PDF Oxu

Əsas

  • 15

Ümid qapısı, mərhəmət ünvanı

Ümid qapısı, mərhəmət ünvanı

Azərbaycan reallıqlarının dünyada tanıdılması, eləcə də, milli-mənəvi dəyərlərimizin yüksək səviyyədə təqdim edilməsi Heydər Əliyev Fondunun əsas missiyası olaraq həyata keçirilir. Fond, fəaliyyətə başladığı 7 illik dövr ərzində Azərbaycanın səhiyyə, mədəniyyət, təhsil və bu kimi sosial problemlərin həlli istiqamətində məqsədyönlü addımlar atmış, qısa zaman kəsiyində geniş miqyasda layihələrin həyata keçirilməsinə nail olmuşdur.


Bu gün Azərbaycanın dünya standartları səviyyəsində qurulmasında fondun rolunu qeyd etməliyik. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanaraq davam etdirdiyi yolda Azərbaycan tarixi üçün əhəmiyyət kəsb edən böyük işlərin, layihələrin reallaşmasına nail olmuş və bunun müqabilində milyonlarla insanların məhəbbətini qazanmışdır. Belə bir missiyanı üzərinə götürən və yorulmadan çalışan Mehriban xanımın fəaliyyət dairəsi daim diqqətdədir və hər bir azərbaycanlı bu görülən işlərdən qürur duyur, xalqın bir nümunəvi xanımı kimi xarakterizə olunur. Belə bir ömrü yaşayan Mehriban xanım Əliyeva haqqında son dövrdə Azərbaycan, eləcə də, xarici mətbuatda məqalələr dərc olunur, kitablar nəşr olunur. Mehriban xanımın fəaliyyət dairəsini faktlar əsasında ortaya qoyan nümunələrdən biri də "Ümid qapısı, mərhəmət ünvanı" kitabıdır. Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Budaqovanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevaya həsr etdiyi bu kitabda Mehriban xanım Əliyevanın həm Heydər Əliyev Fondunun rəhbəri, həm millət vəkili kimi mədəniyyət, incəsənət, təhsil, maarifçilik, eləcə də cəmiyyətimizin digər sahələrində gördüyü işlər, siyasi fəaliyyəti, həm də bir qadın və bir ana kimi həyata keçirdiyi xeyriyyəçilik əməlləri, qayğıkeşlik nümunələri öz əksini tapmışdır. Kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramovdur.

Kitabın ilk səhifələrində redaktor tərəfindən qələmə alınmış yazıda Azərbaycanın müstəqillik qazandığı ilk illərdə baş verən ictimai-siyasi hadisələr diqqətə çatdırılır. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunduğu zamanda Azərbaycanın həyatında böyük dönüşün yaranması qeyd olunur. Onun rəhbərliyə gəldiyi dövr Azərbaycan xalqının müstəqillik qazandığı dövr qədər həlledici xarakterə malik bir dönəm kimi səciyyələndirilir. Qeyd edilir ki, bu, elə bir dövr idi ki, cəmiyyətdə sovet imperiyasının uzun illər irəli sürdüyü ideologiya imtina meyilləri ilə müşahidə olunub. Azərbaycanın perspektivi müəyyənləşdirilib, gələcək üçün böyük imkanlar yaradılıb. Azərbaycançılıq ideyaları ilə dövlətin maraqlarına xidmət göstərən Heydər Əliyev müstəqilliyin təməlini məhz həmin zamanlardan qoymağa başlamışdır. Bu ideoloji xətt dövlətin müstəqillik illərində davam etdirilib və Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə böhran və xaos şəraitində yaşayan Azərbaycan bu bəlalardan xilas olub. Müstəqilliyin təməlləri möhkəmlənib və dünyaya açılan qapı respublikanın dünya məkanında tanınması, eləcə də, xarici iş adamlarının buraya cəlb olunması ilə nəticələnib. Azərbaycanda qısa zamanda başlanan dövlət quruculuğu işləri töhfələrini verdi. Suveren dövlət olaraq Azərbaycanın imici formalaşdı. Belə bir gücə, əqidəyə, məsləkə malik olan Ümummilli Liderin əməllərinin davam etdirilməsi, Onun zəngin irsinin öyrənilməsi, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb. Heydər Əliyev ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirilir. Kitabda müəllif tərəfindən bu məqamlar geniş şəkildə işıqlandırılır. Kitabın yazılmasında qarşıya qoyulan əsas məqsəd də, bu gün Azərbaycan cəmiyyətində formalaşan Mehriban xanım Əliyeva fenomeninin öyrənilməsi, Heydər Əliyev Fondunun fəaliyyətinin tarixilik və müasirlik kontekstində təhlilindən, bu sahədə irsi və varislik ənənələrinin araşdırılmasından ibarətdir.

