Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu günü bizə bəxş edən Ulu Öndərimiz Heydər Əliyev dövlətimizin müstəqillik tarixinə adını qızıl hərflərlə yazıb. Nə qədər Azərbaycan xalqı və dövləti var, Ulu Öndərimiz Heydər Əliyev də yaşayacaq. Çünki Qurtuluş Günü Azərbaycan xalqının xilas günüdür. Bu xilaskarlıq missiyasının yerinə yetirən liderə o zaman xalqın çox böyük ehtiyacı var idi. 1992-ci ilin mayın 18-də Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra ölkədə ağır böhran şəraiti yaranmışdı.
Belə bir çətin məqamda Ümummilli Lider Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. O, xalqının xilası naminə həyatını təhlükə altına atmaqdan belə çəkinməyərək, Gəncəyə gedib vəziyyətlə ətraflı tanış oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil edənlər hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır."
Gəncə hadisələrindən sonra ölkədə vəziyyət günbəgün pisləşir, qorxulu məcraya yönəlirdi. Azərbaycanda gedən təhlükəli prosesləri diqqətlə izləyən Heydər Əliyev Vətənin taleyi sarıdan hədsiz narahatlıq keçirirdi. Üstəlik, ona çoxlu müraciətlər edilir, xalq öz böyük oğlunu köməyə çağırırdı. Dövlətimizin başı üzərini qorxunc təhlükə aldığı o uzaq iyun günlərində nəzərlər Naxçıvana dikilmişdi. Artıq hamı anlayırdı ki, ölkənin və xalqın nicatı yalnız Heydər Əliyevlə bağlıdır. Xalq təkidlə öz böyük oğlunu haraylayır, səbirsizliklə onun Bakıya gəlməsini gözləyirdi. Çarəsi kəsilən iqtidar təmsilçiləri də Naxçıvana xüsusi təyyarə göndərərək Heydər Əliyevdən Bakıya gəlməsini xahiş edirdilər. Belə bir ağır vəziyyətdə, taleyüklü məqamda qərar qəbul etmək heç də asan deyildi. Vətəninin düşdüyü çıxılmaz vəziyyətə, xalqın çağırışına biganə qala bilməyən xilaskar öz qərarını verdi və onu Bakıya gətirən təyyarə 1993-cü il iyunun 9-da Binə hava limanında yerə endi. Bununla da müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı qoyuldu. Bu da səbirsizliklə gözlənilən tarixi an... Binə hava limanına xilaskarı qarşılamaq üçün toplaşmış izdihamın başı üzərində qaldırdığı plakatlardan biri diqqəti daha çox cəlb edir. Orada səmimi sözlər yazılıb: "Heydər baba, xalqı bu bəladan qurtar!" Bu, Böyük Qayıdış idi: nicatın və qurtuluşun, anarxiyadan sabitliyə gedən yolun başlanğıcını qoyan bir Qayıdış!
Sonralar "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi: "...Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan rəhbəri Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim".
Əlbəttə, Gəncə hadisələri birdən-birə yaranmamışdı. Bu, o vaxtkı iqtidarın səriştəsiz siyasətinin, həmin siyasətin nəticəsi olaraq yaranmış anarxiya və xaosun qanunauyğun finalı idi. On səkkiz il əvvəl bütün bu hadisələrin nə ilə qurtaracağı hələ heç kəsə məlum deyildi. Çünki vəziyyət olduqca təhlükəli xarakter almışdı. Anarxiya və xaos elə bir həddə çatmışdı ki, ölkəni bu böhrandan çıxarmaq asan məsələ deyildi. Yalnız Heydər Əliyevin Bakıya gəlişi bütün təhlükələri sovuşdurdu. Ağır sarsıntılar içərisində üzülən xalq iyunun 9-da yüngülləşərək dərindən nəfəs aldı, çiyinlərdən sanki ağır yük götürüldü: Heydər Əliyev gəlibsə, demək hər şey yaxşılıqla qurtaracaq!
Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik, əmin-amanlıq yarandı, atəşkəs əldə olundu. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirdi, siyasi çəkisini artırdı. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi Azərbaycanı böyük inkişaf yoluna çıxardı. İndi bu şərəfli yolu Prezident İlham Əliyev çox böyük inamla davam etdirir. Dünya miqyasında müstəqil Azərbaycanın nüfuzu günü-gündən artır. Dövlətimiz ən qüdrətli ölkələrdə, ən ali məclislərdə öz sözünü deyir, milli maraqlarına uyğun mövqeyini qətiyyətlə müdafiə edir. Ümummilli Lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bu inamı ifadə edərək bildirmişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Prezident kimi fəaliyyətə başladığı gündən "Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir" deyən cənab İlham Əliyevin son 7 ildən artıq dövr ərzində gördüyü işlər hər bir vədin konkret əməli işə əsaslandığını təsdiqləyir. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth edir.
İsa Həbibbəyli,
Milli Məclisin deputatı, professor