PDF Oxu

Əsas

  • 16

“Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi”

“Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi”

Ölkə həyatında baş verən ən mühüm proseslərə daha çevik formada reaksiya verərək, istənilən ictimai-siyasi, sosial məsələnin əsas predmeti barəsində geniş oxucu kütləsini əhatə edən "Səs" qəzetinin təşkil etdiyi dəyirmi masaları cəmiyyətimiz böyük diqqət və maraqla izləməkdədir. Davamlı şəkildə qəzetin redaksiyasında keçirilən dəyirmi masanın bugünkü mövzusu "Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi" oldu.
Dəyirmi masada "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Vəli Vəliyev, "Tolerantlıq" Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu, Türkiyə Universitetləri Məzunları ictimai birliyinin sədri Çingiz Bayramov, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, "Yeni Azərbaycan" qəzetinin baş redakoru Hikmət Babaoğlu, Yeni Nəsil Jurnalistlər ictimai birliyinin sədri Arif Əliyev, Beynəlxalq Diaspora Mərkəzinin sədri, "Diaspora" jurnalının təsisçisi İsmayıl Ağayev, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Azərbaycan" qəzetinin baş redaktor müavini Zeynal Vəfa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)

Bəhruz Quliyev:

- "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi mütəmadi olaraq ən aktual məsələləri müzakirə mövzusuna çevirir. Bugünkü dəyirmi masanın mövzusu  "Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi"dir. Daha dəqiq desək, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayan KİV-ə və QHT-lərə dövlət dəstəyi ilə bağlıdır. İstərdik ki, aparılacaq müzakirələrdə iştirak edənlər ölkədə QHT-lərin və mətbuatın inkişafı istiqamətində görülən işlərdən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu sahənin inkişafı üçün verdiyi fərman və sərəncamların mahiyyətindən danışaq.
Qeyd edim ki, QHT-lərə dövlət dəstəyi şurası artıq bir neçə ildir ki, fəaliyyət göstərir və QHT-lərin cəmiyyətin maarifləndirilməsi və inkişafı üçün verdikləri layihələr şura tərəfindən maliyyələşdirilir. Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə "Kütləvi informasiya vasitələrinin inkişafına Yardım Fondu"nun yaradılması isə KİV-in daha şaxəli inkişafına böyük töhfə olacaq. Bu baxımdan, inanırıq ki, Azərbaycanda mətbuatın inkişafına dair atılan addımlar ölkədə azad sözün və vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayacaq.

Rəşad Məcid:
- Bir çoxları fonddan yalnız hansısa bərabər şəkildə qəzetlərə maliyyə ayrılmasını fikirləşir. Əvvəla, hesab edirəm ki,  bu, normal müşahidə şurası olacaq və qəzetlərə öz münasibətini açıqlayacaq. Bilirsiniz ki, son vaxtlar Mətbuat Şurasında etik, peşə davranış qaydalarını pozan reket juranalistika adlandırdığımız qrup təsnifat olunub. Hesab edirəm ki, bu qrupdan olan və davamlı şəkildə peşə davranış qaydalarını pozan qəzetlərin əksəriyyəti KİV-in yardımından faydalana bilməyəcək. Bu da tam obyektivdir. Müxtəlif layihələr fond tərəfindən maliyyələşdiriləcək. Birincisi, ölkəmizdə elə sahələr var ki, KİV-in iqtisadi çətinliyi ucbatından o məsələlərə toxunula bilinmir. Regionlar, regionlarda baş verən məsələlər, ekologiya, tariximiz, mədəniyyətimizlə bağlı bir sıra problemlər var ki, məhz KİV-in iqtisadi çətinliyi ucbatından işıqlandırılmır. Demək olar ki, Azərbaycan qəzetlərinin (dövlət qəzetlərini çıxmaq şərtilə) heç birinin regionlarda hansısa bürosu, ofisi yoxdur. Regionların həyatını işıqlandırmaq baxımından çətinliklər var. Ümumiyyətlə, qəzetlər texniki cəhətdən kritik vəziyyətdədir. Heç bir qəzetin normal ofisi, texniki avadanlıqları yüksək səviyyədə deyil. Bu baxımdan, texniki yardımlar da edilə bilər. Əsasən, layihələrin maliyyələşdirilməsindən söhbət gedir. Bu layihələri gündəlik, həftəlik qəzet də təqdim edə bilər. Yəqin ki, layihələrin səviyyəsinə və ölkəmiz üçün bu fondun nizamnaməsinə nəzərdə tutulan məqsədlər üçün daha səviyyəli həyata keçirilə biləcək layihələrə vəsait ayrıla bilər. Həmçinin, Azərbaycan jurnalistlərinin hansısa şəkildə mükafatlandırması fond tərəfindən həyata keçirilə bilər. Bildiyimiz kimi, jurnalistələrin əmək haqları azdır, məhduddur. Bu baxımdan, müşahidə şurasının qərarı ilə yüksək miqdarda mükafat fondları yaradılıb ildə bir dəfə istedadlı jurnalistlərə verilə bilər.
 
