Azərbaycanda demokratik mühitin daha da inkişaf etməsi istiqamətində iqtidar-müxalifət dialoqunun vacibliyi hər zaman vurğulanır. Təbii ki, bu məsələ ətrafında bütün tərəflər maraqlı olmalıdır. Amma bütün bunların, əksinə olaraq ölkənin müxtəlif siyasi ictimaiyyəti, əsasən də, müxalifətdən olan siyasi partiyaların təmsilçiləri ortaya fərqli mövqelər qoyurlar. Belə ki, onlar bir çox hallarda bu dialoqun baş tutmasını vacib hesab etsələr də, müəyyən növ əhəmiyyətsiz, yersiz bəhanələrlə çıxışlar edir.
Həmişə olduğu kimi, ölkəmizin və regiounun aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası dialoqun tərəfdaşı olduğunu, bunun üçün zəruri imkanların da mövcudluğunu önə çəkib. Bu baxımdan da, YAP dəfələrlə cəmiyyətdə siyasi qüvvələr arasında dialoq tərəfdarı olduğunu bəyan edib. Amma müxalifət səlahiyyətliləri dialoq dedikdə, bir neçə gənci aldadıb küçələrə çıxarmağı və polislə toqquşmanı nəzərdə tuturlar. Elə buradan da görünür ki, özlərini müxalifət adlandıran bir qrup radikal təxəyyüllü siyasətbazlar stol arxasında oturub dialoq aparmaqda maraqlı deyil. Eyni zamanda, digər bir məqam da ortaya çıxır. Belə ki, radikal müxalifətin dialoqdan kənara qaçması onların müxtəlif xarici qüvvələrlə iş birliyində olmalarını təsdiqləmiş olur. Çünki bu məsələ ilə bağlı müxtəlif zamanlarda hakim partiya ilə müxalifət partiyaları arasında bir neçə dəfə müzakirələr aparılıb və həmin görüşlər hər dəfə bir partiyanın qərargahında keçirilib. Ancaq YAP-ın qərargahında keçirilən tədbirlərdə Müsavat, AXCP (i), o cümlədən, bu kimi daha bir neçə siyasi təşkilatlar iştirak etmədiyindən həmin dialoq prosesləri dayanıb. Bu isə bir daha onu göstərir ki, müxalifətin iqtidarla üz-üzə dayanmağa nə cürəti çatır, nə də elmi səviyyəsi. Buradan da aydın olur ki, özlərini "həqiqi müxalifət" kimi hiss edən, yaxud da bu ad altında özlərini ictimaiyyətə sırımağa cəhd edən ünsürlər heç bir halda dialoqun tərəfdarı deyillər. Çünki radikal müxalifət bu mövzunu şəxsi maraqları istiqamətində qabardırlar. Amma hər bir halda, Azərbaycanın xoşbəxt gələcəyini səmimi istəyən hər bir siyasi partiya dialoqa getməyə hazır olmalıdır. Doğrudur, konstruktiv fəaliyyətləri ilə sivil siyasət yürüdən müxalifət partiyaları qarşılıqlı dialoqun tam tərəfdarı olduqlarını bəyan edir və Azərbaycanda siyasi sistemin mədəniləşdirilməsi üçün bu dialoqun olmasını vacib sayır. Ancaq siyasi müstəvidə iqtidarla müxalifətin dialoqunun baş tutmamasının səbəblərindən biri özünü həddən artıq radikal hesab edən müxalifət partiyalarının hakim partiya ilə dialoqa getmək istəməməsidir. Demokratik cəmiyyətdə seçkilər və siyasi yarışlarla yanaşı, dialoq da olmalıdır. Eyni zamanda, dialoqu ancaq masa arxasında oturaraq hansısa məsələni müzakirə etmək kimi qəbul etmək olmaz. Bu, dialoqun bir ştrixidir. Dialoq öz-özlüyündə bir siyasi mədəniyyətdir, siyasi praktikadır. Bu gün parlamentdə ayrı-ayrı siyasi partiyaların nümayəndələri açıq şəkildə fikirlərini bildirirlər ki, bunun özü də bir dialoqdur.
Rəfiqə