Bu gün qloballaşan dünyanın əsas tələblərindən biri də informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır. Bunun üçün beynəlxalq sistemin aktorları olan dövlətlər və digər beynəlxalq siyasi təşkilatlar səylə çalışır və mübarizə aparırlar. Beynəlxalq təşkilatların da bu mənada informasiya təminatına yüksək diqqəti təqdirəlayiq haldır. Heç şübhəsiz ki, bu informasiya təminatının yaradılmasında əsas yeri məhz kütləvi informasiya vasitələri tutur. Onların inkişaf etdirilməsi və inteqrasiyası isə qarşıda duran əsas məqsədlərdəndir. Bu günlərdə Ukraynada keçirilən XIII Ümumdünya Rus Mətbuatı Konqresi də bu silsilədən olan tədbirlərdəndir.
İyunun 14-də Kiyevdə keçirilən bu tədbirdə dünyanın müxtəlif yerlərindən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Azərbaycandan konqresdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Trend BİA-nın baş direktoru İlqar Hüseynov, Trend BİA-nın baş direktorunun müavini Paşa Kəsəmənski, "Exo" qəzetinin baş redaktoru Rauf Talışınski, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz və başqaları iştirak ediblər.
XIII Ümumdünya Rus Mətbuatı Konqresini (ÜRMK) giriş sözü ilə Rusdilli Mətbuatın Ümumdünya Assosasiyasının prezidenti Vitali İqnatenko açıb. Sonra söz Ukrayna prezidenti V.Yanukoviçə verilib. O, aparılan islahatlardan və ölkənin modernləşdirilməsindən danışıb. Ukrayna prezidentinin sözlərinə görə, ötən il islahatlar yeddi istiqamətdə aparılıb, bu il isə onlar 14 istiqamətdə həyata keçiriləcək. "Ukrayna demokratik cəmiyyətin inkişafı üçün yaxşı şərait yaradıb, o cümlədən, bu yaxınlarda "İctimai informasiyanı əldə etmək haqqında" qanun qəbul edilib", - deyə V.Yanukoviç bildirib.
Həmçinin, konqresdə YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub. Məktubu Rusiyanın YUNESKO yanında daimi nümayəndəsi Eleonora Mitrofanova oxuyub. İ.Bokova təbrik məktubunda ÜRMK-nın fəaliyyətinin rus dilinin inkişafında mühüm töhfə olduğunu qeyd edib. Onun sözlərinə görə, ÜRMK nüfuzlu beynəlxalq təşkilata çevrilib. İ.Bokova ÜRMK prezidenti Vitali İqnatenkonun fəaliyyətini yüksək qiymətləndirib və qarşıda bu təşkilatın hələ bir çox işlər görəcəyinə ümidini ifadə edib.
Konqresdə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin də çıxış edib. O, rus dilinin inkişafında ÜRMK-nın böyük xidmətləri olduğunu qeyd edib. "Rus dili millətlərarası ünsiyyət dili olaraq qalır", - deyə S.Narışkin bildirib. Onun sözlərinə görə, Ukrayna paytaxtı ikinci dəfə dünyanın bir çox ölkələrindən rusdilli KİV nümayəndələrini birləşdirən forumu qəbul edir. "Forum təcrübə və yeni ideyalar mübadiləsi, birgə perspektiv layihələrin müzakirəsi üçün yaxşı meydan olaraq qalır", - o, qeyd edib. Böyük tirajlı rusdilli KİV, kitab nəşri və rus dilində təhsil Ukrayna cəmiyyətinin, hər şeydən əvvəl, gənclərin imkanlarını genişləndirir, Rusiya və MDB ölkələrinin informasiya məkanında istiqamətlənməsinə kömək edir.
Sergey Narışkin, həmçinin, Rusiya prezidenti Dmitri Medvedevin tədbir iştirakçılarına ünvanlanan təbrik teleqramını oxuyub. "Konqres Böyük Vətən müharibəsinin 70-ci ildönümündə keçirilir və bu mənada belə hadisələr üzrə məlumat bazasının yaradılması haqqında qərarın qəbul edilməsi çox vacibdir", - Medvedevin təbrik məktubunda deyilir. Daha sonra Narışkin RF rəhbərliyi adından bəzi rusdilli KİV-lərə mükafatlar təqdim edib.
ÜRMK-nın növbəti iclası İtaliyada - Roma, Neapol və Kapri şəhərlərində keçiriləcək.
Bu konqresin keçirilməsi bir daha dünya səviyyəsində, xüsusilə, MDB miqyasında kütləvi informasiya vasitələrinin inkişaf və inteqrasiya etdirilməsinə olan diqqəti göstərmiş oldu. Bununla, təkcə rus mətbuatının yox, eyni zamanda, digər yerli və regional mətbuat orqanlarının da inkişafına şərait yaranmış olur. Azərbaycanın da bu tədbirdə iştirakı ölkəmizin dünyada informasiya təminatı və təhlükəsizliyinin yaradılmasında xüsusi yerinin və rolunun olmasını göstərir. Ölkəmizdə söz və mətbuat azadlığının ən yüksək səviyyədə təminatının göstəricisidir ki, bu gün ölkə KİV-ləri inkişaf edir və beynəlxalq standartlara cavab verməyə başlayır. Bu, müvafiq beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Ölkəmizdə azad mətbuatın mövcud olması demokratik cəmiyyətin hərtərəfli inkişafına təkan verən əsas amillərdəndir. Dövlət tərəfindən bu sahəyə göstərilən yüksək diqqət və qayğı da ölkəmizin inkişafında söz və mətbuat azadlığının təmin olunmasının nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
Murad İSMAYILZADƏ