Hikmət Babaoğlu:

- Ölkə başçısı tərəfindən 2008-ci ildə bugünkü addımı əsaslandıran və ya şərtləndirən fərman, KİV-ə dəstək konsepsiyası qəbul edildi. Orada göstərilirdi ki, fond yaradılacaq. Çox sevindirici haldır ki, fond yaradıldı. Fond yaradılarkən maliyyə əsaslarının istiqamətləri göstərildi ki, dövlət məhz hansı sahələrdə təqdim olunan layihələri maliyyələşdirəcək. Bunlar konsepsiyada ayrıca bəndlərdə qeyd olunub. Bu gün  Mətbuatın İnkişafına Yardım Fondundan ayrılacaq vəsait, məhz dövlətin marağında olan və dövlətin vacib hesab etdiyi prioritetlərə xərclənməlidir. Yəqin ki, orada adları göstərilən layihələr maliyyələşəcək. Fonddan əldə olunan maliyyənin bir qisminin qəzetin nəzdində fəaliyyət göstərən xüsusi biznes strukturlarına yönləndirilməlidir. Artıq birdəfəlik ayrılmış yardımdan mütamadi, daimi gəlir mənbəyi əldə etmək üçün hesab edirəm ki, bu, vacibdir. Çünki yardım birdəfəlikdir, aylıq və yaxud daimi yardım deyil. Hər hansı qəzet bundan daimi gəlir əldə etmək üçün istifadə etməyi bacararsa, çox yaxşı olar.
 
Əflatun Amaşov:

- İlk öncə, problemlər öyrənilməlidir. Fondun bir o qədər də gücü olmayacaq, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının gücündən istifadə ediləcək. Azərbaycanda kifayət qədər öz sahəsində müəyyən nailiyyətlər əldə etmiş KİV, jurnalist təşkilatları var. İlk öncə, bazarın möhkəmlənməsində real vəziyyət necədir? Hansı problemlər var? Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları həmin fonddan yararlana biləcək. Eyni zamanda, fondun gördüyü işin əsas hissəsini jurnalist təşkilatları görəcək.

Yunus Oğuz:

- Yuxarıda qeyd edildiyi kimi, maliyyə imkanı çatışmazlığından regionlarda qəzetlərin bürosu yoxdur. "Olaylar" İnformasiya Agentliyinin cənub bürosundan başqa digərlərini bağladıq. Nəyə görə bağladıq? Tanımadığımız insanlar müxtəlif vasitələrlə işə düzəlirlər, bir də görürük ki, bunların hamısı reketçiliklə məşğuldur. Bilirsiniz ki, rayonlarda jurnalist problemi var. Jurnalistlər ya Bakıda, ya da yerli qəzetlərdə işləyir. Fikirləşirəm ki, problemlərimiz çoxdur. Yardım fondu da ilk dəfədir yaradılır, ona görə də, narazıçılıq da olacaq, kimsə etirazlar da edəcək. Bütün bunlara baxmayaraq, qabağa atılmış addımdır. Azərbaycan mətbuatının özündə silkələnmə, ələnmə gedəcək.

