PDF Oxu

Əsas

  • 23

Rusiya-Azərbaycan əməkdaşlığı güclənir

Rusiya-Azərbaycan əməkdaşlığı güclənir

"Bu gün Rusiya-Azərbaycan münasibətləri haqqında inamla, hətta qürurla danışmaq olar. O qədər də sadə olmayan bir nöqtədən başlayaraq, biz bu gün strateji tərəfdaşlıq adlandırılan səviyyəyə qalxa bildik. Bu münasibətlərin əsasını qarşılıqlı hörmət, bir-birinin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sözsüz qəbul etmək dayanır",- 12 İyun-Rusiya Günü ilə əlaqədar mətbuat konfransı keçirən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Rusiya və Azərbaycan strateji tərəfdaşlıq xəttini seçib

Rusiya və Azərbaycan arasındakı münasibətlər getdikcə güclənir və strateji tərəfdaşlığa çevrilir. Hər iki dövlət keçmiş müttəfiqlər kimi ölkələr və xalqlar arasında dostluq və əməkdaşlıq bağlarının daha sıx olmasına çalışır.
Hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin yüksəlişdə olması müşahidə olunur. Buna isə prezident Dmitri Medvedevin son illər ərzində Azərbaycana 3 dəfə səfər etməsi, Prezident İlham Əliyevin isə, öz növbəsində, Rusiyanın müxtəlif regionlarına dəfələrlə səfər etməsi sübutdur.
Xatırladaq ki, ötən ilin sentyabrında Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı bir sıra əhəmiyyətli sazişlər imzalanıb. Onların sırasında quru ilə sərhəd keçid xəttini əks etdirən dövlət sərhədi haqqında müqavilə də var. Qeyd edək ki, Rusiya Azərbaycanın belə müqavilə bağladığı ilk ölkə olub.
Ümumiyyətlə, SSRİ-nin dağılmasından sonra Rusiya və Azərbaycan strateji tərəfdaşlıq, qarşılıqlı münasibətlər xəttini seçib. Onun əsasında suverenliyə hörmət və bir-biri ilə fəaliyyət azadlığı, qarşılıqlı maraq balansı dayanır.
Bütün bunlar Azərbaycanın tarixi dostu və strateji müttəfiqi olan bu superdövlətlə siyasi, iqtisadi, mədəni və digər əlaqələrin səviyyəsindən xəbər verir. Onu da qeyd etmək lazımdır ki, son illərdə bu əlaqələr daha da dərinləşib və 2 ölkə arasında münasibətlər bütün müstəvilərdə inkişaf edib.

