Rusiyanın xarici siyasətində Azərbaycanın yeri birincisi coğrafi qonşuluqla, ikincisi Rusiya üçün vacib olan Xəzər və Qafqaz regionlarında geosiyasi durumla, üçüncüsü Rusiya və Azərbaycanın MDB-də iştirakı, dördüncüsü iki ölkə arasında münasibətlərin tarixi keçmişinin nadir xüsusiyyəti ilə müəyyən olunur. Eyni sözləri Azərbaycanın xarici siyasətində Rusiyanın yeri barədə söyləmək olar.
Sergey Narışkin: "Moskva və Bakının mövqeyi oxşardır, çox vaxt üst-üstə düşür"
Ötən həftə Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun təşkilat komitəsinin iclasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş məzmunlu çıxışı, təklif və ideyaları uzun müddət müzakirə mövzusuna çevriləcək hadisələrdən oldu.
Akademik Ramiz Mehdiyev Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji müttəfiqlik müstəvisində yüksəldiyini və xalqlar arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirərək qeyd edib ki, Azərbaycan bütün millətlər üçün normal yaşayış ölkəsidir.
Azərbaycanla əməkdaşlığın yüksək səviyyəsini məmnunluqla qeyd edən Rusiya prezidenti administrasiyasının rəhbəri Sergey Narışkin də ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluq hissi keçirdiyini vurğulayıb: "Rusiya və Azərbaycan humanitar məsələlərə böyük əhəmiyyət verir. Beynəlxalq gündəlik üzrə isə Moskva və Bakının mövqeyi oxşardır, çox vaxt üst-üstə düşür".
Rusiya-Azərbaycan münasibətləri yeni məzmunda və yeni mərhələdə
Cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra Rusiya ilə əlaqələr daha da güclənib. Bu ölkə ilə ilə aparılan işlər nəticəsində Rusiya hakim dairələrində və rus ictimaiyyətində ermənilər tərəfindən Azərbaycana, Azərbaycan xalqına qarşı yaradılmış yanlış rəyin aradan qaldırılması istiqamətindən böyük addımlar atılıb.
Son illərdə iki ölkə arasında münasibətlər daha da yaxınlaşmağa, istiləşməyə başlayıb. Hər iki ölkənin rəhbərliyi və ictimaiyyəti iqtisadi əlaqələrin gücləndirməsi, siyasi münasibətlərin daha da istiləşməsinə çalışılması, mədəni əlaqələrin daha yüksək səviyyədə davam etdirilməsi üçün qərarlıdırlar.
Azərbaycan Prezidenti özünün siyasi xəttində hər zaman Rusiyaya böyük önəm verir. Bu da, öz növbəsində, Rusiyada Azərbaycana qarşı münasibətin dəyişməsinə gətirib çıxarır.
Rusiyada Azərbaycan və azərbaycanlıların müsbət imicinin bərpa olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın bu ölkədəki humanitar və sosial fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Məhz onların gərgin fəaliyyəti Rusiya ictimaiyyətində Azərbaycan və azərbaycanlılar haqda müsbət imicin formalaşmasını təmin edir.
Ölkələr arasındakı iqtisadi əməkdaşlığın yeni mərhələsi
Ölkələrimiz arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin səviyyəsi heç bir tərəfi tam qane etmir. Çünki potensial daha böyükdür. Sovetlərin dağılmasından sonra bu əlaqələrin xeyli zəifləməsinə baxmayaraq zaman keçdikcə bu sahədə inkişaf müşahidə olunur. Xüsusilə də, energetika sahəsində.
Son dövrlərə qədər Rusiya və Azərbaycan arasında energetika sahəsində əlaqələr elə bir həddə çatıb ki, Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan ərazisində onlarla YDM istismara verib və "Şahdəniz" qaz layihəsində 10 faizlik payla iştirak edib. Bundan başqa, 2010-cu ildə Azərbaycandan Rusiyaya təbii qazın nəqlinə başlanılıb. 2011-ci ildə qazın həcmi 2 dəfə artırılaraq 2 milyard kubmetrə çatacaq.
Bu ölkənin Azərbaycana tədarüklərinin 90 faizini maşınqayırma, avtomobil və kimya sənayesi malları, metal, meşə məmulatları və inşaat materialları, ərzaq, kənd təsərrüfatı məhsulları təşkil edir. Azərbaycandan isə bu ölkəyə əsasən, neft və qaz, ərzaq məmulatları, kənd təsərrüfatı məhsulları və sənaye məhsuları ixrac olunur.
