Yaradığı zamandan genişmiqyaslı layihələrin həyata keçirən Heydər Əliyev Fondu Azərbaycanın ictimai, sosial, mədəni həyatında önəmli rola malik olan qurumdur. Fondun təşəbbüsü ilə Azərbaycanda yeni tipli məktəblər tikilib, təmir edilib və bu proses davam edir. Bu humanitar layihələrin çərçivəsi genişdir. Fond səhiyyə sahəsində, xüsusən, talassemiya və diabet kimi ağır xəstəliklərə qarşı mübarizə üzrə bir sıra mühüm layihələr həyata keçirir. Heydər Əliyev Fondu mədəniyyət sahəsində də bir sıra layihələri reallaşdırır, Muğam Mərkəzi tikilir, istedadlı gənclər, rəssamlar, artistlər dəstəklənir. Ümumiyyətlə, fondun mövcud olduğu müddətdə çox işlər görülmüşdür.
Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir. Məlum olduğu kimi artıq fondun Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərinin fəaliyyət coğrafiyası genişlənib. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri və Rusiya Azərbaycan Gəncləri Təşkilatının sədri Leyla xanım Əliyeva Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirləri həyata keçirərək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək edir. Onun rəhbərliyi altında elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb reallaşır. O, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olur, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərir, dövrümüz üçün aktual mövzulara dair konfrans və seminarlar təşkil edir. Leyla xanım Əliyeva görüşlərinin birində demişdir: "Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu".
Fondun Rusiyadakı nümayəndəliyi Azərbaycan ilə Rusiya arasında mədəni dialoqu inkişaf etdirir. Mədəni dialoq, xüsusən, gənclər üçün ən vacib məsələdir. Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri Leyla xanım Əliyeva gəncləri RF-nin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırır. Leyla xanım əsas vəzifə olaraq regionlarda Azərbaycan dilində bazar günü məktəblərinin açılması ideyasını gerçəkləşdirə bilmişdir. Fond bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompyuterlərlə təchiz olunmasına kömək edir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək etmişdir. Bununla yanaşı, müxtəlif xeyriyyə tədbirləri, o cümlədən, əlil uşaqlar üçün "Biz həyatı sevirik" adlı konsert, bir neçə kitabın təqdimat mərasimləri hazırlanıb. Ayda bir dəfə çıxan "Baku" jurnalı da xalqımızın mədəniyyəti, incəsənəti və ənənələri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Azərbaycan Gəncləri Təşkilatının və "Zəif eşidənlər dünyası" adlı Rusiya ictimai gənclər təşkilatının iştirakı ilə Moskvada əlil uşaqlar üçün geniş xeyriyyə tədbirinin keçirilməsi də qarşılıqlı münasibətlər zəminində baş tutmuşdur. Tədbirə fiziki qüsurları olan 300-dən çox uşaq və onların ailə üzvləri dəvət ediblər. Leyla xanım həmin görüşdə belə demişdir: "Heydər Əliyev Fondu Azərbaycanda sosial sahədə, təhsil və səhiyyə sahələrində geniş iş aparır, mədəniyyətin inkişafı və mədəni irsin qorunub saxlanması məsələlərinə, müasir məktəblərin tikintisinə, tarixi abidələrin bərpasına, kitab nəşrinə və başqa humanitar məsələlərə böyük diqqət yetirir. Hazırda Heydər Əliyev Fondunun Rusiyada da nümayəndəliyi vardır və mən inanıram ki, biz əlbir olaraq çoxsaylı bu cür tədbirlər keçirəcək, xeyirxah işlər görəcəyik".
Belə bir missiya ilə fəliyyətini davam etdirən Leyla xanımın gördüyü işlər diqqətdən kənarda qalmır. RF Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Natalya Karpoviçin qeyd olunan tədbirdə dediyi fikirlər maraq doğurur: "Heydər Əliyev Fondu çox böyük və bizim hamımız üçün yaxşı işlər görür. Belə tədbirlər həm fiziki qüsurları olan insanları, həm də dolğun həyat sürənləri birləşdirir. Bu isə çox vacibdir. Bu aksiya bizim bir-birimizə daha yaxın olmağımıza, bu salondakı uşaqlardan hər birinin faciəsini başa düşməyə və onu öz faciəmiz kimi qəbul etməyimizə kömək edir. Bu da çox vacibdir ki, bu tədbir həmin uşaqların böyük ölkəmizin tam dəyərli vətəndaşları olduqlarını başa düşməsinə imkan verir".
Təşkilat inkişaf edir və yeni regionlarda nümayəndəlikləri yaranır. İndi təkcə Moskvada, Sankt- Peterburqda deyil, demək olar ki, Rusiyanın əksər yerlərində fəaliyyət göstərir. Moskvanın bir çox universitetlərində Azərbaycan klubları yaradılır. Gələcək üçün də çoxlu planlar və ideyalar vardır.
Bu görülən işlərin məcmusunda Azərbaycanın zənginliyi nümayiş etdirilir. Artıq belə tədbirlər Fransada təşkil olunub. Növbədə isə İtaliya, Türkiyə və Almaniyadır.
Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Azərbaycan klubunun köməyi ilə "Sağlamlığına əmin ol, xəstəliyə yox de!" devizi altında xeyriyyə aksiyası da görülən işlərin davamıdır.
Onun gördüyü işlər bu gün dünya mətbuatının diqqətindədir. Mütəmadi olaraq dünyanın nüfuzlu mətbuat orqanları Leyla xanımla bağlı məqalələri dərc edirlər. Türkiyənin nüfuzlu "Sabah" qəzetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmış Xocalı qətliamından bəhs edən klip barədə məqalə dərc olunmuşdur. Məqalədə vurğulanır ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın əksər ölkələrində anma mərasimləri keçirilmişdir. Leyla xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən beynəlxalq kampaniya çərçivəsində daha bir layihə də uğurla reallaşdırılmışdır. Azərbaycanın məşhur rep qrupu "Dəyirman"ın və ABŞ Dövlət Departamentinin xoşməramlı səfiri, məşhur rep ustası Toni Bləkmən ilə birlikdə ifası əsasında çəkilmiş "Xocalıya ədalət" klipinin Moskva və Vaşinqtonla yanaşı, dünyanın 30 ölkəsində nümayiş olunduğu bildirilən yazıda Xocalı qətliamının insanlığa qarşı dəhşətli bir cinayət olduğu qeyd edilir. Qəzetdə bildirilir ki, Leyla xanım Əliyeva tərəfindən Xocalı qətliamının beynəlxalq aləmdə tanınması istiqamətində işlər davam etdirilir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra regionlarında xeyriyyə aksiyaları da keçirilmişdir. Xeyriyyə aksiyaları Moskvanın 43 və 11 nömrəli bərpa mərkəzlərində, 12 nömrəli uşaq evində, Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski adına Elmi Cərrahiyyə Mərkəzində, habelə, "Yujnoye Butovo" əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzində keçirilmişdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu aksiyalar fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Heydər Əliyev Fondunun nümayəndəliyi Rusiyada xeyriyyə aksiyaları keçirir, valideyn himayəsindən məhrum uşaqlar, xəstə körpələr üçün nağılları reallığa çevirir.
Aksiyalarda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları ilə yanaşı, Leyla Əliyevanın yaratdığı Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvləri də fəal iştirak edirlər. Bu cür xeyriyyə aksiyaları xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə kömək edir. Uşaqların sevinci isə bu tədbirlərin təşkilatçıları üçün ən böyük mükafatdır.
NƏZAKƏT ƏLƏDDİNQIZI