PDF Oxu

Əsas

  • 16

Qlobal fəaliyyətin lokal qiyməti

Qlobal fəaliyyətin lokal qiyməti

Xəbər verdiyimiz kimi, iyunun 1-də Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) Bakıda 15-ci "Türk dünyasına xidmət" mükafatının təqdimatını keçirib. Mərasimdə Azərbaycan və türk dünyasının böyük şəxsiyyətləri- Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən TÜRKSAV-ın başqanı Yəhya Akengin mükafatın Bakıda təqdim olunmasından məmnunluğunu ifadə edib. O, türk dünyasının köklü mədəniyyətindən danışıb, mükafatın tarixi barədə məlumat verib. Azərbaycan və Türkiyənin ortaq mədəniyyət və incəsənətindən, dünyada məşhur şəxsiyyətlərindən söhbət açıb.
Yəhya Akengin bildirib ki, Azərbaycanın birinci xanımı TÜRKSAV-ın idarə heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə, türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülüb.

Birinci xanımın beynəlxalq fəaliyyəti və mükafatları
Qeyd edək ki, Mehriban xanımın ictimai və beynəlxalq fəaliyyəti bır sıra böyük mükafatlara layiq görülməsini şərtləndirib. Bir sıra beynəlxalq təşkilatlar və böyük dövlətlər birinci xanımın dünyəvi miqyasda fəaliyyətini yüksək qiymətləndirirək onu nüfuzlu mükafatlarla təltif ediblər. Dəfələrlə beynəlxalq sorğuların qalibi olub.
2005-ci ildə mesenantlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban Əliyeva Rusiyanın "Yüzilliyin mesenantları" Beynəlxalq Fondunun "Yaqut xaç" ordeni ilə təltif olunub.
Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə M.Əliyeva 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.
2008-ci ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Polşanın "Xidmətlərə görə" "Böyük Komandor Xaçı ordeni" ilə təltif edilib. 2010-cu ildə isə, Fransa Prezidentinin Sərəncamı ilə Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Mehriban xanım son illərdə bir neçə dəfə ilin adamı elan olunub. Xatırladaq ki, 2007-ci ildə postsovet ölkələrində "xalqın istəklilərinə çevrilmiş insanların" Rusiyanın nüfuzlu "Novoye Russkoye Slovo" ("NRS") qəzetində dərc edilmiş siyahısında Mehriban Əliyevanın da adı var idi.
Qəzetin yazdığına görə, Mehriban xanım Əliyeva öz xeyriyyəçilik fəaliyyətinə, humanizm prinsiplərinə qətiyyətlə riayət etdiyinə görə, təkcə Azərbaycan hüdudlarında deyil, bütün dünyada tanınıb. Nüfuzlu nəşrdə qeyd olunurdu ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa müddətdə beynəlxalq aləmdə tanınmış təşkilata çevrilib.
Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Onun nüfuzu Azərbaycanda bədii gimnastika üzrə beynəlxalq yarışların keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb.
Humanizm, mərhəmət, vətənpərvərlik, xeyirxahlıq hisslərinə söykənən fəaliyyətilə cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı qarşısına qoyduğu başlıca məqsəd Azərbaycanda bu sahənin müasir dövrün əsas tələblərinə uyğun səviyyəyə yüksəldilməsi, potensial kadrların yetişdirilməsindən ibarətdir.
Dövlətlər iqtisadiyyatı, millətlər mədəniyyəti ilə tanınır

Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami tapıb. Ötən 5 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir istiqamətidir.
Bu sahəyə qayğını fəaliyyətində daim əsas tutan Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.
Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir.
Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması olub. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirilib.
2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalıb. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə, dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə hər il avqustda Qəbələdə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilir. Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, klassik musiqi axşamları, muğam konserti təşkil edilir. Musiqi festivalında dünyanın çox sayda ölkəsindən nümayəndələrin iştirak etməsi tədbirin çox böyük önəm daşıdığını sübuta yetirir.
Ötən ay Azərbaycanın "Eurovision-2011" Mahnı Müsabiqəsində birincilik qazanması kimi böyük uğurumuz da birinci xanımın Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının real nəticəsidir.
Öz dövrünün böyük ictimai xadimi, görkəmli şəxsiyyəti adını hər əsrdə yalnız bir neçə qadın qazana bilir. Yalnız dünya miqyasında tanınmış, böyük ictimai fəaliyyətdə bulunmuş, humanist ideyaları həyata keçirmək üçün çalışmış qadınlar bu ada layiq görülürlər. Bütün bu işlərin arxasında isə müqəddəs ideallar, gərgin zəhmət, güclü zəka və böyük şəxsiyyət dayanır. Belə xüsusiyyələri özündə daşıyan insanlardan biri də Mehriban xanım Əliyevadır.

Digər xəbərlər