Mədəni əməkdaşlıq üçün ideal məkan və tarixi ənənələr
Azərbaycan türk mədəniyyətinin üzvi hissəsi olmaqla Rusiya mədəni arealı ilə əlaqəni unikal şəkildə saxlayır. Rusiyada yaşayan çoxsaylı türk xalqları ilə Azərbaycan xalqları arasında mədəni yaxınlaşma və inteqrasiya prosesi yeni mərhələyə qədəm qoyub. Rus xalqı ilə isə bizim mədəni bağlılığımız tarixi ənənələrə söykənir.
2010-cu ildə Azərbaycanın mədəni həyatındakı Mstislav Rostropoviç festivalı, Çexov adına teatr festivalı və s. kimi böyük hadisələr bu və ya digər şəkildə Rusiya və onun mədəniyyəti ilə bağlıdır.
Hazırda Rusiya ali məktəblərində 6 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Onların 900 nəfərə yaxını Rusiyaya Dövlət Proqramı üzrə gedib. Qalanları Rusiya ali məktəblərini heç bir təşviqat olmadan, könüllü olaraq seçiblər və orada öz hesablarına təhsil alırlar.
Azərbaycanda rus dilinin mövqeyinin möhkəmliyi ölkənin geniş ictimaiyyətinin ona olan tələbatının saxlanılması ilə təmin olunur. Azərbaycan rəhbərliyi bu tələblərin gerçəkləşməsi üçün hər bir şəraiti yaradır. Hazırda Azərbaycanın orta və ali məktəblərində rusdilli sektor möhkəm maddi və pedaqoji bazaya malikdir.
Gerçəkdən də, Azərbaycanda zəngin rus mədəniyyətinə, böyük rus dilinə çox qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanda rus məktəblərinin heç biri bağlanmayıb. Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir.
Qarabağ probleminin həlli "açar"ının saxlandığı ölkə
Son zamanlar Rusiyada Ermənistan-Azərbaycan münaqişəsinə münasibətin dəyişməsini qeyd etmək lazımdır- həm dövlət kuluarlarında, həm də rus xalqı arasında. Regionda geosiyasi situasiyanın böyük fərqlə Azərbaycanın xeyirinə dəyişdiyini anlayan Kreml rəhbərliyi öz siyasi kursunda bəzi korrektələr etməyə məcburdur.
Rusiya və Azərbaycan strateji tərəfdaşlıq münasibətləri xəttini seçib. Onun əsasında suverenliyə hörmət və bir-biri ilə fəaliyyət azadlığı, qarşılıqlı maraq balansı dayanır.
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əvəzedilməz rolunun ola biləcəyi sirr deyil. Moskva Azərbaycan və Ermənistan ilə ikitərəfli münasibətlər potensialından istifadə edərək, münaqişənin ədalətli nizamlanması üçün ondan asılı olan hər şeyi edə bilər.
Göründüyü kimi, iki ölkə arasında dostluq əlaqələrinin güclənməsi hər iki ölkəyə böyük fayda verir. Münaqişənin həllinə və Ermənistana təsir rıçaqlarına malik olmasını da nəzərə alsaq bu dostluğun nə qədər böyük önəm daşıdığını görə bilərik. Moskva artıq regionda Ermənistanın ona nə qədər böyük problem yaratdığını, Azərbaycanın isə, nə qədər böyük fayda verdiyini (və daha çox verə biləcəyini) anlamış durumdadır.
Rusiya-Azərbaycan əməkdaşlığı hər iki ölkənin xalqına yalnız fayda gətirir
Rusiya ilə Azərbaycan beynəlxalq siyasi məsələlərdə demək olar ki, eyni mövqedən çıxış edirlər. Buraya Moskava və Bakının birgə mövqedən çıxış etdiyi ən önəmli məsələlərdən biri də Xəzərin statusu ilə bağlıdır.
Azərbaycanın tarixi dostu və strateji müttəfiqi olan Rusiya ilə siyasi, iqtisadi, mədəni və digər əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Sovetlər Birliyində 70 illik birgə yaşayış rus və Azərbaycan xalqlarının mədəni inteqrasiyasının, düşüncə tərzinin uyğunlaşmasında önəmli roy oynayıb.
Sonda onu da vurğulamaq istərdik ki, Rusiya və Azərbaycan 200 ilə yaxın birgə tarixi olan ölkələrdir və bu gün də qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması təqdirəlayiqdir. Ən azı ona görə ki, bu cür münasibətlər hər iki ölkənin xalqına yalnız fayda gətirir.
Elçin Bayramlı