Ticarət dövriyyəsi 70 faizdən çox artıb

2010-cu ildə dünya maliyyə böhranının təsiri altında ölkələr arasında mal dövriyyəsinin artımı nəzərə çarpıb. Rusiya qeyri-neft sektorunda Azərbaycanın vacib iqtisadi-ticarət tərəfdaşı olaraq qalır. Bu ilin 5 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artıb. Bu il ticarətdə rekord əldə ediləcəyinə ümid bəslənir.
Qeyd edək ki, son dövrlərdə qədər Rusiya və Azərbaycan arasında energetika sahəsində əlaqələr yüksək həddə çatıb, belə ki, Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan ərazisində onlarla YDM istismara verib və "Şahdəniz" qaz layihəsində 10 faizlik payla iştirak edib. 2010-cu ildə Azərbaycandan Rusiyaya təbii qazın nəqlinə başlanılıb. 2011-ci ildə qazın həcmi 2 dəfə artırılaraq, 2 milyard kubmetrə çatacaq.
Rusiya qeyri-enerji sektorunda da Azərbaycanın mühüm ticari-iqtisadi tərəfdaşıdır. Rusiyanın Azərbaycana tədarüklərinin 90 faizini maşınqayırma, avtomobil və kimya sənayesi malları, metal, meşə məmulatları və inşaat materialları, ərzaq, kənd təsərrüfatı məhsulları təşkil edir. Rusiya bazarında ixrac olunan bütün Azərbaycan məhsullarının böyük hissəsi satılır.
Hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir
Qəbələ RLS məsələsinə toxunan səfir xatırladıb ki, "Qəbələdəki "Daryal" analitik-informasiya mərkəzinin istismar şərtləri və icarəsinə dair sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır: "Sazişin şərtlərinə əməl olunur, Qəbələ RLS tam şəkildə Rusiya Federasiyasının maraqlarına uyğun məqsədləri yerinə yetirir. Ümid edirəm ki, bu məqsədlər digər ölkələrin, o cümlədən, Azərbaycanın da maraqlarına uyğundur".
O, Rusiyanın imzalanan sazişin reallaşması üçün Azərbaycanla normal və məhsuldar əməkdaşlıq etdiyini deyib: "Buraya, həmçinin, Rusiya hərbçilərinə öz vəzifələrini yerinə yetirmək üçün müvafiq şəraitin yaradılması da daxildir. Bu məsələ ilə bağlı yenidən açıqlama vermək zərurəti yaransa, biz bu açıqlamanı verəcəyik".
Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini şərh edən Doroxin bildirib ki, Rusiya əməkdaşlığın səviyyəsindən razıdır: "Qeyd etmək istəyirəm ki, bu əməkdaşlıq beynəlxalq hüququn bütün tələblərinə uyğun həyata keçirilir. Buraya silah alqı-satqısına dair razılaşdırılmış hesabat formalarının hazırlanması da daxildir. Biz bu hesabatı hər il dərc edirik".
Mədəni əməkdaşlıq
daha da genişlənir
Onu da nəzərə almaq lazımdır ki, ölkələrin əməkdaşlığında önəmli rolu iki ölkə arasında mədəniyyət, tibb, təhsil, idman, gənclər siyasəti, birgə informasiya mərkəzlərinin yaradılması və bu sahədə bir sıra digər layihələrin həyata keçirilməsi haqqında imzalanan sazişlər sayəsində humanitar əlaqələr oynayır.
Azərbaycan rus dilinin xüsusi statusunu saxlayır, çünki respublika ərazisində 160 min rusdilli əhali yaşayır. Keçmiş Sovet İttifaqı respublikalarında rus dili öz mövqeyini itirdiyi halda, Azərbaycanın 21 məktəbində təhsil rus dilində aparılır, daha 335 məktəbdə isə dərslər Azərbaycan və rus dillərində aparılır.
Hazırda respublikada rus dilində 50-yə yaxın qəzet və jurnal nəşr olunur, onlarla agentlik və portal fəaliyyət göstərir. Rusiyanın dövri nəşrləri respublikanın ərazisində sərbəst şəkildə yayımlanır. Bakıda Lomonosov adına MDU-nun filialı fəaliyyət göstərir, Rus Dram Teatrı işləyir, Rusiyanın aparıcı informasiya agentliklərinin filialları açılıb. Bu tendensiya xalqlarımızın sıx şəkildə yaxınlaşmasını sübut edir.
Onu da qeyd edək ki, hazırda Rusiya Federasiyasının subyektlərindən 70-ə yaxını Azərbaycan ilə regionlararası əməkdaşlıq edirlər, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalanıb.
Humanitar sahələrdə əlaqələr möhkəmlənir
Rusiyada 3 milyon azərbaycanlı yaşayır. Rusiya ali məktəblərində 6 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycandan bu qədər sayda təqaüdüçünün olduğu digər ölkə yoxdur. Onlardan 900 nəfərə yaxını Rusiyaya Dövlət Proqramı üzrə gedib.
Azərbaycanda rus dilinin mövqeyinin möhkəmliyi ölkənin geniş ictimaiyyətinin ona olan tələbatının saxlanılması ilə təmin olunur, Azərbaycan rəhbərliyi bu tələblərin gerçəkləşməsi üçün hər bir şəraiti yaradır. Hazırda Azərbaycanın orta və ali məktəblərində rusdilli sektor möhkəm maddi və pedaqoji bazaya malikdir.
Eynilə də Rusiyada Azərbaycana maraq artır. Rusiyada Azərbaycan və azərbaycanlıların müsbət imicinin yaradılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu ölkədəki humanitar və sosial fəaliyyətini xüsusilə vurğulamaq lazımdır.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı da Rusiyada Azərbaycan mədəniyyətinin təbliğində çox böyük işlər görür. Təşkilatın sədri Leyla Əliyevanın fəaliyyəti Rusiyada ölkəmizin və xalqımızın daha yaxından tanıdılması, Azərbaycan həqiqətlərinin təbliği üçün böyük imkanlar açır. Məhz onların gərgin fəaliyyəti Rusiya ictimaiyyətində Azərbaycan və azərbaycanlılar haqda müsbət imicin formalaşmasını təmin edir.
Nəzərə almalıyıq ki, Rusiyanın keçmiş müttəfiq respublikalar arasında ən üstünlük verdiyi ölkələrdən biri də Azərbaycan olub. Bu ölkələrin xalqları arasında hər zaman isti münasibət olub və mədəni əlaqələr yüksək səviyyədə olub. Bu və ya digər çoxsaylı məqamlar post-sovet məkanında ölkəmizin mövqelərinin və böyük bir coğrafi-mədəni məkanda hərtərəfli əlaqələrə malik olmasını təmin edir.
Moskva münaqişənin həllinə yardım edə bilər
Qeyd edək ki, Azərbaycan və Rusiya BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmaqla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi rolunda çıxış edir və bu münaqişənin həllinə öz töhfəsini verə bilər.
Ən əsas məqam olaraq isə son zamanlar Rusiyada Ermənistan-Azərbaycan münaqişəsinə münasibətin dəyişməsini göstərmək olar- həm dövlət kuluarlarında, həm də rus xalqı arasında. Münaqişənin həllinə və Ermənistana təsir rıçaqlarına malik olmasını da nəzərə alsaq, bu dostluğun nə qədər böyük önəm daşıdığını görə bilərik. Moskva artıq regionda Ermənistanın ona nə qədər böyük problem yaratdığını və Azərbaycanın nə qədər böyük fayda verdiyini (daha çox verə biləcəyini) anlamış durumdadır.
"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həlli üçün aktiv səy göstərir. Danışıqların detallarını açıqlaya bilmərəm, amma biz "Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir" dedikdə, kələk gəlmirik. Beynəlxalq birliyin səyləri nəticəsində ciddi razılaşmalar əldə etmək şansı var və Rusiya bu şansdan yararlanmaq üçün əlindən gələn hər şeyi edir. Əvvəlcədən təxmin etmək istəməzdim, amma bütün bunlar münaqişənin tezliklə nizamlanacağına dair ümidləri artırır",- Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya Gününə həsr olunmuş mətbuat konfransında deyib.
Sonda onu da vurğulamaq istərdik ki, Rusiya və Azərbaycan 200 ilə yaxın birgə tarixi olan ölkələrdir və bu gün də qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması təqdirəlayiqdir. Ən azı ona görə ki, bu cür münasibətlər hər iki ölkənin xalqına yalnız fayda gətirir.
Elçin Bayramlı

Digər xəbərlər