"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində Şərq-Qərb enerji dəhlizinin əsası qoyulmuşdur." Bu sözlər Bakıda açılan 18-ci Beynəlxalq Xəzər neft, qaz, sərgi və konfransının iştirakçılarına ABŞ Prezidenti Barak Obamanın təbrik məktubunda qeyd olunub. "Azəri-Çıraq-Günəşli" neft yataqlarının, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" qaz yatağı və Cənubi Qafqaz qaz kəməri kimi böyük enerji layihələrinə qoyulan iri beynəlxalq sərmayələrin Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji faydalar gətirdiyinin vurğulandığı təbrik məktubunda ölkəmizdə dövlət və özəl sektorlar arasında uğurlu əməkdaşlığın beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verdiyi bildirilib.
ABŞ Prezidenti təbrik məktubunda dünyada ən geniş və mürəkkəb layihələrdən olan "Cənub dəhlizi" layihəsinə qoşulmaq barədə Prezident İlham Əliyevin qərarının energetika sahəsində yeni mərhələnin başlanğıcına və iqtisadiyyatın inkişafına təkan verəcəyini, o cümlədən təbii qaz ehtiyatlarının istifadəsinə daha da böyük imkan yaradacağını vurğulayıb. Azərbaycanın energetika sektoruna qoyduğu sərmayə dünya iqtisadiyyatına inteqrasiya prosesini və Azərbaycan xalqının və vətəndaşlarının yaşayış standartlarının yüksəldilməsini sürətləndirəcək. Məktubun sonunda vurğulanıb ki, Birləşmiş Ştatlar enerji təhlükəsizliyi və şaxələndirmənin inkişaf etdirilməsi və Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması sahəsində Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir.