Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) "Park İNN-Azərbaycan" mehmanxanasında www.ushaqlar.az saytının, valideyn və mütəxəssislər üçün "Uşaq inkişafı üzrə tövsiyələr" kitabının təqdimatını keçirib. Tədbirdə "Uşaq hüquqları və media" müsabiqəsinə də başlanılıb.
Sayt "Ana səhifə", "Xəbərlər", "Ailə və uşaq" , "Qanunvericilik", "Statistika", "Faydalı məlumatlar", "İstedadlı uşaqlar", "Fotoqalereya" və "Tədqiqatlar" bölmələrindən ibarətdir. Saytda Heydər Əliyev və uşaq siyasətini əks etdirən bölmə, "Faydalı linklər" və ölkəmizdə mövcud uşaq müəssisələrinin ünvanlarını tapmaq üçün axtarış sistemi də vardır. Hər bir bölmədə müvafiq olaraq uşaqlarla bağlı qanunvericilik bazası, Azərbaycan uşaqları haqqında statistik göstəricilər, valideyn və uşaqların məlumatlandırılması və maarifləndirilməsi üçün nəzərdə tutulmuş materiallar yerləşdirilib.
Dövlət strukturlarının uşaq problemlərinin həllinə böyük diqqət göstərdiyini deyən komitə sədri Hicran Hüseynova dövlətimizin başçısının Sərəncamı ilə 2009-cu ilin ölkədə "Uşaq ili" elan edildiyini xatırladaraq bildirib ki, "Uşaq ili"nin yekunları ilə bağlı ölkəmizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm vəzifələrdən biri uşaqlar üçün internet resurslarının genişləndirilməsi, müvafiq internet portalının yaradılması olub. Bu gün təqdim etdiyimiz sayt böyük və davamlı iş, geniş səylər nəticəsində yaranıb.
"Uşaq inkişafı üzrə tövsiyələr" kitabı barədə danışan H.Hüseynova qeyd etmişdir ki, üç hissədən ibarət vəsaitin hazırlanmasından məqsəd uşaqlarla işləyən hər bir şəxsin onların inkişaf mərhələləri və normal inkişaf göstəriciləri haqqında maarifləndirilməsinə kömək göstərməkdir.
Milli Məclisin deputatı Gülçöhrə Məmmədova AQUPDK tərəfindən uşaqların müdafiəsinin, onların hüquqlarının təmin edilməsi sahəsində görülən işləri, həyata keçirilən layihələri yüksək qiymətləndirib. Uşaqlarla bağlı bu təqdimatları komitənin fəaliyyətinin növbəti bir uğuru adlandırıb. Bildirib ki, uşaqların hüquq və mənafelərinin səmərəli təminatına nail olmaq üçün uşağın inkişaf mərhələləri və bu mərhələlərin hər birinə xas olan ehtiyaclar haqqında məlumatlı olmaq vacib şərtdir.
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva www.ushaqlar.az saytının, "Uşaq inkişafı üzrə tövsiyələr" kitabının təqdimatını mühüm hadisə kimi qiymətləndirib. Uşaq hüquqlarının qorunması cəmiyyət qarşısında duran ən vacib vəzifələrdən biridir. S.Vəliyeva ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətini prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb: "Uşaqların öz hüquqlarını bilməsi yüksək əhəmiyyətə malik bir məsələdir. Uşaq hüquqlarının öyrədilməsi onların cəmiyyətə rəğbətini artıracaqdır. Uşaq yaşadığı cəmiyyətə məhəbbət və rəğbət prinsipləri əsasında formalaşmalıdır. Yeniyetməlik dövründə uşaqlar daha çox mübariz olur, daha çox öyrənmək istəyirlər. Bu dövrdə uşaqlar şəxsiyyət kimi formalaşır, onlarda dövlətçilik təfəkkürünün ilkin rüşeymləri yaranır və cəmiyyətdə gedən prosesləri dərk edirlər".
Tədbirdə ölkəmizdə uşaqların inkişafına yönəlmiş bir sıra layihələrin əhəmiyyəti qeyd edilib, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq məsələlərinin həllində rolu xüsusi qeyd edilib.