfər tərk edib.
Aparılan araşdırmalar Ermənistandan xarici ölkəyə axının bir istiqamətli olduğunu, ölkəni tərk edən vətəndaşların ən çoxu 10 faizinin geri döndüyünü göstərir. USAİD beynəlxalq təşkilatının Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları da vəziyyətin ürəkaçan olmadığını təsdiqləyir.
Son 10 ildə isə Cənubi Qafqaz əhalisinin sayı 800 min nəfər azalıb. Azalma prosesində ən böyük pay Gürcüstana (1 mln nəfər) məxsusdur, Ermənistanda ölüm səviyyəsinin doğum səviyyəsindən yüksək olması, hər il ölkə əhalisinin təqribən 50 min nəfər azalması ilə nəticələnir. Bu müddət ərzində isə Azərbaycanın əhalisinin sayı daha 1 mln nəfər artıb. Son statistik göstəricilərə görə, hazırda Ermənistan (3,2 mln nəfər) və Gürcüstanın (4,3 mln nəfər) real əhalisinin sayı bir yerdə götürdükdə (7,5 mln nəfər) Azərbaycanın əhalisinin real sayından (8,5 mln nəfər) 1 mln nəfər azdır.
2015-ci ildə Azərbaycanın əhalisi Ermənistandan 3,3 dəfə artıq olacaq
Bölgənin demoqrafik durumunun formalaşmasına təsir göstərən amillərin (sosial-iqtisadi durumun pisləşməsi, miqrasiya probleminin aktuallığı, xarici ölkələrə əmək miqrasiyasının artması, münaqişələrin həll olunmaması və s.) hələ də aktual olduğunu nəzərə alsaq, həm də respublikalarda əhalinin artma-azalma tempini əsas götürsək, onda 2015-ci il üçün Cənubi Qafqazın təqribi demoqrafik xəritəsini belə proqnozlaşdırmaq olar: Azərbaycan - 9,2 mln nəfər, Ermənistan- 2,8 mln, Gürcüstan - 3,2 mln.
2015-ci ildə Cənubi Qafqazda, ümumilikdə, 15,2 mln nəfər əhali olacaq ki, bunun da 9,2 mln-u Azərbaycanın payına düşəcək. Hazırda Azərbaycanın əhalisinin real sayı Ermənistan əhalisinin sayından 2,7 dəfə çoxdur, insan resurslarının hərbi problemlərin, münaqişələrin həllində hansı rol oynadığını xatırlatmaq artıqdır. Analoji üstünlük hərbi xidmətə yararlı olan əhalinin (2,7 dəfə) və hər il hərbi xidmətə çağırılan gənclərin say fərqində (2,7 dəfə) da nəzərə çarpır.
Azərbaycan və Ermənistanda hərbi xidmətə yararlı əhalinin sayı da eyni nisbətdədir. Azərbaycanda hər il hərbi xidmətə çağırılan gənclərin sayı 84 min nəfər, Ermənistanda isə, 31 min nəfər təşkil edir ki, bu da mövcud hərbi qüvvələr balansını açıq-ayın göstərir.
Əgər yaxın 10 il ərzində Cənubi Qafqaz respublikalarında əhalinin say tərkibinin dəyişəcəyini nəzərə alsaq, onda 2015-ci ildə Azərbaycanın əhalisinin real sayı Ermənistan əhalisinin sayından 3,3 dəfə artıq olacaq, bu rəqəm, sözsüz ki, hərbi potensiala malik insan resurslarının da sayına təsir göstərəcək.
Cənubi Qafqaz üçün demoqrafik proqnozlar
Cənubi Qafqazda əhalinin sayı ilə bağlı proqnozlar BMT ekspertlərinin hesabatlarında da öz əksini tapıb. Miqrasiya səviyyəsi, əhalinin artım həddi, sosial problemlər, ailə strukturunun dəyişməsi kimi amilləri nəzərə alan demoqraflar, əsrin sonlarında Ermənistanda əhalinin sayının Azərbaycanda yaşayan əhalinin sayından 6-7 dəfə az olacağını proqnozlaşdırır. Bundan başqa BMT demoqraflarının hesablamalarına görə, XXII əsrdə Azərbaycanda Ermənistan və Gürcüstanın birlikdə götürülmüş əhalisinin sayından ən azı 2,5 dəfə artıq əhali yaşayacaq.
Belə ki, BMT demoqraflarının proqnozlarına görə, 2050-ci ildə Azərbaycanda 11 mln, Gürcüstanda 3,5 mln, Ermənistanda 2,3 mln. nəfər yaşayacaq. 2100-cü il üçün isə bu göstərici müvafiq olaraq 10 mln, 2,6 mln. və 1,6 mln-dur.
Ümumilikdə, bu göstərici Cənubi Qafqaz üzrə 2050-ci il üçün 167, 2110-cü il üçün 14,2 mln təşkil edəcək. Göründüyü kimi, bu müddətdə hər iki qonşu ölkədə əhalinin sayında azalma, Azərbaycanda isə artma müşahidə olunacaq. 2050-də Cənubi Qafqazda yaşayacaq 16,7 mln-nun 11 mln-u, 2110-də 14,2 mln-un 10 mln-u Azərbaycan əhalisi təşkil edəcək.
Ermənistanda əhalinin sayının azalmasına təsir göstərən əsas amillər arasında miqrasiya ən önəmli yerlərdən birini tutur. Ən müxtəlif beynəlxalq təşkilatların hesablamalarına görə, hazırda Ermənistanda yaşayan əhalinin sayı real əhalinin sayından 2 dəfə azdır. Müxtəlif mənbələr Ermənistan əhalisinin 50 faizdən çoxunun ölkəni tərk etdiyini, başqa ölkələrə mühacirət etdiyini bildirir. Hazırda ölkədə yaşayan vətəndaşların sayının 1.5 mln civarında olduğu proqnozlaşdırılır. Ölkəni tərk etmiş təqribən bu sayda vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80-90% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.
İşğal olunmuş Azərbaycan torpaqlarında aparılan məskunlaşma siyasəti
Ailə institutunun strukturunun dəyişməsi, sosial-iqtisadi problemlər, müharibə, miqrasiya, əhali arasında ölüm səviyyəsinin artması - Ermənistanda əhalinin sayının azalmasına təsir göstərən obyektiv problemlərdir. Bununla yanaşı demoqrafik böhrana təsir göstərən subyektiv, yəni hökumət tərəfindən idarə olunan amil də mövcuddur. Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında apardığı məskunlaşma siyasəti də ölkədə əhalinin sayının azalmasına ciddi təsir göstərib. Müxtəlif hesablamalara görə, son 15 ildə Ermənistandan Dağlıq Qarabağa azı 50 min nəfər köçürülüb.
Hesablamalara görə, hazırda Ermənistanda hər 1000 uşaqdan 13-ü, nigahdankənar münasibətlər nəticəsində dünyaya gəlir. Son 30 il ərzində Ermənistanda hər ailə başına düşən uşaqların orta sayı 5-dən 1-ə enib.
Ermənistanda hər 100 doğulan uşağa düşən leqal abortların sayı 30-dur, Azərbaycanda bu rəqəm 2 dəfə azdır. Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları təmin olunmadan həllini mümkünsüz edir. Çünki getdikcə işğalçı ölkədə siyasi, iqtisadi, sosial durum pisləşir, Azərbaycanda isə yaxşılaşır. Bu səbəbdən də ermənilər nə qədər tez ayılsalar, özləri üçün bir o qədər yaxşı olacaq.