Arif Əliyev:

- Əsas məsələrdən biri ondan ibarətdir ki, ümumiyyətlə, fondun idarəçiliyində iştirak edən şəxslər bilavasitə öz strukturlarına maliyyə ala bilməzlər. Bu beynəlxalq praktikada tətbiq olunur. Təcrübə onu göstərir ki, əgər bu prinsipi saxladınsa, bundan yan keçmək mümkün olmayacaq. Əgər idarəçilikdə təmsil olunursa, istər jurnalist təşkilatı, istər fərdi şəkildə olsun, mütləq burada qruplaşma əmələ gələcək. İkincisi, məni az maraqlandıran, siz dediyiniz o prinsipi qəbul etmək olar ki, jurnalist təşkilatları bundan maliyyələşməsin, o prinsipi tətbiq etməmək olar. Məni daha çox hansı istiqamətə yönəldilməli və kimlərin bundan daha çox istifadə etməsi maraqlandırır. Düşünmürəm ki, ölkədə bu sahədə çalışan QHT üçün bu vəsait nə isə verə bilər və yaxud onların daxili inkişafına yardım göstərə bilər. Qapının bağlanmağın tərəfdarı deyiləm. Prioritet qoyula bilər ki, təşkilatlarla yalnız KİV-dən konsesum şəkildə gedəndə bu cür fikirləşmək olar. Amma qapını heç kimin üzünə bilavasitə bağlamaq düzgün deyil.

Fərasət Qurbanov:

- Əlbəttə, şuranın maliyyə yardımından narazı olan şəxslər də tapıldı. Amma həmin layihələri diqqətlə təhlil etmişik. Ekspert rəylərinə bir daha nəzər salmışıq. Həmin layihələrin nə üçün həyata keçməməsi əsaslandırılıb. Doğrudur, hər bir təşkilat özünün yazdığı layihəni çox yaxşı layihə hesab edir. Hesab edir ki, bunun həyata keçirilməsi cəmiyyət, dövlət üçün vacibdir. Amma onun nə dərəcədə əsaslandırıldığı, həmin təşkilatın potensialının ona çatıb çatmaması məsələsi isə, bir qədər unudulur. Mətbuatla bağlı yeni yaradılacaq fondda mexanizmlər müəyyən olunmalıdır. Əgər KİV tərəfindən təqdim olunacaq layihələrin seçimi üçün həmin mexanizm ən münasib mexanizm kimi qəbul olunarsa, gələcəkdə səslənən iradlar az olacaq. Yaxud da əksinə. Bunlar kifayət qədər müzakirə tələb edən məsələlərdir. Ona görə də, yeni yaradılan qurumun icra aparatının və müşahidə şurasının çətinliyini görürəm. Onlara bu işdə uğurlar arzulayıram. Əgər ehtiyac olarsa, bununla bağlı qarşılıqlı fikir mübadiləsi edə bilərik.
 
İsmayıl Ağayev:

- Diaspora mərkəzi olaraq  deportasiya və soyqırım məsələləri ilə bağlı təşkilatımız ardıcıl işlər aparır. Gördüyümüz işlər həm ölkə mətbuatında, həm də cəmiyyətdə göz önündədir.  İlk növbədə, cənab Prezidentin imzaladığı fərmanı təqdirəlayiq hesab edirik. Vaxtında və yerində verilib. QHT-lərə ayrılmış yardımla bağlı onu bildirirəm ki, hətta bu yardımdan bəhrələnən insanlar belə narazıdırlar. O ki qaldı sözün həqiqi mənasında, cəmiyyəti maraqlandıran layihələr həyata keçirən qəzetlərə, jurnallara yardım verilsə, daha yaxşı olar. QHT-lərin Dəstək Şurası kifayət qədə iş gördü, yardım da ayırdı, amma narzıçılıq yenə də var. Təbii ki, bundan da artıq görüləsi işlər var. Hesab  edirəm ki, müzakirələr davam etməli, bu iş sürətləndirilməlidir.

