Dünən Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə DİA-nın rektor əvəzi, professor Əlikram Abdullayev çıxış edərək, 1 milyondan çox qaçqını və köçkünü olan Azərbaycan dövlətinin ümumbəşəri dəyərlərə həmişə sadiq qaldığını bildirdi. Qeyd etdi ki, BMT-nin qaçqınlar üzrə ali komissarlığının 60-cı ildönümü münasibətilə keçirilən bu tədbir xüsusi əhəmiyyətə malikdir. Ə.Abdullayev qaçqınların qlobal müdafiəsini gücləndirmək məqsədilə dünya birliyinin zəruri addımlar atmaq niyyətini ortaya qoymasının əsas şərt olduğunu qeyd etdi.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da çıxışında hər il bu günün Azərbaycanda da Beynəlxalq Qaçqınlar Günü kimi qeyd edildiyini bildirdi. Ə.Həsənov bu gün dünyada 49 milyondan artıq insanın öz yaşayış yerini itirdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın məcburi şəkildə cəlb edildiyi münaqişə nəticəsində və Ermənistanın işğalçılıq, talançılıq siyasətinin yekununda 1 milyondan artıq soydaşımızın 20 ilə yaxındır ki, öz yurd-yuvasında qaçqın və məcburi köçkün şəraitində yaşayır. Komitə sədri dünya ictimaiyyətinin Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan vətəndaşlarının qaçqın və məcburi köçkün şəraitində yaşamasına öz mövqeyini bildirməsinin də vacibliyini söylədi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların, atılan addımların bu günə qədər nəticəsiz qaldığını bildirən Ə.Həsənov gec-tez bu ədalətsizliyə son qoyulacağına da əminliyi ifadə etdi.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Con Makkissik də çıxışında dünya dövlətlərinin bir çoxunda hələ də insanların qaçqın və məcburi köçkün şəraitində yaşadığını bildirdi. Qeyd etdi ki, insanların öz yurd-yuvasından ayrı düşməsi dözülməz və çətin şəraitdə yaşaması, çox təəssüflər olsun ki, müasir dövrümüzdə də rast gəlinən hallardandır. Lakin bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin nüfuzlu təşkilatların bu məsələ ilə bağlı konkret fikirdə olduğunu bildirən BMT nümayəndəsi azərbaycanlı qaçqın və köçkünlərin də münaqişənin tənzimlənməsi şəraitində öz yurd-yuvalarına qayıdacağına ümid bəslədiyini söylədi.
Tədbirin digər çıxışçıları da, təcavüzkar Ermənistanın işğalçılıq və riyakar siyasəti nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşının öz yurd-yuvasından qovulduğunu qaçqın və məcburi köçkünə çevrildiyini vurğuladılar.
Tapdıq Qurbanlı