1991-ci ildə SSRİ-yə daxil olan bir neçə sovet respublikasında, eyni zamanda, Azərbaycanda xalqın müstəqilliyə qovuşmaq uğrundakı mübarizəsi qarşısıalınmaz həddə çatdı. Həmin ilin 30 avqust tarixində baş tutan Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi haqqında bəyannamə qəbul edildi. Bundan iki ay sonra - oktyabr ayının 18-də isə Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi.
Ulu Öndərin cəsarətlə başladığı qətiyyətli yol
Buna qədər isə Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə Naxçıvandan başlanan milli dirçəliş prosesi Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atılmağa başlanmışdı. Azərbaycan Ali Soveti məhz dahi öndər Heydər Əliyevin cəsarətlə, inamla təməlini qoyduğu müstəqillik mübarizəsinə 1991-ci ildə hüquqi müstəvidə münasibət bildirərək, müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi.
Fəqət, dövlət müstəqilliyimizin ilk illərində, hətta aylarında və günlərində hakimiyyətdə olan naşı və digər dövlətlərdən asılı olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl etməkdə acizlik göstərdilər. Həmin vaxtlar iqtidarda olan siyasi dairələrin siyasi bacarıqsızlığı və səriştəsizliyi xalqın qanı-canı bahasına əldə olunmuş müstəqilliyin məhv olmasına gətirib çıxaracaqdı.
Məhz belə bir ağır zamanda, Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, daxili və xarici təhdidlərdən xilas etdi. 1993-cü ilin iyununda dövlətin idarəçilik sükanı arxasına keçən Heydər Əliyev fenomeni xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, əyilməz qamət, dönməz qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Və əbəs yerə deyilmir ki, əgər həmin ağır, məşum günlərdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, Azərbaycanı daha hansı faciələr, qanlar-qadalar gözləyirdi!?
Dahi Öndər Heydər Əliyev öz uzaqgörənliyi ilə, ölkəmizi gözləyən bütün təhlükələri dəf etməklə birgə, Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməlini qoydu. Yalnız bundan sonra, "1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır" - deyən Ulu Öndərin qiymətləndirdiyi Konstitusiya Aktının prinsipləri gerçək həyata vəsiqə qazanmağa başladı. Ölkə səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik keçid yoluna qədəm qoydu. Məhz Heydər Əliyev Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun reallaşmasına nail oldu.
Ümummilli Lider Heydər Əliyevin başlatdığı islahatlar bütün sahələri dünya standartlarına uyğunlaşdırdı
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiya ilə Azərbaycan hüquqi, dünyəvi və demokratik dövlət olduğunu və bu prinsiplərlə inkişaf yolunu tutduğunu bütün dünyaya bəyan etdi. Onu da xatırladaq ki, Müstəqillik Aktında Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın öz əksini tapmasına baxmayaraq, Mütəllibov və AXCP-Müsavat bununla bağlı heç bir iş görməmişdilər.
Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir
Bu il Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasının iyirminci ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamına əsasən respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü dövlət səviyyəsində ediləcək. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir".
Bəli, ötən 20 ildə Azərbaycan müstəqil dövlət kimi çox təhlükələrlə üzləşdi. Hətta ilk vaxtlar azadlığını itirmək təhlükəsi qarşısında qaldı. Lakin yuxarıda qeyd etdiyimiz kimi, xalqın istək və arzusu ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin məhvinin qarşısını aldı. 1993-cü ilin yayından başlanan uğurlu siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarında öz yerini təmin etdi. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Sərəncamda müstəqilliyimizlə bağlı fikirlər də hər birimizdə dərin qürur və fərəh hissi doğurur. "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsil mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir". Sərəncamda ötən 20 il ərzində ölkəmizdə gedən quruculuq proseslərinə də hərtərəfli nəzər salınıb. Azərbaycan dövlətinin qazandığı bütün uğurlar isə, qeyd etdiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanması sayəsində mümkün olub. Heydər Əliyev siyasətini layiqincə davam etdirilməsi Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.
RÖVŞƏN RƏSULOV