Dünən Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi öz işinə başlayıb. Beynəlxalq tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutudur.
Konqresdə 20-dən çox ölkədən, o cümlədən, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan riyaziyyatçı alimlər iştirak edir. Onu da qeyd edək ki, konqresin saytında 700 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib və onlardan 500 nəfərinin çıxışı tezis vasitəsi ilə göndərilib.
Beynəlxalq konqresə xarici ölkələrdən qatılan 300-dək iştirakçılar arasında Qazaxıstan Respublikasının elm və təhsil naziri Cumaqulov, Qazaxıstan Respublikası Milli Məclisinin deputatı professor Bisenov, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Jurinov, İspaniya Krallığının Riyaziyyat cəmiyyətinin nümayəndəsi Pedro A. Guil və başqaları var.
Məlumat üçün bildirilmişdir ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) (Turkic World Mathematical Society (TWMS)) əsası 1999-cu ildə Türkiyənin Elazığ şəhərində qoyulmuş beynəlxalq təşkilatdır. Cəmiyyət öz sıralarında türkdilli ölkələr olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən olan riyaziyyatçı alimləri də birləşdirir. Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türk soylu alimlərin dünya miqyasında tanıdılmasına dəstək verməkdir. 1999-cu ildən etibarən bu cəmiyyətin üç konqresi keçirilib. Birinci konqres - Fırat Universitetində (Elaziğ, Türkiyə), 1999-cu ildə, ikinci konqres Sakarya Universitetində (Adapazarı, Türkiyə), 2007-ci ildə, üçüncü konqres - Əl-Farabi adına Qazax Milli Universitetində, (Almatı, Qazaxıstan), 2009-cu ildə keçirilmişdir.
RÖVŞƏN RƏSULOV