Bahəddin Həziyev:

- Dövlət dəstəyi geniş anlayışdır. İnformasiya mənbələrindən tutmuş mətbəələrin inkişafına, informasiya məkanının açıqlığına, qanunvericiliyin təkmilləşməsinə qədər hər şey nəzərdə tutulur. Burada söhbət siyasi və iqtisadi baxımdan gedir. Əgər bu günlər diplomatiya problemi, jurnalistlərin həbs olunması reallığı varsa, dövlət dəstəyinin müəyyən bir hissəsi bu istiqamətə yönəlməlidir. İqtisadi hissəsinə gəldikdə, jurnalist təşkilatları bu məsələ ilə bağlı təcrübə mübadilələrində olur. Yəni, dünyada mətbu orqanların özləri şirkətdir, yaxud hansısa bir şirkət və holdinqlərin tərkib hissəsidir. Təbii ki, onların hansısa siyasi simpatiyası və yaxud yönümü var, hətta "Vaşinqton Post"un da. Amma informasiya mənbələri, azadlığı baxımından, təbii ki, onların bizdən böyük üstünlükləri var. Təklifim ondan ibarətdir ki, bu dəstəyi yalnız 1 mln 3 minin üzərində cəmləşdirməyək. Bu, çox bəsit yanaşma olardı. Ona görə də, açığı bu dəstəyin daha çox informasiya azadlığının inkişafına yönəlməsini istərdim. Bu fondun yaradılmasını dövlətin iradəsinin nümayişi kimi qəbul edirəm ki, mətbuat azadlığı genişləndirilir. Mənə elə gəlir ki, bunu real həyatda təsdiqini görəcəyik. Bizim informasiya almaq imkanlarımız artacaq.
 
Bəhruz Quliyev:

- Azərbaycanda kifayət qədər mətbuat azadlığı var. Dövlət tərəfindən QHT-lərə, KİV-ə də edilən yardımlar bu istiqamətə yönəlib. Burada deyildi ki, yardım alan  və almayan QHT-lər də narazılıq edir. Burada hansısa şəxsi tanışlıq və yaxud hansısa vasitə rol oynayırmı?

Azər Rəşidoğlu:

- Təbii ki, nəzərdə tutduğumuz məbləği almamışıq. Həmin layihəni həyata keçirmək üçün daha çox məbləği nəzərdə tuturduq. Görünür, özümüzün hardasa səhvlərimiz olub ki, fikrimizi ifadə edə bilməmişik. Hər halda, bizə ayrılan məbləğlə layihəni tam həyata keçirmək mümkün olmasa da, günahı özümüzdə axtaraq. Bu, həddən artıq şişirdilmiş məsələ oldu. Burada hər hansı qərəzdən danışmaq olmaz. Təbii ki, yarışdı, uduzan tərəf hansısa tərəfi günahlandırmalıdır. O fikirdəyəm ki, ittiham edənlər konkret faktlara söykənmlidir. İndiki müzakirənin predimeti də odur. Burada əsas məsələ etimadın olmamasıdır. Mətbuat Şurasının müşahidə fondunda kimlər təmsil olunacaq? Mətbuata, həqiqətən bağlı, onun problemlərini bilən insanlar gələcək, yoxsa qeyriləri? Sovet vaxtı çox maraqlı deyim var idi ki, kadrlar hər şeyi həll edir. Əgər həmin tərkibdə, doğrudan da, mətbuatın problemlərini bilən, ən əsası cəmiyyət tərəfindən etimad göstərilən insanlar olacaqsa, zənnimcə, heç bir problem olmayacaq.

Aydın Quliyev:

- Ötən ilin iyununa qədər daim belə müzakirə aparırdıq ki, dövlət mətbuata heç bir yardım göstərmir. Demək olar ki, bir neçə il bu müzakirə getdi. Müəyyən QHT-lər və mətbuatın qaldırdığı təşəbbüslər nəticəsində Prezident çox əhəmiyyətli addım ataraq, Mətbuatın İnkişafına dair Konsepsiya imzaladı və fondun yaradılması ilə bağlı qərar verdi. İkinci bir mərhələ başlayır ki, pulu necə bölüşdürək? Sözsüz ki, üçüncü mərəhələ də olacaq. Amma neçə mərhələ olmasından asılı olmayaraq, tezis var ki, belə mərhələlərin meydana çıxması cəmiyyətimizdə hakimiyyətlə mətbuatın münasibətlərində tərəqqi kimi qəbul olunmalıdır. Çünki artıq dövlət mətbuatın inkişafına, bu və ya digər dərəcədə diqqət ayırmağa, əməli dəstək verməyə başlayıb.

(ardı var)

Digər xəbərlər