PDF Oxu

Əsas

  • 27

Azərbaycanın yeni iqtisadi sistemə transformasiyasında neft faktoru

Azərbaycanın yeni iqtisadi sistemə transformasiyasında neft faktoru

(II hissə)


Yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb. Avropa İttifaqı Xəzər regionu ölkələrinin enerji resurslarının Avropa istiqamətinə cəlb olunması üçün öz səylərini daha da artırmaqdadır. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti həyata keçirərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində başlıca rol oynamaqdadır.

Son illər dünyada baş verən siyasi-iqtisadi proseslər bir çox enerji tədarükçülərinin öz tərəfdaşlarına qarşı ədalətsiz siyasət yürütdüyünü göstərir. Xüsusilə də Rusiyanın son illər ədalətsiz qiymət siyasəti və enerji amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etməsinə çox təsadüf olunub. Buna görə də, Avropa dövlətləri gələcək talelərinin Xəzər regionundan, əsasən də Azərbaycandan asılı olmasını qəti şəkildə müəyyənləşdiriblər. Ölkəmiz Avropaya neft ixrac edən potensial və etibarlı ixracatçı imicini qazanıb.

Azərbaycan enerji siyasətini həyata keçirərkən neft və qaz amilindən heç vaxt siyasi məqsədlər üçün istifadə etməyib və tərəfdaşları ilə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar. Azərbaycan Gürcüstan, Türkiyə və Yunanıstanı qazla təmin edərkən həmin ölkələrə qarşı humanizm nümayiş etdirərək yanacağın dəyərinin digər tədarükçülərlə nisbətdə güzəştli qiymətlərlə ödənilməsinə də razılıq verib. Gürcüstan 2005-ci ildə Rusiyanın qaz təchizatını dayandırdığı vaxt qışda donmaq təhlükəsi ilə üzləşmişdi. Bu vəziyyətdə Azərbaycan qonşu ölkəyə yardım əlini uzadaraq dözülməz vəziyyətdən çıxarmağa qərar verdi.

Bu kimi faktorlar respublikamızın dünya enerji tədarükçüləri arasında nüfuzunu və mövqeyini möhkənləndirmiş olur. Enerji istehlakçılarının rəsmi Bakıya etibarlı tərəfdaş kimi rəğbəti yüksəldi, onlar Azərbaycanın sülh və sabitliyə, qarşılıqlı hörmətə, dərin əməkdaşlığa xidmət edən siyasətini yüksək dəyərləndirərək sıx münasibətlər qurmağa çalışır. Bu gün respublikamıza Şərqi və Qərbi Avropanın demək olar ki, bütün ölkələrinin hökumət başçılarının ardıcıl xarakter alan səfərlərinin də bir məzmunu var: Azərbaycan regionda ən etibarlı tərəfdaşdır və rəsmi Bakı ilə enerji sahəsində möhkəm təməllərə söykənən əməkdaşlıq sazişlərinin imzalanması gələcək təhlükəsizliyə etibarlı təminat yaratmaq deməkdir. Estoniyanın dövlət başçısının ölkəmizə səfəri zamanı müzakirə olunan başlıca elementlər də qeyd olunanları möhkəmləndirmiş olur.

Azərbaycana olan etibar bu gün Avropanın fəaliyyət planının bir nömrəli məsələsidir. Prezident İlham Əliyev dünyada enerji təhlükəsizliyinin ciddi problemə çevrildiyi indiki vaxtda ölkəmizin Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdiyini vurğulayaraq tərəfdaşları ilə ədalətli əməkdaşlığa önəm verildiyini bəyan edib: "Azərbaycan enerji daşıyıcılarının nəqli və qiymət məsələsində istər hasilatçı, istər istehlakçı, istərsə də tranzit ölkələrin maraqlarının ədalətli şəkildə uzlaşdırılmasının tərəfdarıdır. Biz etibarlı təchizatçıyıq. Azərbaycandan neft və qaz dünyanın müxtəlif yerlərinə ixrac edilir. Bütün ixrac əməliyyatlarımızda heç vaxt elə bir hal olmayıb ki, təchizatımız dayansın və ya istehlakçılar müəyyən problemlərlə üzləşsinlər. Enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməlidir. O, millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir. Biz enerjinin nəql olunması sistemini şaxələndirmişik. Əminəm ki, gələcəkdə Azərbaycan ilə Avropa istehlakçıları arasında münasibətlər uğurla inkişaf edəcəkdir". Hazırda Azərbaycanda neft hasilatı 50 milyon tonu ötüb və bu, çox böyük göstərici sayıla bilər. İllik qaz hasilatı isə 25 milyard kubmetrdən artıqdır.

Hazırda Azərbaycanın karbohidrogen ehtiyatlarının ümumi həcmi 10 milyard tondan çoxdur. 2025-ci ilədək dünyada yanacaq məhsullarına olan tələbatın kəskin şəkildə artması və Xəzər regionundan hasil olunan ehtiyatların həcminin çoxalması bölgədə əlavə magistral kəmərlərin tikintisini zəruri edəcək. Xəzər regionunda neft hasilatı 2015 və 2025-ci illərədək müvafiq olaraq 100 və 150 min ton artacaq. Buna görə də, bu həcmlərin təmini üçün yeni boru kəmərlərinin çəkilməsi, Qazaxıstan, Azərbaycan və Gürcüstanın liman imkanlarının genişləndirilməsi, Azərbaycan və Gürcüstan arasında dəmiryol nəqliyyatının yaxşılaşdırılması, terminallarda anbar qurğularının genişləndirilməsi, Odessa-Brodı-Plosk-Qdansk neft kəmərlərinin çəkilməsi vacibdir. Yeni enerji dəhlizlərinin yaradılması isə Azərbaycanın həm ixrac coğrafiyasını genişləndirəcək, həm də 50-ə yaxın ölkəyə neft-qaz məhsulları nəql etməsinə imkan verəcək.


"Yeni Azərbaycan"ın Analitik Qrupu

Digər xəbərlər