Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ölümünün bir illiyi ilə əlaqədar olaraq diaspor mətbuatı "Vətən çağırır" qəzeti tərəfindən çap olunmuş "Gül güldürər, güllə öldürər" kitabının təqdimat mərasimi keçirildi. Qeyd edim ki, "Vətən çağırır" qəzetinin silsilə olaraq, çap etdirdiyi nəşrlər sırasında "Gül güldürər, güllə öldürər" kitabı sayca 19-uncudur.
İlk olaraq, tədbir iştirakçıları ikinci Fəxri Xiyabanda Milli Qəhrəmanın uyuduğu məzarı ziyarət edərək gül və əklil qoydular. Sonra maşın karvanı Biləsuvar rayonu Əliabad kəndinə üz tutdu. Tədbir iştirakçılarını Mübarizin valideynləri Ağakərim İbrahimov və Şamama xanım qarşıladı.
İlk olaraq, bir dəqiqəlik sükutla Mübariz İbrahimovun xatirəsi yad olundu. Tədbirdə çıxış edən Salyan rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hacı Beydulla kövrək notlarla Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş, qəhrəmanlıq zirvəsinə yüksəlmiş oğulların qarşısında baş əydiyini bildirdi. Bu oğulların hər birinin döyüş səhifəsinin bizim üçün Azərbaycan tarixi qədər qiymətli olduğunu bildirən Hacı Beydulla belə oğulların həyatının döyüş səhnələrini göz yaşları içərisində qələmə alan Gülsüm xanıma təşəkkür edərək olduqca ağır və qürurlu bir işi üzərinə götürdüyünü bildirdi. Sonra söz şəhid Rövşənin anası Sona xanıma verildi. Mübarizlə bərabər ikinci Fəxri Xiyabanda uyuyan Rövşənin və onun kimilərin qanını, intiqamını aldığını dilə gətirərək şəhid anası tək nə qədər ağır və qürurlu bir ömür yaşadığını diqqətə çatdırdı. Mübariz xalqın tarixində şərəfli iz saldı:"Mübariz ermənilərə dərs verdi, elə bir dərs ki, erməni xislətində olan qorxaqlığını, qanından axan xəyanətini, özgə torpağına sahib olmaq kimi inadkarlıq məğlubiyyətini dərk etdi. Bu dərs ona bir daha qorxaq, riyakar, türkün qarşısında hər zaman büdrəyən, özgələri hesabına torpaq iddiasında olan erməniyə bir daha ərənliyin, kişiliyin, vətən təəssübünü çəkməyin etalonunu göstərdi. Bununla yanaşı, Mübariz İbrahimov Azərbaycanda bir məktəb yaratdı. Bu məktəbdən dərs alan yeniyetmələr Mübariz kimi türkə məxsus qəhrəmanlığı öyrənərək, düşmən qarşısında məğrur və dəyanət göstərməyi öyrəndilər. Geriyə baxmadan vətən, - deyib düşməni öz ocağında məhv etmək dərsini aldılar".
Bu gün Azərbaycan oğlunun adını daşıyan "Mübariz" tankeri mavi sulara buraxılıb. "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Məsimov onun adını əbədiləşdirmək və dünya sularında tanıtmaq üçün gəmini suya buraxdırmışdır. Yəqin ki, bu neft tankerinin ekipajı sırasında milliyyətçə erməni olanlar da olacaq. O zaman bir daha erəmənilər öz kimliyini dərk edəcəklər.
Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası alim-yazıçı Rəfiqə Əsgərova bu hissləri yaşayan bir ana kimi təəssüratlarını iştirakçılarla bölüşdü. O, Mübarizin ata və anasına belə bir qəhrəman övlad böyütdüklərinə görə, minnətdarlığını bildirdi. Tədbirdə çıxış edən "Vətən çağırır" qəzetinin baş redaktoru Gülsüm Adilqızı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi bu nəşrin adını məhz onun cib dəftərindən götürüldüyünü bildirdi. Onunla bağlı bu kitabı yazarkən bir həftə bu ailənin qonağı olmuş və yalnız onun valideynləri və əzizlərinin dilindən söylənənləri qələmə almışdır. Gülsüm xanım qeyd etdi ki, bu nəşrə qədər 18 kitabını da məhz Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzərək, Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş oğulların döyüş və həyat yoluna həsr etmişdir.
Tədbirdə çıxış edən Ağakərim İbrahimov öz oğlunu vətənə qurban verdiyindən qürur hissi keçirdiyini vurğuladı:"Vətən torpaqları azad olarsa, onun ruhu şad olar və bir ata kimi rahatlıq taparam. Özü bu yolu seçdi. Madam ki, oğlum öz istəyinə nail olub, şəhidlik zirvəsinə yüksəlib, o zaman mən niyə darıxmalıyam?! Mənim oğlum öz arzusuna çatıb və mən də bir ata kimi oğlumun bu istəyindən qürur hissi keçirirəm." Bu evə saysız insanların gəldiyini vurğulayan Ağakərim İbrahimov oğlunun məhz bu qəhrəmanlığını onun arzusunun yerinə yetməsi kimi qiymətləndirdi. Çünki "Mən səni vətənə qurban vedim" ifadəsindən sonra Mübarizin daxilində böyük bir qürur və sevincin yaşandığını sezən ata belə bir mübarizliyi özündə təlqin edən oğulun yalnız vətən yolunda canını sipər etməsini daxili tələbatın ifadəsi kimi qələmə verdi. Mübariz ölümündən əvvəl yazdığı məktubunda qeyd edir:"... Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azı ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. ...Vətən sağ olsun." Demək bu qəhrəmanlıq tarixini o düşüncəsinin məntiqi olaraq reallaşdırmışdır.
Tədbirdə çıxış edən "Nərgiz-R" nəşriyyatının direktoru Hidayət Musabəyli Mübariz İbrahimovun Azərbaycan tarixindəki yerindən, eləcə də, belə bir oğulun nağıllaşan qəhrəmanlığından bəzi detallara diqqət yetirdi. Sonra Hidayət Musabəyli "Vətən çağırır" qəzeti tərəfindən Mübariz İbrahimovun fəaliyyətini ən yüksək şəkildə işıqlandıran publisist yazı müsabiqəsinin qaliblərinə diplom təqdim etdi.
Tədbirdə çıxış edən Salyan rayon "Lokomotiv" deposunun rəisi Həsən Zülfüqarov, "Azərbaycan Ordusu" qəzetinin müxbiri Əbülfət Qasımov, yazıçı-publisist Elxan Xəzər, şair-tərcüməçi Giya Paçxataşvili və başqaları çıxış edərək, onun qəhrəmanlığının əfsanələşən məqamlarına nəzər salıb, keçdiyi qısa, lakin əsrlərlə xatırlanacaq döyüş şücaətini qeyd etdilər.
Təqdimat mərasiminin sonunda Ağakərim İbrahimov bu diqqətə görə, bütün iştirakçılara minnətdarlığını bildirdi. Sonra tədbir iştirakçıları vaxtilə Mübariz İbrahimovun yaşadığı evdə, bu gün isə muzeyə çevrilən Mübarizin ev-muzeyində oldular. Burada Mübariz İbrahimovun fotoşəkilləri, onunla bağlı yazılmış kitablar, ölümündən sonra verilmiş mükaftalar, eləcə də, tanınmış simaların onun haqqında yazdıqları ürək sözləri öz əksini tapmışdır.
NƏZAKƏT |ƏLƏDDİNQIZI