Kitaba daxil olan "Qadın haqqı" başlıqlı yazıda müəllif tarixə istinad edərək, əsrlərlə cərəyan edən formalaşma prosesində qadın gücünü, qadın əməyini və rəşadətini təqdim edən Azərbaycan qadınlarının keçdiyi yolu diqqətə çatdırıb və tarixən dünyaya səs salan Azərbaycan qadınlarının varlıq olaraq bir simvola çevrilən obrazını təqdim edir. Belə ki, Tomris, Nüşabə, Heyran Nisə Bəyim, Sara xatun, Xurşud Banu Natəvan, Qönçəbəyim, Ağabəyim Ağa Ağabacı və başqaları Azərbaycan tarixində əmək və fəaliyyətləri ilə yer almış simalardır. Bu gün Azərbaycan qadınının əzəmətini bütün dünyada tanıdan Mehriban xanım Əliyeva öz əməli və fəaliyyəti ilə xeyriyyəçilik və humanist layihələrinə imza atır. Azərbaycan cəmiyyətinin yaratdığı hüquqi normalardan yararlanan və bu prinsiplər əsasında dünyaya qapı açan Mehriban xanım Əliyeva ictimai-siyasi, mədəni, sosial proseslərdə fədakarlıq nümunəsini göstərir. Sözsüz ki, Onun bu inadkarlığı və prinsipial qətiyyəti tərbiyə aldığı ocaq və ailə ilə bağlıdır. Sevinc xanım "Günəşi qoruyan" yazısında Şərq dünyasının qadın fəallarının ən parlaq simalarından olan dünya şöhrətli oftalmoloq akademik Zərifə xanım Əliyevanın yüksək vətəndaşlıq qüruru ilə bütün zəkasını, potensialını xalqına xidmətə sərf etdiyini qələmə alır. Onun novator bir alim olaraq səhiyyə sahəsində tarixə düşməsi, məhz öz xalqının işığa, nura qərq olmasına şamil olunur. Zərifə xanım Azərbaycanda yüksək həkimlik etikasının təmsilçisi kimi tanınır.

Azərbaycanın birinci xanımı ənənələrinin formalaşması, məhz onun doğulub boya-başa çatdığı ocaqdan gələn bir təməldir. "Birinci xanım" bölməsində Mehriban xanımın fəaliyyətə başladığı və fondun yaradılması ilə bağlı faktlar diqqətə çatdırılır. Xeyir əməllər sahibi kimi 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondu Mehriban xanımın Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiya olunması, yeni beynəlxalq əlaqələrin yaradılması baxımından həyata keçirdiyi ideyaları özündə cəmləşdirir. Maarifçilik ideyaları ilə çıxış edən daha geniş bir aspektdə humanizm prinsiplərini gerçəkləşdirməyə çalışan Mehriban xanım Əliyeva Azərbaycanda mövcud olan sosial məsələlərin həlli yönümündə öz bacarıq və iradəsini ortaya qoyaraq, daha geniş şəkildə fəaliyyət göstərdi. Heydər Əliyev ideologiyasını davam etdirmək və prinsipləri gerçəkləşdirmək üçün Heydər Əliyev Fondunun yaradılması onun çoxsaylı layihələrinə imza atdı. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Təhsil sistemində baş verən dönüş məhz Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu addım fondun başlıca vəzifəsi olaraq davam etdirilir. Fond öz vəsaiti hesabına məktəblərin bir hissəsini tikdirərək, onları lazımi avadanlıqla təmin edir. Heydər Əliyev Fondunun təhsilə göstərdiyi bu diqqət Azərbaycanın gələcək inkişafına yönəlib.

Fondun səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri də öz nəticəsini vermiş bu gün tibbi müəssisələr dünya standartlarına uyğun inkişaf etmiş ölkələrdən gətirilmiş müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, fondun həyata keçirdiyi sosial yönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır. "Şəfa ocağı" bölməsində müəllif bu sahədə görülən işlərə xüsusi diqqət ayırır.

"İnformasiyalı cəmiyyətə doğru", "Yuxuların çin olduğu yerdə" bölmələrində uşaq evləri və internat məktəblərinin inkişafı proqramı çərçivəsində Bakıda və Abşeronda yerləşən uşaq evi və internat məktəblərinə Mehriban xanımın qayğısından, müasir informasiya texnologiyalarının inkişafı və ölkəmizdə informasiya cəmiyyətinin qərarlaşması istiqamətində atdığı addımlar da diqqətə çəkilir.

S.Budaqova "Oxu tar" bölməsində isə qloballaşma prosesində Azərbaycan mədəniyyətinə xüsusi diqqət ayrılaraq, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə nəzər salır. Qeyd edək ki, dünyanın hər yerində də bu reallıqları ardıcıl olaraq nüfuzlu qəzetlərdə dərc edirlər. Bu günlərdə Almatıdakı "Türkel" internet qəzetində Onun çoxşaxəli fəaliyyətindən bəhs edən "Rol Mexriban Alievoy v kulturno-obrazovatelnoy jizni Azerbaydjana" sərlövhəli məqalədə yazılır ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın birinci xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq Muğam Festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də, D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Musiqi Festivalı, aşıqların beynəlxalq festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Məqalədə göstərilir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.

Beynəlxalq bir səviyyədə milli-mənəvi dəyərlərimizin təbliğinə böyük dəstək verən Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, İçərişəhər YUNESKO-nun şah əsərləri sırasına daxil edilmişdir. Bütün bu nailiyyətlər Mehriban xanımın yorulmadan həyata keçirdiyi layihələr əsasında öz əksini tapır.

NƏZAKƏT

Digər xəbərlər