Azərbaycanda "Dövlət qulluğu haqqında" Qanunun şamil edildiyi dövlət qulluqçularının ümumi sayı 30 min nəfərdir. Hazırda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ölkədə dövlət qulluqçularının reyestrini aparır. Bu reyestrə 12 min dövlət qulluqçusu haqqında məlumat daxildir. Bu sözləri jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirmişdir. Komissiya sədri vurğulamışdır ki, reyestrə daxil edilən dövlət qulluqçularının 300 nəfərinin yaşı 65 və ondan yuxarıdır. 65 yaşa çatan işçilər barəsində iki qərardan birinin qəbul ediləcəyini deyən B.Xəlilov onların ya təqaüdə göndəriləcəyini, ya da çalışdıqları dövlət orqanının rəhbərinin razılığı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanacağını qeyd etmişdir.
Azərbaycanda həkimlərin və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid ediləcəyini bildirən komissiya sədri hazırda bununla bağlı işlər aparıldığını və normativ hüququ baza hazırlandığını vurğulayaraq demişdir: "Onların "Dövlət qulluğu haqqında" Qanunla müəyyən edilmiş statusları olmayacaqdır. Ancaq hüquq mühafizə orqanlarının əməkdaşları kimi, dövlət qulluğunun bir növü olaraq xüsusi statusları olacaqdır". B.Xəlilov dövlət qulluğunun xüsusi növü şamil edildikdən sonra həkimlərin və müəllimlərin işə qəbulunun komissiya tərəfindən həyata keçirilib-keçirilməyəcəyi məsələsinin isə hələ müəyyənləşmədiyini bildirmişdir.